Azərbaycan Pekində keçirilmiş 3-cü Çin Beynəlxalq Təchizat Zənciri Sərgisində və 4-cü Şanxay Əməkdaşlıq Təşkilatı Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edib.
16-20 iyul 2025-ci ildə Pekin şəhərində 3-cü Çin Beynəlxalq Təchizat Zənciri Sərgisi (CISCE) keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatının təşkilatçılığı ilə Azərbaycan vahid ölkə stendi ilə sərgidə təmsil olunub.
CISCE-nin "Ağıllı istehsalat" ekspozisiyasında qurulmuş stenddə ölkəmizin əlverişli biznes mühiti, sənaye parkları və Ələt azad iqtisadi zonasında investorlar üçün yaradılan imkanlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı barədə ətraflı məlumatlar əks olunub.
Sərgi çərçivəsində yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti materialları, avadanlıq istehsalı, elektrik avtomobillər və s. istiqamətlər üzrə fəaliyyət göstərən 50-dən çox şirkətlə danışıqlar aparılıb və onlara ölkəmizin biznes mühiti haqqında geniş məlumat verilib.
17-20 iyulda isə ölkəmiz 4-cü Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində təmsil olunub. Tədbirin keçirildiyi Çindao - ŞƏT Mirvari Beynəlxalq Ekspo Mərkəzində yerləşən daimi Azərbaycan pavilyonunda “Made in Azerbaijan” məhsullarının nümayişi və satışı təşkil olunub. Pavilyonda xüsusi “nar köşəsi” qurulub, çinli istehlakçılara ölkəmizin nar məhsulları haqqında ətraflı məlumat verilib. Potensial tərəfdaşlarla məhsul idxalına və alışına dair danışıqlar aparılıb. Sərgidə “ŞƏT ailəsi”nə daxil olan 26 ölkə (üzv ölkələr, müşahidəçilər və dialoq üzrə tərəfdaşlar) təmsil olunub.
Sərgi çərçivəsində keçirilmiş iqtisadiyyat və ticarətin təşviqinə dair konfransda ticarət nümayəndəsi Aparatının baş məsləhətçisi Natiq Xəlilov Azərbaycanın investisiya və ticarət imkanlarına dair təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın işgüzar mühiti, ticarət və investisiya imkanları, habelə Çin və Azərbaycanın bu sahələrdə əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. Tədbirdən sonra şirkət nümayəndələri ilə tərəfdaşlıq potensialına dair müzakirələr aparılıb, suallar cavablandırılıb.