Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydalarıyla təsdiq edilmiş formaya uyğun olaraq subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları Tarif (qiymət) Şurasına təqdim edilir. Həmin materiallar təhlil edilir və aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir:
- Obyektiv səbəblərdən malların (xidmətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı;
- Qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırıldığı halda;
- Dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq.
- Zəruri hallarda Şuranın təşəbbüsü ilə də qiymətlərin tənzimlənməsi aparıla bilər.
Subyektlər malın (xidmətin) qiymətinin dövlət tənzimlənməsinin təmin edilməsi məqsədi ilə həmin Qaydada nəzərdə tutulan sənədləri və məlumatları Şuraya təqdim edirlər:
Subyektlər normativ hüquqi aktlarla müəyyən olunmuş formada hesabat dövrləri üzrə yekun göstəriciləri Şuraya təqdim edirlər.
Bu qaydalarla müəyyən olunmuş formaya uyğun olaraq subyektlər tərəfindən qiymətlərin tənzimlənməsi üçün təqdim olunan materiallara baxılması və müvafiq qərarla təsdiq edilməsi onların xüsusiyyətlərindən, həcmindən, baxılma zəruriliyindən və digər amillərdən asılı olaraq Şura tərəfindən qəbul edilmiş təlimata uyğun olaraq həyata keçirilir.
Qiymətlərin tənzimlənməsinə dair subyektlərin təşəbbüslərinə əsasən təqdim olunmuş layihələrdəki qiymətlərin sayından asılı olaraq 1 (bir) aya qədər müddət ərzində baxılaraq münasibət bildirilir. Bu müddət, qiymət layihələrinin əsaslandırılması üzrə son məlumatın daxil olduğu gündən hesablanır. Layihənin baxılması üçün müəyyən olunmuş sənədlər və məlumatlar tam təqdim edilmədikdə, Şuranın Katibliyi müraciət daxil olduğu tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqlar barədə subyektlərə yazılı məlumat verir, çatışmayan sənədlər və məlumatlar subyektlər tərəfindən 5 (beş) iş günü müddətində rəsmi qaydada təqdim edilir.
Qiymət layihələrinin iqtisadi cəhətdən düzgün əsaslandırılmasının təmin edilməsi məqsədi ilə maya dəyərinə aid edilən xərc maddələri, vergilər, mənfəət və digər elementlər dəqiq araşdırılır. Bu zaman maya dəyərinə, qiymətlərə dair maraqlı tərəflərin (istehlakçıların) irad və təkliflərinə baxılır və onlar əsaslı olduqda nəzərə alınır.
Hazırlanmış layihələr Katibliyin təklifləri əsasında Şuranın üzvləri ilə müzakirə edilir və gündəliyinə daxil edilir. Şuranın iclaslarında baxılan sənədlər Şuranın Əsasnaməsinə uyğun olaraq rəsmiləşdirilir.
Subyektlərin məhsullarının (xidmətlərinin) qiymətlərinin tənzimlənməsinə zərurət yarandıqda, Şura bu işin icrasını qısa müddətdə təmin edir.
Subyektlər üzrə təsdiq edilmiş qiymətlər cədvəl şəklində sənədləşdirilir. Bu sənədin ümumi göstərişlər bölməsində məhsulun (xidmətin göstərilməsi) satış şərtləri və xüsusiyyətləri əks etdirilir.
Müəyyən edilmiş siyahı üzrə dövlət orqanları təsdiq olunmuş qiymət cədvəlləri ilə təmin edilir və qiymətlər kütləvi informasiya vasitələri ilə elan olunur.
Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil olan 39 sahə üzrə qiymət tənzimləməsini həyata keçirir
Həmin qərarın mətni ilə saytımızda tanış ola bilərsiniz.
Ölkədə aparılan sosialyönümlü siyasət və bununla bağlı tapşırıqlar nəzərə alınaraq, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırda aşağı tariflə istehlak edilən illik təbii qaz sərfiyyatı 1200 kubmetr səviyyəsində müəyyən edilmişdir.
