Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sənaye nazirlərinin 4-cü iclasında iştirak edib.

Tacikistanın paytaxtı Düşənbə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sənaye nazirlərinin 4-cü iclası keçirilib. İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın İƏT ilə əməkdaşlığın inkişafına və üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Vurğulanıb ki, İƏT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Tədbirdə Azərbaycanın sənaye və investisiya potensialı, ölkəmizdə biznes və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Rəqabətqabiliyyətli və ixracyönümlü istehsalın inkişafı, sənaye zonalarının fəaliyyəti və bu sahədə tətbiq olunan dəstək mexanizmləri, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı istiqamətində keçirilən tədbirlər qeyd edilib.

Təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasda regional sənaye əməkdaşlığı, investisiya, nəqliyyat-logistika, ticarət bağlantılarının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İclasda “Regional sənaye əməkdaşlığının canlandırılması üzrə Düşənbə Bəyannaməsi” qəbul edilib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1964-cü ildə yaradılıb. Ölkəmiz 1992-ci ildən Təşkilatın üzvüdür. Üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın və ticarətin liberallaşdırılması, regiondaxili ticarətin təşviqi məqsədilə yaradılmış təşkilatın 10 üzvü var.