Ümumdünya Ticarət Təşkilatı və Azərbaycan

 

Ümumdünya Ticarət Təşkilatı

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılmışdır. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Hazırda ÜTT-nin 164 üzvü vardır. Bundan başqa, 22 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.

 

Azərbaycan və ÜTT, çoxtərəfli və ikitərəfli danışıqlar

Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilmiş və 16 iyul 1997-ci ildə Azərbaycan üzrə ÜTT katibliyində İşçi Qrup yaradılmışdır. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrup çərçivəsində aparılır. İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl olaraq keçirilir. 2008-ci ildə ilk dəfə olaraq bir il ərzində İşçi Qrupunun 2 iclası keçirilib. Belə ki, 2008-ci ilin 6 may və 11 dekabr tarixlərində Cenevrədə İşçi Qrupunun 5-ci və 6-cı iclasları təşkil olunub, Azərbaycan üzrə ilk ümumiləşdirici sənədin - Faktlar İcmalının - hazırlanmasına dair qərar qəbul edilib. Sənəd ÜTT Katibliyi tərəfindən hazırlanaraq Azərbaycan tərəfinə təqdim olunub. Sənədə dair aidiyyəti qurumlar tərəfindən rəy və təkliflər bildirilib. Sənədin növbəti variantı Danışıqlar Qrupunun üzvlərinə rəy bildirilməsi üçün paylanılıb və İşçi Qrupun 10-cu iclasında yenidən müzakirə edilib. 2012-ci ildə Cenevrədə İşçi Qrupun 2 iclası keçirilib: 24 fevral tarixində 9-cu iclas və 7 dekabr tarixində 10-cu iclas. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı sonuncu, 14-cü iclas 28 iyul 2017-ci il tarixdə Cenevrə şəhərində keçirilmişdir.

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı ÜTT Katibliyində yaradılmış İşçi Qrupun Sədri vəzifəsinə yeni təyin olunmuş Alparslan Acarsoy 26-28 aprel tarixlərində Bakıda səfərdə olmuş, aidiyyəti dövlət və akademik qurumlarının rəhbərləri ilə keçirilmiş görüşlərdə iştirak etmişdir. Həmçinin, 6 iyul 2023-cü il tarixlərində İşçi Qrupun növbəti – 15-ci iclasının keçirilməsi məqsədilə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik aidiyyəti dövlət qurumlarının nümayəndələrinin ibarət Azərbaycan nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olmuşdur. İclas zamanı işçi qrupun hesabat layihəsi müzakirə edilmiş və bir sıra ÜTT üzvlərinin sualları cavablandırılmışdır. Səfər çərçivəsində Mikayıl Cabbarovun ÜTT-nin baş direktoru xanım Nqozi Okoyo-İveala görüşü olmuşdur. Əlavə olaraq, cari ilin 3-7 iyul tarixlərində Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ÜTT-yə üzvlük prosesi çərçivəsində Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiya Federasiyası, İsveçrə, Tailand, Braziliya, Yaponiya ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar keçirilmiş və CAİRNS Qrupu (kənd təsərrüfatı məhsullarının ixracatçısı olan ölkələr) üzvləri ilə çoxtərəfli müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası ÜTT-yə üzv olma prosesində həm də ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışa dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür.

İkitərəfli danışıqlar nəticəsində ilk protokol 2007-ci ildə Türkiyə ilə, növbəti protokollar isə 2008-ci ildə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə, 2010-cu ildə Gürcüstanla, 2012-ci ildə isə Qırğız Respublikası ilə imzalanib. Bu protokollarda Azərbaycanın maraqları tam təmin edilib.

12-16 dekabr 2022-ci il tarixlərində Cenevrədə mallar üzrə Honduras, Şri-Lanka və Tailand, xidmətlər üzrə isə Səudiyyə Ərəbistanı və Yaponiya ilə ikitərəfli danışıqlar keçirilmiş, həmçinin BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) ekspertləri ilə ticarətlə bağlı müxtəlif sahələr üzrə məsləhətləşmələr aparılmışdır.

Həmçinin, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində üzv dövlətlərlə mallar və xidmətlər üzrə danışıqların, həmçinin ÜTT Katibliyinin ekspertləri ilə bir sıra mövzular üzrə texniki məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti 18-22 dekabr 2023-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olmuş, Səudiyyə Ərəbistanı ilə xidmətlər, Şri-Lanka ilə mallar, Rusiya Federasiyası ilə mallar və xidmətlər üzrə danışıqlar keçirilmiş, ÜTT Katibliyinin ekspertləri ilə İnvestisiya fəaliyyətinin asanlaşdırılması Sazişi, Balıqçılıq subsidiyaları Sazişi, Xidmətlərin daxili tənzimlənməsi üzrə Birgə Təşəbbüs, Dövlət Ticarət Müəssisələrinin notifikasiyası üzrə müzakirələr aparılmışdır.

Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması

Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər Planı"nda 39 normativ-hüquqi sənədin ÜTT tələblərinə uyğunlaşdırılması nəzərdə tutulub. Bu istiqamətdə "Bitki karantini haqqında" və "Bitki mühafizəsi haqqında" qanunlar qüvvədən düşüb və 18 normativ-hüquqi sənəd qəbul edilib. 10 sənədin isə layihəsi hazırlanaraq aidiyyəti orqanlarla razılaşdırılıb, həmçinin "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli Qanunu , "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli Qanunu“Qida təhlükəsizliyi haqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli Qanunu qəbul edilib. Bundan başqa 10 layihənin hazırlanması nəzərdə tutulur.

 

Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiyanın fəaliyyəti

ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Komissiyanın yeni tərkibi təsdiq edilib. Komissiyanın tərkibi aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarətdir. Komissiyanın sədri Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevdir. Bu günədək Komissiyanın 11 iclası keçirilib.

 

Maarifləndirmə tədbirləri

ÜTT-yə üzvlük prosesi ilə bağlı cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ÜTT-yə həsr olunmuş dəyirmi masalar təşkil olunub, ÜTT haqqında broşürlər çap olunaraq universitetlər, kitabxanalar, iş adamları və qeyri-hökumət təşkilatlarına paylanıb. Bununla yanaşı, www.wto.az saytı yaradılıb və ən zəruri məlumatların mütəmadi olaraq həmin saytda yerləşdirilməsi təmin edilir. Həmçinin, GATS sorğu mərkəzi yaradılıb və buna aid qanunvericilik bazası wto.az saytında təqdim olunub.

Maarifləndirmə tədbirləri kimi müxtəlif layihələr çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırmalar aparılıb, sahibkarlar üçün seminarlar təşkil olunub. Həmçinin, Azərbaycan Hökumətinə ticarət qanunvericiliyinin ÜTT qaydalarına uyğunlaşdırılması, ÜTT-yə üzvlüklə bağlı çoxtərəfli və ikitərəfli danışıqlarda Azərbaycan Respublikası adından danışıqlar aparan şəxslərə dəstək verilməsi və ÜTT ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə Aİ tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan "ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi" layihəsi həyata keçirilib. Layihə 2018-2020-ci illəri əhatə edib. Layihə çərçivəsində tələbə və magistrlər arasında "Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda elmi məqalə müsabiqəsi təşkil edilmişdir.

2020-ci ildən isə Aİ tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan "ÜTT-yə üzvlük danışıqları və ticarətlə əlaqəli digər tədbirlərlə bağlı Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi" layihəsinə start verilib. Layihənin əsas məqsədi ÜTT-yə üzvlük və digər ticarət danışıqlarında Azərbaycan Hökumətinə dəstək göstərməklə ticarət siyasətinin gücləndirilməsi, eləcə də malların istehsalı və ticarətinin genişləndirilməsinə kömək etməkdir. İndiyədək layihə çərçivəsində aidiyyəti qurumlarla bir sıra görüşlər, dəyirmi masalar keçirilmiş, əqli mülkiyyət, sərbəst və preferensial ticarət sazişləri və ticarətdə mühafizə vasitələri mövzusunda broşürlər hazırlanıb, 21-25 iyun 2021-ci il tarixlərində ADA ilə birgə "Beynəlxalq ticarət yol ayrıcında: Yolumuz haradır?" mövzusunda yay məktəbi təşkil edilib.

 

ÜTT-yə üzvlüklə bağlı aparılan təhlillər

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə əlaqədar mütəmadi olaraq təhlillər aparılır və nəticəsi aidiyyəti dövlət qurumlarına təqdim edilir. Belə ki, Aİ-nin maliyyələşdirdiyi ÜTT-yə üzvlüklə bağlı dəstək layihəsi çərçivəsində bir sıra ÜTT üzvlərinin götürdüyü öhdəliklər üzrə apardığı islahatlara dair təhlil sənədləri hazırlanmışdır. 2021-ci il ərzində həyata keçirilən Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihə çərçivəsində isə Azərbaycanın ÜTT-yə üzvlüyünün təsirlərinin qiymətləndirilməsi ilə bağlı hesabat hazırlanmış və aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirə edilmişdir.