İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən dayanıqlı inkişaf üçün investisiyaların təşviqi mövzusunda panel sessiyada birbaşa xarici investisiyaların təşviqi, investisiya təşviqi agentliklərinin rolunun gücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumunun “Daha çox birbaşa xarici investisiyalardan daha yaxşı birbaşa xarici investisiyalara: Dayanıqlı inkişaf üçün investisiyaların təşviqi” mövzusunda panel sessiyası baş tutub.
Tədbirin açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycanda investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, ölkəmiz əlverişli coğrafi mövqeyi, tranzit və logistika imkanları, inkişaf edən sənaye infrastrukturu və investorlar üçün tətbiq olunan dəstək mexanizmləri ilə regionda mühüm investisiya məkanlarından biri kimi çıxış edir.
ICIEC-nin özəl sektorun inkişafı üzrə baş icraçı direktoru vəzifəsini icra edən Xalid Xalafalla dayanıqlı investisiyaların cəlb edilməsində beynəlxalq maliyyə institutlarının, tərəfdaşlıq mexanizmlərinin və risklərin azaldılması alətlərinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, investisiyaların təşviqi yalnız kapital axınının artırılması ilə məhdudlaşmamalı, iqtisadi şaxələndirməyə, məşğulluğun genişlənməsinə və milli inkişaf prioritetlərinə töhfə verməlidir.
Panel müzakirəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) baş icraçı direktoru İsmayıl Yerşahin, Seneqalın İnvestisiyaların və İri Layihələrin Təşviqi üzrə Milli Agentliyinin idarəedici direktoru Bakari Seqa Batili və İslam Ticarətinin İnkişafı Mərkəzinin baş direktoru Lətifə Əl Buabdellaui investisiya təşviqi agentliklərinin fəaliyyətinin təkmilləşdirilməsi, keyfiyyətli investisiyaların cəlb edilməsi, institusional bacarıqların artırılması, regional əməkdaşlığın genişləndirilməsi və sərhədlərarası investisiya layihələrinin təşviqi barədə fikirlərini bölüşüblər.
Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.