Azərbaycanda keçirilən İİB-nin 14-cü Özəl Sektor Forumunun Əsas Nəticələri

İslam İnkişaf Bankı Qrupuna (İİB Qrupu) daxil olan qurumlar 16–19 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumunu təşkil edib. Forum Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin yüksək himayəsi altında, Qrupun İllik Toplantıları çərçivəsində baş tutub.

İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumu geniş kütlənin iştirakı ilə fərqlənib, belə ki, tədbirə 60 ölkədən 1400-dən artıq iştirakçı qatılıb. Tədbirdə yerli, regional və beynəlxalq miqyasda fəaliyyət göstərən özəl sektor nümayəndələri fəal iştirak ediblər. Forumun proqramı çərçivəsində 70-dən çox məruzəçi və 40-dək sərgi iştirakçısının iştirakı ilə 17 müxtəlif tədbir və panel müzakirəsi keçirilib.

Ardıcıl dördüncü ildir ki, forum iqtisadi inkişaf, ticarətin təşviqi, investisiyalar və risklərin idarə olunmasına verdiyi töhfələrə görə seçilən şirkət və maliyyə institutlarına “Özəl Sektor Mükafatı” təqdim edib.

Bundan əlavə, forum zamanı ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32 saziş və anlaşma memorandumu imzalanıb. Həmçinin 220-dən çox startapın və biznes inkubatorunun iştirak etdiyi startap müsabiqəsi təşkil olunub. Üzv dövlətlər arasında ticarət, investisiya və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə 250-dən çox ikitərəfli görüş (B2B və B2G) keçirilib.

Forum üzv dövlətlərdə, xüsusilə də Azərbaycan Respublikasında həm dövlət, həm də özəl sektorun potensialının gücləndirilməsinə xidmət edən İİB Qrupunun fəaliyyət və təşəbbüslərini iştirakçıların diqqətinə çatdırıb. Müzakirələrin mərkəzində biznes sektorunun qarşılaşdığı mövcud imkanlar və çağırışlar dayanıb. Eyni zamanda maliyyələşdirmə xətləri, özəl sektorun maliyyələşdirilməsi, ticarətin inkişafına dəstək, investisiyaların sığortalanması və ixrac kreditləri də daxil olmaqla, Qrupun geniş spektrli maliyyə alətləri nümayiş etdirilib.

Forumun gündəliyində əsas iqtisadi mövzulara və inkişaf layihələrinə həsr olunmuş silsilə dialoq sessiyaları və işgüzar seminarlar yer alıb. İştirakçılar həmçinin ticarət və investisiya perspektivlərinə dair təqdimatlarda iştirak ediblər. 

Forum Azərbaycan hökumətinin rəsmiləri, yerli, regional və beynəlxalq özəl sektor şirkətlərinin prezidentləri və baş icraçı direktorları, investorlar, iş adamları, ticarət və sənaye palatalarının, ticarət və investisiyaların təşviqi orqanlarının nümayəndələri, eləcə də regional və beynəlxalq maliyyə və inkişaf təşkilatlarından olan yüksək səviyyəli qonaqları bir araya gətirib.

İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Сabbarov açılış nitqində forumun bütün iştirakçılarını salamlayaraq bildirib: “Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə tərəfdaşlığı yüksək qiymətləndirir və üzv ölkələrlə ticarət, biznes və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə önəm verir. Ölkəmiz Avropa və Asiya arasındakı strateji mövqeyindən istifadə edərək müasir nəqliyyat infrastrukturu və iqtisadi şaxələndirmə istiqamətində səyləri sayəsində regional bağlantılar və dayanıqlı inkişaf üçün mühüm platforma rolunu oynayır. Ölkənin investisiya potensialının İİB Qrupunun maliyyə imkanları, qlobal təcrübəsi və geniş şəbəkəsi ilə birləşdirilməsi iqtisadi inkişafı irəli aparan və region üzrə uzunmüddətli faydalar təmin edən təsirli layihələr üçün yeni imkanlar açır”.

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) müvəqqəti baş icraçı direktoru Dr. Xalid Yusif Xələfalla bildirib: “Özəl Sektor Forumu həm dövlət, həm də özəl sektoru təmsil edən nüfuzlu tərəfdaşların iştirakına şahidlik edib. Dayanıqlı maliyyələşdirmə boşluğunu aradan qaldırmaq, birgə maliyyələşdirmə imkanları təqdim etmək və dayanıqlı inkişafın çağırışlarına innovativ həll yolları hazırlamaq məqsədilə özəl sektor tərəfdaşlarımızın və digər maliyyə institutlarının səylərini birləşdirməyə çalışdığımız bir vaxtda dayanıqlılıq və inkişaf bizim missiyamızın əsasını təşkil edir”. 

