İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşü keçirilib, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.
Görüşdə dövlət başçılarının səmimi münasibətləri və səyləri nəticəsində dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşı olduğu qeyd edilib. Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin regionun enerji təhlükəsizliyinin və Avropa ölkələrinə enerji təchizatı mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığı, iqtisadi inkişafa töhfə verdiyi diqqətə çatdırılıb.
Tərəflər səmərəli enerji əməkdaşlığı, birgə reallaşdırılan layihələr və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Həyata keçiriləcək yeni işbirliyi istiqamətlərinin Azərbaycan və Türkiyənin strateji maraqlarına xidmət edəcəyinə və ölkələrimizə qarşılıqlı fayda gətirəcəyinə əminlik ifadə olunub. Birgə planlar və hədəflərin dostluq və əməkdaşlığa töhfə verəcəyi nəzərə çatdırılıb.
Tədbir çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” imzalanıb. Sazişə əsasən Azərbaycan və Türkiyə bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərinləşdirəcək. Sənədin qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı fayda verəcəyi qeyd edilib.