Vətəndaşların Qəbulu Mərkəzində indiyədək 1700-dən çox vətəndaşa xidmət göstərilib

Hökumət Evi kimi tanınan inzibati binada yerləşən dövlət qurumları-İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat, Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 5 iyul 2022-ci il tarixindən fəaliyyətə başlayan Vətəndaşların Qəbulu Mərkəzinə indiyədək 1700-dən çox vətəndaş müraciət edib.

Qeyd edək ki, Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” yaradılıb. İndiyədək Mərkəzdə qeyd edilən qurumların rəhbər şəxsləri tərəfindən 101 qəbul keçirilib.

Vətəndaşların Qəbulu Mərkəzinə İqtisadiyyat Nazirliyinin fəaliyyət sahələrinə dair 170 nəfərdən çox vətəndaş müraciət edib. Müraciətlər əsasən, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, dövlət satınalmaları, işlə təmin olunma, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.