Qırğızıstanla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyevlə görüşüb.

Sahib Məmmədov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 4-cü iclasının Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya iqtisadi-ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır. Bununla yanaşı, həyata keçirilən səfərlər, iki ölkə arasında müxtəlif biznes forum və işgüzar görüşlər tərəfdaşlığın gücləndirilməsi baxımından faydalıdır. Ölkələrimiz hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq edir ki, bu da əlaqələrin inkişafında önəm kəsb edir.

Görüşdə Qırğızıstanla nəqliyyat–tranzit, kənd təsərrüfatı, investisiya, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib, Qırğızıstan şirkətləri Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində  maraqlı olduğunu vurğulayıb, birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirə aparıblar.