Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat

Təşkilatın adı

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM)

Təşkilata dair ümumi məlumat

  • Yaranma tarixi: 10 oktyabr 1997-ci il.
  • Üzv dövlətlər: Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova. 23 may 2006-cı ildə təşkilatın adı GUÖAM-dan GUAM-a dəyişdirilmişdir.
  • Məqsədi: demokratik dəyərlərin tanınması, qanunun aliliyinin və insan hüquqlarının, davamlı inkişafın təmin olunması, ümumi təhlükəsizlik mühitinin yaradılması üçün Avropaya inteqrasiyanın dərinləşməsi, həmçinin iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsidir.
  • Fəaliyyət sahələri: insan hüquqları və azadlıqları, suverenliyin, ərazi bütövlüyünün və azadlığın təmin olunması, demokratik islahatların həyata keçirilməsi, regionun iqtisadi inkişafı, beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizmə qarşı birgə mübarizə, iqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi və Azad Ticarət Zonasının yaradılması.

· Strukturu:

o Şura: dövlət başçıları, xarici işlər nazirləri, milli koordinatorlar və daimi nümayəndələr səviyyəsində;

o Katiblik: təşkilatın fəaliyyətinin təşkilati-texniki təminatını həyata keçirir;

o Parlament Assambleyası: 3 istiqamət üzrə fəaliyyət göstərir: (i) siyasət, (ii) ticarət və iqtisadiyyat, (iii) elm, mədəniyyət və təhsil;

o İşçi Şura: əsas məqsədi təşkilat çərçivəsində imzalanan sənədlərin icrasına nəzarət, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· Azərbaycan işçi qrupların koordinatoru kimi:

o 2011-2012, 2019-2020-ci illərdə nəqliyyat üzrə

o 2011-2018-ci illərdə energetika üzrə

o 2011-2012, 2015-2016-cı illərdə informasiya texnologiyaları üzrə

o 2013-2014-cü illərdə mədəniyyət və turizm üzrə

· Son imzalanmış sənədlər:

o 2017-ci ildə i) “GUÖAM iştirakçısı olan dövlətlər arasında ticarət zonasının yaradılması haqqında Saziş”in Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi haqqında Protokol, ii) GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında Protokol;

o 2019-cu ildə i) GUAM üzvü olan dövlətlərin gömrük idarələri arasında GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, ii) GUAM üzvü olan dövlətlərin gömrük idarələri arasında blokçeyn texnologiyalarının istifadəsi haqqında Niyyət Protokolu, iii) GUAM üzvü olan dövlətlərin gömrük idarələri arasında səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması haqqında Niyyət Protokolu;

o 2022-ci ildə “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Saziş”in Malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları haqqında Protokolu Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində 20-22 sentyabr tarixlərində keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası zamanı 21 sentyabr tarixində xarici işlər naziri tərəfindən imzalanmışdır.