Almaniya ilə ticarət, investisiya, kiçik və orta biznesin inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüş keçirib.
Görüşdə Azərbaycan–Almaniya iqtisadi tərəfdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub. Ticarət, investisiya, kiçik və orta biznesin inkişafı, enerji, kənd təsərrüfatı və turizm sahələrindəki əməkdaşlığın potensialı xüsusi vurğulanıb.
Tərəflər biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, insan kapitalının inkişafına yönəlmiş təşəbbüslər, habelə Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçiriblər.
Görüşdə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması potensialı, habelə biznes əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində Birgə Niyyət Bəyannaməsinin əhəmiyyəti qeyd edilib.