Sahibkarlıq subyektləri üçün elektron xidmətlər

İqtisadiyyat Nazirliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması prioritet əhəmiyyət kəsb edir.

Göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilməkdədir. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.

Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə “www.economy.gov.az”, “www.lisenziya.gov.az” və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür. Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 271 xidmət göstərilir ki, onların 72.3%-i (196 xidmət) elektronlaşdırılmışdır.

Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.

“Lisenziyalar və icazələr” portalı

İstifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziyaların və lisenziya əlavələrinin alınması və yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyalaşdırılan fəaliyyət növünə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

“Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

2024-cü ilin I yarımilində “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilmiş və sahibkarlara portal vasitəsilə 741 elektron lisenziyanın verilməsi təmin edilmişdir.

Qrafik 1. Verilmiş elektron lisenziyaların illər üzrə bölgüsü.

Qrafik 1. Verilmiş elektron lisenziyaların illər üzrə bölgüsü.

Daşınmaz əmlak sahəsində xidmətlər üzrə yeniliklər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində cari ilin ötən dövründə bir sıra işlər həyata keçirilmişdir.

Daşınmaz əmlakın qiymətləndirilməsinə dair beynəlxalq təcrübə nəzərə alınmaqla daşınmaz əmlakların bazar qiymətlərinə dair məlumat bazasını özündə ehtiva edən Bazar Məlumatları Sistemi (daşınmaz əmlak bazarına dair məlumatların əldə edilməsi və müvafiq təhlillərin aparılması üzrə çoxfunksiyalı coğrafi məlumat sistemi) hazırlanmışdır. Sistem əsasında ölkə üzrə torpaq bazarı məlumatlarının təhlil edilməsi, zona dəyər xəritələrinin tərtib edilməsi, kütləvi qiymətləndirmənin aparılması və qiymət cədvəllərinin tərtib edilməsi istiqamətində tədbirlər görüləcəkdir.

Həmçinin Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinın ərazi idarələrində aparılan yerquruluşu və çöl-ölçmə işləri ilə bağlı proseslərin elektronlaşdırılması məqsədilə “Rəqəmsal mərzçəkmə və inventarlaşdırma informasiya sistemi” (RMİİS) hazırlanmışdır.

Elektron hərrac sistemi

Hərraclar zamanı dövlət əmlakının satışının tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilməsini nəzərdə tutan müvafiq prosedurların elektronlaşdırılması işinin sürətləndirilməsi ilə əlaqədar hərracların elektron qaydada keçirilməsinin təşkili, daşınar və daşınmaz əmlakın satışı üzrə hərracların işinin təkmilləşdirilməsi üçün “Elektron hərrac” proqram təminatı hazırlanaraq istifadəyə verilmişdir. Məqsəd təşkil olunan hərraclarda şəffaflığın təmin olunması, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqidir.

İnvestorları daha sadə prosedurlarla əmlak sahibi edən Elektron Hərrac sistemi innovativ olmaqla digər layihələrdən fərqlənir. Bu fərqlilik isə onun bir neçə mühüm üstünlüklərə sahib olmasıdır. Belə ki, Elektron hərrac sisteminin tətbiqi bu sahədə operativliyi təmin edir, vətəndaş məmur münasibətlərini minimuma endirir, zaman və məkan məfhumunu aradan qaldırır və investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanlar yaradır.

Vergi sahəsində xidmətlər üzrə yeniliklər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində bir sıra yeniliklər həyata keçirilmişdir.

Cari ilin ötən dövrü ərzində Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi çərçivəsində yaradılan və təkmilləşdirilən elektron xidmətlərin və istismara verilməsi nəzərdə tutulan digər bölmələrin işlək olma vəziyyəti test edilmiş və istifadəyə hazır elektron xidmətlər vergi ödəyicilərinin istifadəsinə verilmişdir.

