Sənaye parkları

Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirtməkdir.

Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:

  • innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
  • iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
  • əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

  • vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər (Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar (Gömrük rüsumundan 10 il azad olma müddəti 1 yanvar 2023-cü ildən tətbiq edilir, 30 dekabr 2022-ci ildə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən qüvvəyə minib. Əvvəlki illərdə isə azad olma müddəti 7 il idi);
  • sənaye parkının infrastrukturla təmin edilməsi;
  • torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;
  • inzibati prosedurların sadələşdirilməsi;
  • sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 583,5 hektar təşkil edir.

Ölkəmizin və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında 38 müəssisəyə rezident statusu verilmişdir. Fəaliyyət göstərən müəssisələrin faktiki sayı isə 20-yə yüksəlmişdir.

Həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində müxtəlif istiqamətlər üzrə peşə təhsili verən Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. Ümumilikdə, parkda 25 rezident qeydiyyata alınmış və onlardan 17-si fəaliyyətə başlamışdır. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış, ümumilikdə 20 min ton iplik istehsalı gücünə malik “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir.

 

 

Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə 30 hektar ərazidə Pirallahı Sənaye Parkı yaradılmışdır. Hazırda Pirallahı Sənaye Parkında 6 müəssisə rezident kimi qeydiyyatdan keçmişdir ki, bunlardan artıq 2-si fəaliyyətə başlamışdır.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.

Artıq 19 sahibkara sənaye parkının rezidenti, 6 sahibkara isə qeyri-rezident statusu verilib.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır. Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da işlər mərhələli şəkildə həyata keçirilir. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan” MMC “Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi” layihəsi üzrə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstərilir. Gələcəkdə Sənaye Parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur. Sənaye Parkının konseptual planı hazırlanmış və sənaye parkı üçün ayrılmış 200 hektar ərazidə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri tamamlanmışdır. Sənaye Parkının konseptual planı hazırlanmış və mobilizasiya şəhərciyi üçün konteyner tipli yataqxana, yeməkxana, anbar, ərzaq mağazası, ofis, bərbərxana, aptek və tibb məntəqəsi tam quraşdırılmışdır.

Artıq 5 sahibkara sənaye parkının rezidenti, 1 sahibkara isə qeyri-rezident statusu verilib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Sumqayıt Kimya Sənaye Parkında 6, Pirallahı Sənaye Parkında 2, Ağdam Sənaye Parkında 7, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 3 olmaqla cəmi 14 müəssisəyə rezident, Ağdam Sənaye Parkında 2 müəssisəyə isə qeyri-rezident statusu verilmişdir.

Hal-hazırda Sumqayıt Kimya, Mingəçevir, Qaradağ, Pirallahı və Balaxanı sənaye parklarında fəaliyyət göstərən rezidentlərin sayı 42-yə çatmışdır.

Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 456,7 milyon manat vəsaitə qənaət ediblər.