Əhali istehlakçı qrupu üzrə istehlak həcmindən asılı olaraq dəyişən diferensial tariflər aşağı tariflə müqayisədə daha yüksək vahid tarifin tətbiqinə alternativ olaraq təsdiq edilmiş və təbii qaz üzrə son tarif tənzimlənməsi həyata keçirilərkən istehlakçıların daha yüksək tarif artımından qorunması üçün gəlirlər müvafiq subyektin yalnız zəruri xərclərini qarşılayacaq səviyyədə nəzərə alınmışdır. Tariflərə yenidən baxılaraq aşağı salınması isə təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə birlikdə xidmətin davamlığının təmin edilməsi baxımından da çətinliklərin yaranmasına səbəb ola bilər.
Ümumiyyətlə, digər ölkələrlə müqayisədə enerji daşıyıcıları üzrə ölkəmizdə mümkün olduğu qədər aşağı tariflərin tətbiqi məqsədəuyğun hesab edilir. Tarif tənzimlənməsində enerji tariflərinin mümkün olan aşağı səviyyədə saxlanılması hər şeydən əvvəl ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi məqsədini daşıyır.
Yuxarıda qeyd edilənlərə əlavə olaraq bildiririk ki, ölkəmizdə tarif tənzimlənməsi istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, dövlət büdcəsinə daxilolmaların səviyyəsi, subsidiyaların mərhələlərlə aradan qaldırılması, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif səviyyəsi, malın (işin, xidmətin) ölkədaxili istehsal şərtləri, dünya bazar qiymətləri və s. bu kimi amillər nəzərə alınaraq, optimal qiymətlər tətbiq edilməklə həyata keçirilir.
Belə ki, ilk baxışda əhali istehlakçı qrupu üçün təbii qaz üzrə istehlak həcmindən asılı olaraq dəyişən 3 diferensial tarifin (12, 20 və 25 qəpik/kubmetr) tətbiq edildiyi görünsə də, əslində istehlak həcmindən asılı olaraq dəyişən çoxlu faktiki proqressiv diferensial tariflər yaranır. Məsələn, təbii qaz üzrə illik istehlak həcmi 1000, 1500, 2000, 2500 və 3000 kubmetr olduqda, faktiki tarif müvafiq olaraq 12,0, 13,6, 15,2 16,2 və 17,6 qəpik/kubmetr təşkil edir. Beləliklə, istehlak həcmi artdıqca faktiki olaraq kəskin şəkildə artan deyil, tədricən yüksələn tariflər tətbiq edilir.
Təbii qaz tariflərinin regionlar və iqlim şəraiti üzrə diferensiallaşdırılması nəticəsində ölkənin bir regionunda tarif artımı tətbiq edilməyən illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə, xidmətin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxara bilər. Bu halda xidmətin davamlılığının təmin edilməsi və tarif artımı tətbiq edilməyən illik istehlak həcmi yüksəldilən region üzrə xidmətlə bağlı xərclərin qarşılanması məqsədi ilə digər regionlarda tarif artımı tətbiq edilməyən illik istehlak həcminin azaldılması zərurəti yaranır ki, bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulması ilə yanaşı, həm də regionlar arasında yaranacaq diskriminasiya baxımından məqbul hesab edilmir.
Tarif (qiymət) Şurasının 16.10.2021-ci il tarixli 14 nömrəli Qərarı ilə əhali üzrə aylıq elektrik enerjisi sərfiyyatı 200 kilovat-saatadək olan istehlakçılar üçün tarif 8 qəpik/kilovat-saat, 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik/kilovat-saat, 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 13 qəpik/kilovat-saat müəyyənləşdirilmişdir.
450 kVts üçün 1-200 kVts arası 200 x 0.08 manat = 16 manat;
200-300 kVts arası 100 x 0.09 manat = 9 manat;
300-450 kVts arası 150 x 0.13 manat = 19.5 manat
Cəmi: 16 + 9 + 19.5 = 44.5 manat
İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə sonuncu tarif tənzimlənməsindən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlər tariflərə yenidən baxılmasına zərurət yaratmışdır.