Bununla yanaşı bir sıra funksionallıqları özündə cəmləşdirən, vergi ödəyiciləri üçün elektron kabinetin daha rahat və əlçatan olmasını, vəzifə və öhdəliklərindən vaxtında xəbərdar olmalarını, istənilən yerdə kabinetdən istifadənin mümkünlüyünü təmin edəcək mobil tətbiqdə yaradılması nəzərdə tutulan 28 ərizə formasından 18-nin, eyni zamanda profil və məlumat (informativ xidmətlər və s.) bölmələrinin icrası yekunlaşdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmiş, yaradılması nəzərdə tutulan ərizə formalarından 10-u, həmçinin bəyannamələr (3 bəyannamə forması), ƏDV depozit hesabı, məktublar və ödəniş modulları üzrə işlər davam etməkdədir.

Digər tərəfdən cari ilin ötən dövrü ərzində vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər nəzərə alınaraq mövcud elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, elektronlaşdırılmamış ərizə formalarının tam elektronlaşdırılması, yeni elektron xidmətlərin yaradılması (məsələn, “Canlı dəstək xidməti”, “Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi”, “Fərdi vergi təqvimi elektron xidmətinə əlavə və dəyişikliklərin edilməsi”, “Kontragenti araşdır” və s.) üzrə müvafiq işlər görülmüş və proqram təminatının hazırlanması məqsədilə texniki tapşırıqlar hazırlanmışdır.

Həmçinin vergi ödəyicilərinin Dövlət Vergi Xidməti ilə daha sadə, rahat və proaktiv şəkildə qarşılıqlı əlaqəsinin yaradılması, göstərilən xidmətlərə və vergi orqanlarında həyata keçirilən iş proseslərinə sərf ediləcək inzibati xərclərin və vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması səbəbindən baş verəcək maliyyə itkiləri üzrə risklərin azaldılması məqsədi ilə Dövlət Vergi Xidmətində müştəriyönümlülük dəyərlərinin tətbiqi üzrə layihənin tətbiqinə başlanılmışdır. Layihənin tətbiqi çərçivəsində ilkin mərhələdə zəruri proqram təminatı və avadanlıqlar ilə təmin olunmaqla istifadəçi təcrübəsinin öyrənilməsi (tədqiqatı) laboratoriyası yaradılmışdır. Bu sahədə beynəlxalq təcrübəyə əsaslanaraq tədqiqatlara cəlb olunacaq respondentlər ilə Dövlət Vergi Xidməti arasındakı münasibətlərin tənzimlənməsinə zərurət yarandığını nəzərə alaraq “İstifadəçi təcrübəsinin öyrənilməsi (tədqiqatı) üzrə Razılaşmanın nümunəvi forması” hazırlanaraq təsdiq edilmişdir. İlkin olaraq “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”nda nəzərdə tutulmuş bir sıra istiqamətlər üzrə vergi ödəyiciləri ilə aparılan yazışmaların, İnternet Vergi İdarəsində “Onlayn növbə” elektron xidmətinin aydın, başa düşülən və vergi ödəyicilərinin ehtiyac və tələbatlarına uyğun və əlverişli (“user-friendly”) olması ilə bağlı 20.04.2024-cü il tarixdən etibarən müvafiq seqmentə aid respondentlər, o cümlədən vergi ödəyiciləri cəlb olunmaqla istifadəçi təcrübəsinin öyrənilməsinə başlanılmışdır.

Dövlət satınalmalarının vahid internet portalı

Elektron dövlət satınalmaları sisteminin (https://etender.gov.az/) yaradılması dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Portal satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu da, öz növbəsində, dövlət satınalmalarını sahibkarlar üçün əlçatan edir, satınalmalarda geniş rəqabət mühitini təmin etməklə dövlət vəsaitinin qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaradır.

Elektron Rəqabət İnformasiya Sistemi

Müvafiq sahədə göstərilən dövlət xidmətlərinin şəffaflığını və operativliyini təmin etmək üçün fəaliyyətin elektronlaşdırılması, informasiya sistemlərinin formalaşdırılması, rəqəmsal texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması məqsədilə Elektron Rəqabət İnformasiya Sistemi (e-reqabet.gov.az) yaradılmışdır.

Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Təbii inhisar subyektləri tərəfindən həmin maddədə göstərilən hərəkətlərin edilməsi, həmçinin sözügedən məcəllənin 7-ci fəslinə əsasən təsərrüfat subyektlərinin təmərküzləşməsi ilə bağlı daxil olan müraciətlər üzrə proseslərin elektronlaşdırılması məqsədilə Təbii inhisarlar və antiinhisar nəzarəti elektron modulu yaradılmışdır.

Keyfiyyət portalı

Vahid və mərkəzləşdirilmiş platforma olan Keyfiyyət portalı (e-keyfiyyet.gov.az) vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin və kalibrlənməsi haqqında sertifikatların(kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla,ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin, inspeksiya orqanının rəyinin, malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması, qeydiyyatı,qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, yararsızlıq haqqında bildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi, texniki reqlamentlərlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin, orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarların elektron formada yaradılması, qeydiyyatı, reyestri, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, habelə ölçmə vasitələrinin üzərinə vurulan yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı təmin olunur.

Video təlim platforması

Sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə əsasında www.kobim.az saytında video təlim platforması yaradılmışdır. Platformada biznesə başlama, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə  təlim videoları, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilmişdir.

KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının video təlim platforması bölməsində qeydiyyatdan keçməklə təlim videolarını izləyə bilərlər. Vaxta qənaət, internetə çıxış olan istənilən məkandan qoşulma, video təlimləri təkrar izləmək imkanı, təlim materialları, videoları izlədikdən sonra özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların praktik və peşəkar təlimçilər tərəfindən izah olunması və platformadan istifadənin ödənişsiz olması video təlim platformasının başlıca üstünlükləridir.  

KOB dostu platforması

Sahibkarlar KOB dostu platformasından (https://kobdostu.smb.gov.az) istifadə etməklə kob dostuna elektron müraciət edə, həmçinin sahəvi görüşlər və KOBİA-nın tərəfdaş olduğu layihələr barədə məlumat əldə edə bilərlər.

KOB evləri üçün “KOB növbə” mobil tətbiqi 

Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımdan KOB evləri unikal modellərdəndir. KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir.

Bakı, Xaçmaz və Yevlax KOB evlərində göstərilən xidmətlərdən yararlanmaq istəyən sahibkarlar “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər. “KOB növbə” tətbiqi sahibkarların KOB evlərində əlavə vaxt itkisinin qarşısını almaqla onların vaxtlarına qənaət etməsinə imkan verir.

Onlayn ticarət portalı

KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma vasitəsilə tanıdılması və onlayn satışının həyata keçirilməsi üçün “e-commerce” konsepsiyası əsasında “www.kobmarket.az” platforması fəaliyyət göstərir. Portal əsasən mikro və kiçik biznesin inkişafına dəstək olmaq, KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılmışdır.

Portalda onlayn mağaza açmaq üçün sadə qeydiyyat prosesi mövcuddur ki, bu da sahibkarlara qısa müddət ərzində onlayn mağaza açaraq məhsullarını yerləşdirməklə satış imkanlarını genişləndirməyə imkan verir. Portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı da yaradılmışdır.

KOB investisiya portalı

KOB subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün KOB investisiya portalı (https://invest.smb.gov.az/az) yaradılmışdır. Platformanın məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatının inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır.

Elektron kredit və zəmanət informasiya sistemi

Azərbaycan Respublikası Prezidentinin 09.01.2023-cü il tarixli 1957 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na əsasən 2024-cü ilin 1 fevral tarixindən “Elektron kredit və zəmanət informasiya sistemi” (https://e-edf.gov.az/) istifadəyə verilmişdir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri zəmanətli kredit almaq üçün müvəkkil kredit təşkilatını seçməklə “Elektron kredit və zəmanət informasiya sistemi” vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyi innovasiyaların tətbiqi, xidmət sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işləri davam etdirir. Nazirlik tərəfindən göstərilən xidmətlərə 2024-cü ilin I yarımilində 8 milyon 717 mindən artıq müraciət qeydə alınmışdır ki, onların 94.1%-i (8 milyon 206 mindən artıq müraciət) elektron xidmətlərin payına düşür.

Qrafik 2. Xidmətlərə, o cümlədən elektron xidmətlərə müraciət sayı.