Azərbaycanın Rusiyadakı Səfirliyində ticarət nümayəndəsinin 2019-cu ilin III rübü üzrə fəaliyyəti

Azərbaycanın Rusiyadakı Səfirliyində fəaliyyət göstərən ticarət nümayəndəsi tərəfindən Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan məhsullarının ixracının təşviqi, ölkə iqtisadiyyatına investisiya cəlb olunması məqsədi ilə 2019-cu ilin III rübü ərzində də işlər davam etdirilib.

Belə ki, ticarət nümayəndəsinin İNNOPROM Beynəlxalq Sənaye Sərgisi çərçivəsində ixracın dəstəklənməsi istiqamətində fəaliyyət göstərən bir sıra qurumların nümayəndələri ilə görüşlər keçirilmiş, Azərbaycan ixracatçıları üçün daha münbit şəraitin yaradılması, Rusiyada yeni Azərbaycan ticarət və şərab evlərinin təşkili və s. məsələlər müzakirə edilmişdir.

Bununla yanaşı, mütəmadi olaraq, ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilmişdir.

Hesabat dövründə Yekaterinburq şəhərində “Azərbaycan Şərabları” mağazasının açılışı, həmçinin “WorldFood Moscow – 2019” Beynəlxalq Qida Sərgisi çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında işgüzar görüşlər təşkil edilmiş, Sərgidə Azərbaycan ixracatçılarının iştirakında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) təşkilati dəstək göstərilmişdir.

25 sentyabr 2019-cu il tarixdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Dayanıqlı İnkişaf Məqsədləri Gününə həsr olunmuş tədbirlər çərçivəsində müxtəlif Azərbaycan şərabları və konyaklarının, həmçinin, limonadların dequstasiyası təşkil olunmuşdur.

“Tvoy Dom” hipermarketlər şəbəkəsinə məxsus mağazalarda “Azərbaycan nemətləri” guşələrinin yaradılması haqqında razılıq əldə edilmişdir. Hazırda belə guşələrin dizaynı hazırlanır. Bundan başqa, Quba Konserv Zavodunun “Bağdan” brendi ilə istehsal olunan mürəbbələrinin böyük həcmdə Rusiya bazarına çıxarılması istiqamətində işlər aparılır.

Bununla yanaşı, Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində Azərbaycan pavilyonunun açılışına hazırlıq çərçivəsində sərgi-satış salonunun işinin təşkili, təqdim olunacaq məhsul çeşidləri ilə bağlı müvafiq qurumlarla mütəmadi olaraq birgə fəaliyyət həyata keçirilmişdir.

Azərbaycan məhsullarının internet vasitəsilə satışını təşkil etmək məqsədilə müvafiq şirkətlərlə işə başlanmışdır.

Ticarət nümayəndəliyi tərəfindən 2019-cu ilin oktyabrında şərabçılıq sahəsində ilk alıcı missiyasının təşkilində AZPROMO-ya dəstək göstərilmişdir.