Tarif tənzimlənməsi həyata keçirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahəyə daha əlverişli investisiya şəraitinin yaradılması, dövlət büdcəsindən ayrılan subsidiyaların həcmi, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif səviyyəsi, region ölkələrindəki qiymətləri və s. bu kimi amillər nəzərə alınmışdır. Əhalinin daha yüksək tarif artımından qorunması üçün bu sahədə fəaliyyət göstərən subyektlərə hazırda dövlət büdcəsindən subsidiya ödənilir.
Tarif (qiymət) Şurası tərəfindən yalnız dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənir. Tənzimləmə zamanı dərman vasitələrinin qiymətləndirilməsində “referans qiymət” metodu tətbiq edilir. Bu metod, digər ölkələrdə olan tənzimlənən qiymətlərə istinad olunmaqla, eyni adda və ya eyni tərkibli dərman vasitəsinin qiymətinə uyğun qiymətin müəyyən edilməsinə imkan yaradır.
Tarif tənzimlənməsi zamanı seçilmiş 10 istinad ölkəsində olan rəsmi və açıq mənbələrdən istifadə olunur. Həmin mənbələrə keçidlər (ünvanlar) və dərman vasitələri qiymətlərinin tənzimlənməsi ilə bağlı normativ hüquqi sənədlər Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsindən əldə etmək mümkündür. Bununla yanaşı, Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunan dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri də Şuranın internet səhifəsində yerləşdirilir və istənilən şəxs tərəfindən qaydalara, təlimata, istinad ölkəsində olan qiymətlərə əsasən hesablanmış qiymətlərə nəzarət həyata keçirilə bilər.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağandır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində buna görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İstehlakçılar dərmanların fərqli (baha) qiymətə satılması faktları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (195-1-4) müraciət edə bilərlər.
İlk növbədə qeyd edək ki, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin təchizatında yalnız bizdə deyil, əksər ölkələrdə fasilələrin yaranmasına səbəb olur.
Bununla yanaşı əczaçılıq sahəsində daim daha yeni, o cümlədən innovativ dərmanların yaradılması ilə mövcud dərman bazalarının yenilənməsi həyata keçirilir.
Dərman qıtlığının yalnız tarif tənzimlənməsi ilə əlaqələndirilməsi düzgün yanaşma deyil. Məsələn, epidemiya və ya xəstəliyin yayılması ilə əlaqədar bəzi dərmanlara tələbat kəskin artır. Heç uzağa getməyək, pandemiya dövründə mətbuatda və sosial şəbəklərdə hər-hansı bir dərmanın xəstəliyin müalicə etməsi ehtimalı qeyd edilən kimi, həmin dərman vasitələri lazım olub və ya olmamasından asılı olmayaq əhali tərəfindən ehtiyat üçün alınırdı və həmin dərmana qıtlıq yaranırdı. Bu hal dərman məhsulları ilə yanaşı ərzaq məhsullarında da müşahidə edildi. Lakin sonradan o dərmanların çoxları istifadə edilmədi və istifadə müddəti keçdiyi üçün atıldılar. Hər hansı bir tərkibli dərman vasitəsinin bir müddət bazarda olmaması qiymət tənzimləməsinə başlanılmamışdan da əvvəl olub.
Hal-hazırda açıq informasiya mənbələrində dünyanın bir çox ölkələrində bəzi tərkibli dərmanlarda (antibiotiklər, qızdırmasalıcı və s.) qıtlığın olması haqqında məlumatlar yayılır. Bu hal əczaçılıq sənayesi inkişaf etmiş ölkələrdə də baş verir. Belə ki, Almaniyada ən azı 425 adda dərman vasitəsinin, Fransada 300 dərman vasitəsinin, İspaniyada 403 dərman vasitəsinin, İtaliyada 300-ə yaxın dərman vasitəsinin qıtlığının müşahidə edildiyi, Türkiyənin bəzi dərmanların ixracına qadağa tətbiq etdiyi haqqında informasiyalar mövcuddur.
