İqtisadiyyat nazirinin müavini Almaniyanın "VNG AG" şirkətinin rəhbəri ilə görüşüb

Almaniyanın "VNG AG" şirkəti ilə tərəfdaşlığın yeni istiqamətləri, enerji keçidi prosesi, aşağı karbonlu həllər sahəsindəki imkanlar müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Anar Axundov "Bakı Enerji Həftəsi" çərçivəsində Almaniyanın "VNG AG" şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller ilə görüş keçirib.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi beynəlxalq arenada artan rolu vurğulanıb. Tərəflər "VNG AG" ilə mövcud enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin, tərəfdaşlığın yeni istiqamətləri, enerji keçidi prosesi, aşağı karbonlu həllər sahəsindəki imkanlar və iki ölkə arasında təcrübə mübadiləsi məsələləri  nəzərdən keçirilib.