Çinin Cianqsu əyaləti ilə iqtisadi əməkdaşlıq müzakirə olunub

Çinin Cianqsu əyalətinin Xalq Hökumətinin vitse-qubernatoru ilə görüşdə müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın inkişafı haqqında fikir mübadiləsi aparılıb. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin Cianqsu əyalətinin vitse-qubernatoru Ma Şıquanla görüşüb.

Görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Çin liderləri tərəfindən iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayır.

Ölkəmizin əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar və beynəlxalq tərəfdaşlarla icra edilən layihələr haqqında məlumat verilib, işbirliyi potensialı diqqətə çatdırılıb. 

Tərəflər Azərbaycan və Cianqsu arasında ticarət, investisiya, yaşıl enerji, yüksək texnologiyalar, neft-kimya sənayesi, istehsalın lokallaşdırılması, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə birgə fəaliyyət imkanlarını müzakirə ediblər.