Qeyd edək ki, Azərbaycan dərman bazarının tələbatı idxal dərman vasitələri hesabına ödənilir. Buna görə dünyada baş verən hadisələr ölkəmizin dərman bazarına da təsir bilavasitə təsir edir. Göstərilənlər nəzərə alınaraq, dərman qıtlığının qarşısının alınması və əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən bəzi dərmanların qiymətləri ilə əlaqədar istehsalçıların müraciətlərinə baxılır. Əsaslandırılmış müraciətlərlə əlaqədar dərman vasitələrinin qiymətlərində dəyişikliklər edilir.
Dərman vasitələrinin dövriyyəsinin artması da ümumilikdə qıtlığın yalnız bəzi təsiredicilər üzrə qısamüddətli olmasının göstəricisidir. Belə ki, tarif tənzimlənməsi tətbiq edilməmişdən əvvəl 2014-cü ildə idxal olunan dərman vasitələrinin dəyəri 221,6 milyon ABŞ dolları təşkil etdiyi halda, bu göstərici son üç il üzrə 2020-ci il 370,4 milyon ABŞ dolları, 2021-ci il 514,8 milyon ABŞ dolları, 2022-ci ildə isə 631,3 milyon ABŞ dolları təşkil etmişdir.
Eyni zamanda, ölkəmizdə tətbiq olunan dərman vasitələrinin qiymətlərinin tənzimləmə mexanizminin optimal olmasını Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ölkələrin Azərbaycan təcrübəsinə oxşar metodologiyaya uyğun qiymətləndirmənin həyata keçirilməsinə başlanılması ilə də göstərmək olar.
Son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətlərinin yüksəlməsinə səbəb olur.
Bu hal yalnız ölkəmizdə deyil, digər ölkələrdə də baş verir. Açıq informasiya sistemindən (internetdən) əldə olunan məlumatlara əsasən, daxili bazarın 90%-ni yerli istehsal hesabına təmin edən qonşu Türkiyədə 2022-ci ildə dərman vasitələrinin qiymətində 3 dəfə dəyişiklik edilmiş və bütün qiymətlər müvafiq olaraq 37%, 25%, 37 % artırılmışdir ki, bu da 2 dəfədən çox artım deməkdir. Həmçinin daxili bazarın qorunması məqsədilə bəzi dərmanların ixracı məhdudlaşdırılmışdır.
Qeyd etdiyimiz səbəblər nəzərə alınaraq dərman qıtlığının qarşısının alınması və əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Tarif (qiymət) Şurası tərəfindən 2022 -ci ildə 479 dərman vasitəsinin qiymətinə yenidən baxılaraq artırılmışdır.
Əlavə olaraq bildirmək lazımdır ki, xəstələrinin xərclərinin artmasına əsas təsir edən həkimlər tərəfindən reseptə dərman vasitəsi olmayan Bioloji Fəallığa Malik Qida Əlavələri yazılması ilə bağlıdır. Belə ki, qida lavələrinin reseptdə yazılması əhalidə (pasiyentlərdə) onların dərman olması fikrini formalaşdırır. Bioloji Fəallığa Malik Qida Əlavələrinin qiymətlərinin tənzimlənmədiyi üçün yüksək, növlərinin çeşidli (2022-ci ildə 3 minə yaxın adda idxal olunub) olması isə ümumilikdə əhalidə dərman vasitələrinin qiymətlərinin yüksək olması təəssüratı yaradır. Halbukı qida əlavələri dərman vasitəsi deyil, onlar xəstəliklərin müalicə və profilaktikasında istifadə oluna bilməz və qanunvericiliyə əsasən reseptə yazılması qadağandır.
İnzibati Xətalar Məcəlləsində Bioloji Fəallığa Malik Qida Əlavələrinin reseptə yazılması hallarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.
Qanunvericiliyə əsasən ölkəmizdə dərman vasitələrinin idxalına, istehsalına, satışına və istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir. Bununla yanaşı dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağandır.
Bəzi hallarda həkimlər tərəfindən qeydiyyatsız dərmanların ticarət adı ilə reseptə yazılması dərman qıtlığı təəssüratı yaratmaqla həmin dərmanların qeyri-qanuni idxalını stimullaşdırır və qiymətlər arasındakı fərq 3-5 dəfədən çox olur.