İslam İnkişaf Bankı Qrupunun sədri, Zati-aliləri Dr. Məhəmməd Əl-Casir forum iştirakçılarına müraciət edərək bildirib: “İslam İnkişaf Bankı Qrupunda biz qəti şəkildə inanırıq ki, özəl sektor inkişaf prosesində köməkçi deyil, əksinə, aparıcı qüvvədir. Bizim bu prosesdəki missiyamız aydındır: maneələri aradan qaldırmaq, riskləri minimuma endirmək və yeni imkanlara qapı açmaq. Biz inklüziv, dayanıqlı və davamlı inkişafa təkan verən ticarət və investisiya fəaliyyətlərini dəstəkləyən, maliyyə resurslarını səfərbər edən və riskləri minimuma endirən etibarlı tərəfdaş olaraq qalmağa davam edəcəyik”.

O əlavə edib: “ICIEC fəaliyyətə başladığı gündən bəri 139 milyard ABŞ dollarını ötən məcmu sığorta təminatı təqdim edib ki, bunun da 108 milyard dolları ticarət əməliyyatlarının dəstəklənməsinə, 31 milyard dolları isə investisiyaların təşviqinə yönəldilib. Güclü qlobal təkrar sığorta şəbəkəsindən bəhrələnən Korporasiya özəl təkrar sığorta bazarından əhəmiyyətli dərəcədə məcmu təkrar sığorta potensialı cəlb edib. Kənd təsərrüfatı, bərpa olunan enerji, infrastruktur, istehsalat və səhiyyə kimi mühüm sahələrdə həyata keçirilən əməliyyatlar vasitəsilə ICIEC üzv ölkələrdə real inkişaf nəticələrinin əldə olunmasına töhfə verməyə davam edir”. ICD ilə bağlı isə Dr. Xalid bildirib: “1999-cu ildə fəaliyyətə başladığı gündən etibarən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) inkişafın təşviq edilməsində, müəssisələrin gücləndirilməsində, sahibkarlığın dəstəklənməsində və dayanıqlı iqtisadi artımın təmin edilməsində həlledici rol oynayıb. Korporasiyanın şaxələndirilmiş investisiyaları transformativ layihələrin həyata keçirilməsi, tərəfdaşlıqların qurulması və potensialın gücləndirilməsi vasitəsilə icmalara real təsir göstərib. Yarandığı vaxtdan bəri korporasiya 7,1 milyard ABŞ dolları dəyərində təsdiq edilmiş maliyyələşmə və 5,6 milyard ABŞ dollarından artıq vəsaitin ayrılmasına nail olub. ICD-nin fəaliyyətləri, maliyyə, infrastruktur, kənd təsərrüfatı, istehsalat və enerji daxil olmaqla, müxtəlif sektorları əhatə edir, üzv dövlətlərdə həyata keçirdiyi investisiya əməliyyatları isə onun coğrafi və sektor baxımından geniş fəaliyyət dairəsini nümayiş etdirir”.

Öz növbəsində, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, mühəndis Ədib Əl-Aama bildirib: “Özəl Sektor Forumunun 14-cü buraxılışı üzv dövlətlərdə iqtisadi artımın təşviq edilməsi, iş yerlərinin yaradılması və yoxsulluğun azaldılmasında özəl sektorun oynadığı mühüm rolu bir daha təsdiqlədi. Biznes investorlarının fəal iştirakı müzakirələri əhəmiyyətli dərəcədə zənginləşdirdi və iqtisadi dayanıqlılığı və biznes dinamizmini təşviq etmək üçün birgə səyləri gücləndirdi”.

O əlavə edib: “2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri ITFC İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərə 96 milyard ABŞ dollarından çox maliyyə vəsaiti ayıraraq regionda aparıcı ticarət həlləri təminatçısına çevrilib. Bunun 20 milyard ABŞ dolları kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılmasına yönəldilib – bu müəssisələrin regional və beynəlxalq bazarlara çıxışına kömək etmək üçün maliyyə dəstəyi, texniki yardım və potensialın gücləndirilməsi səyləri birləşdirilib”.

