Dördüncü Sənaye İnqilabı

Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin çulğalaşmasını təsvir etmək üsuludur. Bu, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir.

Azərbaycan qlobal çağırışlara və tendensiyalara adekvat cavab verən və post-pandemiya dövründə yeni inkişaf trendlərinin tətbiqində ön sıralarda olmaqda qərarlıdır. Bu baxımdan ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun, o cümlədən Dördüncü Sənaye İnqilabının standartlarına uyğun şəraitin formalaşdırılması istiqamətində fəal iş aparılır.

Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Qeyd edək ki, 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti cənab Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Bunun əsasında Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Mərkəzi yaradılıb ki, bu da ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək məqsədindən irəli gəlir. Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk bu cür mərkəzdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci ilin 1 aprel tarixindən bu Mərkəzin fəaliyyətini də koordinasiya edir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir. Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahələrində müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin müxtəlif ölkələrdə yaradılmış Mərkəzləri ilə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) sıx əməkdaşlığın qurulması və genişləndirilməsi üçün işlər aparılır.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 4Sİ texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrinə dair uğurlu həllərini özündə ehtiva edən tədqiqat sənədi hazırlayıb. Tədqiqat sənədinə link.