Pekində Azərbaycan şərablarının təqdimatı keçirilib

Noyabrın 23-də Çinin paytaxtı Pekin şəhərində Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi Aparatının və AZPROMO-nun dəstəyi ilə Azərbaycan şərablarının təqdimatı keçirilib.

Çində ənənəvi olaraq hər il təşkil edilən “TopWine” beynəlxalq şərab tədbiri çərçivəsində keçirilən təqdimatda şərab ekspertləri, idxalçılar və şərab istehsalı şirkətlərinin nümayəndələri iştirak edib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan şərabları barədə məlumat verib, Çində Azərbaycan ticarət və şərab evlərinin uğurla fəaliyyət göstərdiyini, Çinin tanınmış marketlər şəbəkələrində və elektron ticarət platformalarında satışının həyata keçirildiyini, şərablarımızın nüfuzlu beynəlxalq sərgilərdə mükafatlar qazandığını qeyd edib.

Şərab Ustaları İnstitutunun (Institute of Masters of Wine) nümayəndəsi Cassidy Dart təqdimatla çıxış edərək, Azərbaycanda şərabçılığın tarixi və inkişaf potensialı barədə iştirakçılara məlumat verib.

Tədbirdə Azərbaycan şərablarının dequstasiyası keçirilib.