Rusiyada Azərbaycan şərablarının təqdimatı keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan istehsalı olan “Meysəri” şərablarının təqdimatı keçirilib.

Bildirilib ki, “Meysəri” şərabları Azərbaycan şərabçılığının tarixi mərkəzlərindən olan Şamaxı rayonunda istehsal olunur. Coğrafi yerləşməsi, iqlimi və münbit torpağı bu rayonda keyfiyyətli şərabların istehsalına şərait yaradır. “Meysəri” şərablarının istehsalında heç bir kimyəvi əlavələrdən, pestisidlərdən və insektisidlərdən istifadə edilmir. Bu şərabların istehsalçısı olan “Shirvan Wines” şirkəti Avropanın "EcoCert" şərab sertifikatı ilə sertifikatlaşdırılıb.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Federasiyası Prezidentinin sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Boris Titov, “Food City” Ticarət Mərkəzinin, Rusiya ictimaiyyətinin nümayəndələri, sommelye və şərab idxalçılarının iştirak etdiyi tədbirdə Azərbaycanda şərabçılığın tarixi və inkişaf potensialı barədə məlumat verilib.

Sonra “Meysəri” şərablarının dequstasiyası keçirilib.