Əlavə məlumat üçün tədbirin rəsmi internet səhifəsinə müraciət edə bilərsiniz: www.isdbg-psf.org.

İslam İnkişaf Bankı (İİB) haqqında

Dünyanın aparıcı reytinq agentlikləri tərəfindən “AAA” reytinqinə layiq görülmüş İslam İnkişaf Bankı Qlobal Cənubun qabaqcıl çoxtərəfli inkişaf bankıdır (MDB). Bank, 50 ildən artıqdır ki, genişmiqyaslı təsir yaratmaqla xidmət etdiyi insanların və icmaların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Dörd qitəni əhatə edən 57 üzv dövləti özündə birləşdirən Bank dünya əhalisinin təxminən hər dörd nəfərindən birinin həyatına toxunur. O, insanların öz yaşıl iqtisadi inkişaflarını və dayanıqlı sosial tərəqqilərini idarə etmələri üçün imkanlar yaratmaq, ekoloji cəhətdən təmiz infrastruktur formalaşdırmaq və öz potensiallarını reallaşdırmalarına zəmin yaratmaqla inkişaf sahəsindəki çağırışların aradan qaldırılmasına və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına dəstək vermək üçün əməkdaşlığı təşviq etməyə sadiqdir. Baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İİB-nin 10 regional mərkəzi və bir mükəmməllik mərkəzi fəaliyyət göstərir.  İllər ərzində Bank tək bir təşkilat çərçivəsindən çıxaraq özündə aşağıdakı qurumları birləşdirən böyük bir Qrupa çevrilmişdir: İslam İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı İnstitutu (IsDBI), İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC). 

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) haqqında

1994-cü ildə təsis edilmiş ICIEC risklərin azaldılması alətləri və maliyyə həlləri təqdim etməklə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər arasında iqtisadi münasibətləri gücləndirməyi, eləcə də ticarət və investisiyaları stimullaşdırmağı hədəfləyir. Korporasiya İslam Şəriət prinsiplərinə uyğun fəaliyyət göstərən dünyada yeganə çoxtərəfli sığorta qurumu olaraq qalmaqdadır.

ICIEC hazırda 50 dövlətə xidmət göstərir və ardıcıl olaraq, 17 ildir ki, kredit və siyasi risk sığortaçıları arasında "Moody's"in "Aa3" sığorta kredit reytinqini qoruyub saxlayır. Bundan əlavə, Korporasiya ilk dəfə olaraq "Standard & Poor's" agentliyindən sabit proqnozla "AA-" səviyyəli uzunmüddətli kredit reytinqi əldə edib. Korporasiyanın dayanıqlılığı sağlam anderraytinq, təkrar sığorta və risklərin idarə edilməsi təcrübələrinə əsaslanır. Bu günə qədər ICIEC energetika, istehsalat, infrastruktur, səhiyyə və kənd təsərrüfatı kimi mühüm sektorlar üzrə, ümumilikdə, 121 milyard ABŞ dollarından çox ticarət və investisiya sığortasını həyata keçirmişdir.

Əlavə məlumat üçün: http://iciec.isdb.org , 

Bizi sosial şəbəkələrdə izləyin: X | Facebook | LinkedIn | YouTube | Instagram
E-poçt: ICIEC-Communication@isdb.org

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) haqqında

İslam İnkişaf Bankı Qrupunun üzvü olan ICD nizamnamə kapitalı 4 milyard ABŞ dolları təşkil edən çoxtərəfli maliyyə institutudur. Həmin vəsaitin 2 milyard ABŞ dolları abunəlik üçün açıqdır. Təşkilatın səhmdarları sırasına İslam İnkişaf Bankı, 56 üzv dövlət və beş dövlət maliyyə institutu daxildir. 

1999-cu ildə fəaliyyətə başladığı tarixdən etibarən Korporasiya Şəriət prinsiplərinə uyğun maliyyələşdirmə mexanizmləri, transsərhəd investisiyalar və həyati əhəmiyyət kəsb edən infrastrukturun inkişafı vasitəsilə əhatəli və dayanıqlı inkişafın təşviq edilməsində həlledici rol oynamışdır. ICD üzv dövlətlərin iqtisadi mənzərəsinin zənginləşdirilməsinə əhəmiyyətli töhfələr vermişdir.

Veb-sayt:

icd-ps.org

Sosial media hesabları:

Twitter: @ICD_PS

LinkedIn: ICDPS

Facebook: icdps

Instagram: @icdps

YouTube: ICDPSTV