Sürixdə təşkil olunan Azərbaycanda investisiya imkanlarına dair tədbirdə ölkəmizin işgüzar mühiti barədə məlumat verilib, tərəfdaşlıq potensialı müzakirə olunub.
İsveçrənin Sürix şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İsveçrənin Birgə Ticarət Palatasının (JCC) dəstəyi, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə investisiya imkanları mövzusunda tədbir keçirilib. Tədbirdə rəsmi şəxslər və İsveçrənin enerji, inşaat, mühəndislik, logistika, informasiya texnologiyaları, maliyyə, səhiyyə və s. sektorlarda fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın İsveçrədə səfiri Fuad İsgəndərov bu ölkə ilə ikitərəfli ticarət və investisiya əlaqələrinin cari vəziyyəti, inkişaf perspektivləri barədə çıxış edib.
Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev ölkəmizin işgüzar mühiti, sənaye zonaları, Ələt azad iqtisadi zonası, tranzit-logistika potensialı, eləcə də işğaldan azad edilmiş ərazilərdə investorlar üçün yaradılan fürsətlər barədə məlumat verib.
Tədbir çərçivəsində Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı ilə İsveçrə ticarət palataları, assosiasiyaları və şirkətləri arasında görüşlər keçirilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.