Əslində isə həkim tərəfindən dərman vasitəsi tərkibə görə yazılmalı pasient isə aptekə yaxınlaşdıqda ona sərfəli olanını almalıdır. Belə ki, antibiotik olan seftriaksion tərkibli dərman vasitəsi ölkəmizə 30-dan çox adda idxal olunur və qiymətləri istehsal ölkəsindən, miqdarından, dozasından asılı olaraq qiyməti 0,66-264,62 manat arası dəyişir. Və yaxud qandurulaşdırıcı olan klopidoqrel tərkibli 10-dan çox adda dərman vasitəsi idxal olunur və qiymətləri istehsal ölkəsindən, miqdarından, dozasından asılı olaraq 4,33-68,75 manat arası dəyişir. Əksər hallarda ya hansısa səbəbdən həkim bahalı dərman yazır və yaxud da pasiyent fikirləşir ki, qiyməti yüksək olan dərman daha keyfiyyətli olar. Maarifləndirmə işləri həyata keçirilmədiyi üçün bu kimi hallarda alıcılıq qabiliyyəti aşağı olan vətəndaşın qiymət fərqinə görə əlavə maliyyə yükü yaranır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin satışı hallarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.
İstehlakçılar belə faktları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (195-1-4) müraciət edə bilərlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.12.2016-cı il tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na əsasən buraxılış imtahanının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.
Ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları cari ilin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna qəbul imtahanına və I-IV ixtisas qrupları üzrə qəbulun 1-ci mərhələsinə bərabər tutulur. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanı 1 nəfər üçün ƏDV-siz 45 manat, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı I və II mərhələlər üzrə müvafiq olaraq 1 nəfər üçün ƏDV-siz 45 manat və 50 manat müəyyən olunmuşdur. Müvafiq qiymətlər əvvəlki illərdə imtahanlarda iştirak etmiş və yenidən müraciət edən az sayda məzunları əhatə edir.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, mövcud olan problemlərin aradan qaldırılması məqsədilə Şuranın 30.01.2021-ci il tarixli 5 nömrəli Qərarı ilə bir kub metr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üçün 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə 30 qəpik səviyyəsində təsdiq edilmişdir. Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr (5 manat) müəyyənləşdirilmişdir.
Bərk məişət tullantılarının yığılması və daşınması xidmətinin tarifi Tarif (qiymət) Şurasının 24.11.2011-ci il tarixli 5 nömrəli Qərarı ilə ƏDV ilə birlikdə əhali üzrə 1 nəfər üçün aylıq 30 qəpik müəyyənləşdirilmişdir.
Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün tariflər hər bir vəzifə qrupu üzrə proqnozlaşdırılan iştirakçıların sayı və xidmətlə bağlı xərclər nəzərə alınmaqla diferensial olaraq müəyyən edilmişdir.
“Dövlət qulluğu sertifikatı” olan şəxsin həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirakı üçün ödənişin məbləği Tarif (qiymət) Şurasının 23.05.2017-ci il tarixli 5 nömrəli Qərarı ilə müəyyən edilmiş dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi miqdarında müəyyən edilmişdir.
Mənzilin texniki inventarlaşdırılması tarifi mənzilin sahəsi 50 m2-dək (50m2 daxil) olduqda ƏDV daxil 20 manat, sahəsi 50 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün 0.33 manat təşkil edir.
sahəsi 50 m2-dək (50m2 daxil) = 20 manat;
sahəsi 50 m2-dən çox olduqda 25*0.33 = 8.25 manat;
Cəmi: 20 + 8.25 = 28.25 manat
Bununla bağlı göstərilən xidmətlərin tarifləri Tarif (qiymət) Şurasının 04.01.2021-ci il tarixli 2 nömrəli Qərarı ilə müəyyən edilmişdir.
Şuranın 16.10.2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən 01.11.2021-ci il tarixindən “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qazın tarifi 16,5 qəpik müəyyən edilmişdir.
Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 3,5 manat (ƏDV daxil olmaqla) təşkil edir.
Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla) 1 ədəd nv üçün 1 günlük saxlanma tarifi 1 manat, 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat təşkil edir.