İnvestisiya təşviqi mexanizmi barədə
İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı, 20 aprel 2016-cı il tarixli 877 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası" və investisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı 20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılaraq təkmilləşdirilmiş və müvafiq meyarlara uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır.
Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2026-cı il tarixli Fərmanına əsasən investisiya təşviqi sənədi aşağıdakı strateji istiqamətlər üzrə layihələrə veriləcək:
· Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;
· Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
· Tullantıların idarə olunması və təkrar emalı layihələri;
· Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
· Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;
· 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;
· Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;
· Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;
· Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
· Hərbi təyinatlı məhsulların istehsalı layihələri.
İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr torpaq və əmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Eyni zamanda bu layihələr üzrə mənfəət və ya gəlir vergisinə 50% güzəşt edilir.
Ümumilikdə 01.01.2026-cı il tarixinədək 528 sahibkarlıq subyektinə 632 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 9,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 46 mindən çox iş yerinin açılacağı nəzərdə tutulmuşdur. Təşviq edilmiş layihələrin 13,1%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 86,9%-i isə regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 63,8%-i sənaye, 32,9%-i kənd təsərrüfatı, 1,7%-i logistika, 1,6%-i isə turizm sahələrində icra olunacaq layihələri əhatə edir.
İnvestisiya təşviqi sənədi verilmiş 550-dən artıq layihə fəaliyyətə başlamış, digər layihələrin qurulması üzrə işlər davam etdirilir. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları dünyanın müxtəlif ölkələrinə (MDB, Avropa, ərəb ölkələri və s.) ixrac olunur.
Verilmiş İTS-lərin illər üzrə bölgüsü
Cədvəl 7. İstiqamətlər üzrə bölgü

01.01.2026-cı ilədək 1,4 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6455 təsdiqedici sənəd verilmiş və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 336,2 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilmişdir.
Güzəştlə idxal olunmuş avadanlığın dəyəri
(mln. ABŞ dolları)

Ümumilikdə investisiya təşviqi sənədi verilmiş 338 layihə üzrə (54%) indiyədək təsdiqedici sənədlərlə idxal olunmuş avadanlıqların dəyəri (investisiya olunmuş məbləğ) həmin layihələr üzrə nəzərdə tutulmuş minimal investisiya məbləğini ötmüşdür.
2025-ci ildə 29 sahibkarlıq subyektinə 29 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihənin reallaşması nəticəsində yerli istehsala 1,9 milyard manatdan çox investisiyanın yatırılacağı, 2559 iş yerinin açılacağı nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunan dövr ərzində investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 110,8 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 316 təsdiqedici sənəd verilmiş və sahibkarlar idxalda tətbiq olunan vergi və rüsumlardan (25,6 milyon ABŞ dolları məbləğində güzəşt əldə etmişdir) azad olunmuşdur.
İnvestisiya təşviqi sənədinin alınması üçün ərizə forması Təsdiqedici sənədin alınması üçün ərizənin forması Metodiki tövsiyələr