İqtisadiyyat Nazirliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması prioritet əhəmiyyət kəsb edir. Göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilməkdədir. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə “www.economy.gov.az”, “www.lisenziya.gov.az” və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür. Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 271 xidmət göstərilir ki, onların 72%-i (195 xidmət) elektronlaşdırılmışdır. Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.
“Lisenziyalar və icazələr” portalı
İstifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziyaların və lisenziya əlavələrinin alınması və yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyalaşdırılan fəaliyyət növünə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir. “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir. 2024-cü ilin ötən dövründə “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilmiş və sahibkarlara portal vasitəsilə 324 elektron lisenziyanın verilməsi təmin edilmişdir. Ümumilikdə “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən 31 mart 2024-cü il tarixinə kimi portal vasitəsilə 4831 elektron lisenziya verilmişdir.
Qrafik 1. Verilmiş elektron lisenziyaların illər üzrə bölgüsü.
Daşınmaz əmlak sahəsində xidmətlər üzrə yeniliklər
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində cari ilin ötən dövründə bir sıra işlər həyata keçirilmişdir.
Elektron hərrac sistemi
Hərraclar zamanı dövlət əmlakının satışının tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilməsini nəzərdə tutan müvafiq prosedurların elektronlaşdırılması işinin sürətləndirilməsi ilə əlaqədar hərracların elektron qaydada keçirilməsinin təşkili, daşınar və daşınmaz əmlakın satışı üzrə hərracların işinin təkmilləşdirilməsi üçün “Elektron hərrac” proqram təminatı hazırlanaraq istifadəyə verilmişdir. Məqsəd təşkil olunan hərraclarda şəffaflığın təmin olunması, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqidir. İnvestorları daha sadə prosedurlarla əmlak sahibi edən Elektron Hərrac sistemi innovativ olmaqla digər layihələrdən fərqlənir. Bu fərqlilik isə onun bir neçə mühüm üstünlüklərə sahib olmasıdır. Belə ki, Elektron Hərracda biznes qurmaq istəyən sərmayəçilərin önəm verdiyi faktorlardan biri olan zaman prinsipi nəzərə alınmışdır. Onlar heç bir yerə getmədən evlərindən, ofislərindən internet vasitəsilə qoşulmaqla onlayn olaraq sifariş verdiyi əmlakın sahibi ola bilərlər. Qeyd edək ki, Elektron hərrac sisteminin tətbiqi bu sahədə operativliyi təmin edir, vətəndaş məmur münasibətlərini minimuma endirir, zaman və məkan məfhumunu aradan qaldırır və investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanlar yaradır.
Vergi sahəsində xidmətlər üzrə yeniliklər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində bir sıra yeniliklər həyata keçirilmişdir:
Dövlət satınalmalarının vahid internet portalı
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanı əsasında dövlət satınalmalarının elektron satınalma modelinin tətbiqinə 2019-cu ilin iyun ayından başlanılmışdır. Elektron dövlət satınalmaları sisteminin yaradılması dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Portal satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu da, öz növbəsində, dövlət satınalmalarını sahibkarlar üçün əlçatan edir, satınalmalarda geniş rəqabət mühitini təmin etməklə dövlət vəsaitinin qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaradır. 27 fevral 2023-cü il tarixində dövlət satınalmalarının vahid internet portalı yenilənərək istifadəçi interfeysi və funksionallığında dəyişikliklər edilmişdir. Yeni interfeysdə məlumatların əlçatanlığı və istifadəçi rahatlığı nəzərə alınaraq bir sıra yeniliklər tətbiq edilmişdir. Bu yeniliklərə müsabiqələrin paylaşılması üçün fərdi keçidlərin hazırlanması və mobil versiyanın yaradılması da daxildir.
Video təlim platforması
Mikro, kiçik və orta biznes subyektlərinin “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi, biznes sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq təlim, seminar və digər tədbirlər təşkil edilir, məsləhət xidmətləri göstərilir. Bu dəstək ödənişsiz olaraq KOBİA-nın KOB İnkişaf Mərkəzləri (KOBİM) tərəfindən onlayn və offlayn rejimdə həyata keçirilir. Sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə əsasında www.kobim.az saytında video təlim platforması yaradılmışdır. Platformada biznesə başlama, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə təlim videoları, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilmişdir. KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının video təlim platforması bölməsində qeydiyyatdan keçməklə təlim videolarını izləyə bilərlər. Vaxta qənaət, internetə çıxış olan istənilən məkandan qoşulma, video təlimləri təkrar izləmək imkanı, təlim materialları, videoları izlədikdən sonra özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların praktik və peşəkar təlimçilər tərəfindən izah olunması və platformadan istifadənin ödənişsiz olması video təlim platformasının başlıca üstünlükləridir.
KOB evləri üçün “KOB növbə” mobil tətbiqi
Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımdan KOB evləri unikal modellərdəndir. 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətlərinin vahid məkanda göstərildiyi KOB evləri hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir. Bakı, Xaçmaz və Yevlax KOB evlərində göstərilən xidmətlərdən yararlanmaq istəyən sahibkarlar “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər. “KOB növbə” tətbiqi sahibkarların KOB evlərində əlavə vaxt itkisinin qarşısını almaqla onların vaxtlarına qənaət etməsinə imkan verir.
Onlayn ticarət portalı
KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma vasitəsilə tanıdılması və onlayn satışının həyata keçirilməsi üçün “e-commerce” konsepsiyası əsasında “www.kobmarket.az” platforması fəaliyyət göstərir. Portal əsasən mikro və kiçik biznesin inkişafına dəstək olmaq, KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılmışdır. Portalda onlayn mağaza açmaq üçün sadə qeydiyyat prosesi mövcuddur ki, bu da sahibkarlara qısa müddət ərzində onlayn mağaza açaraq məhsullarını yerləşdirməklə satış imkanlarını genişləndirməyə imkan verir. Portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı da yaradılmışdır. www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir. Sözügedən portalda sahibkar və müştəri məmnuniyyəti əsas prinsip kimi nəzərə alınaraq müasir elektron həllərin tətbiqi istiqamətində yeniliklərin əlavə edilməsi, platforma üzərindən satışın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı işlər aparılır.
KOB investisiya portalı
KOB subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün KOB investisiya portalı (https://invest.smb.gov.az/az) yaradılmışdır. Platformanın məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatının inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. İqtisadiyyat Nazirliyi innovasiyaların tətbiqi, xidmət sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işləri davam etdirir. Nazirlik tərəfindən göstərilən xidmətlərə 2024-cü ilin I rübündə 4 milyon 846 mindən artıq müraciət qeydə alınmışdır ki, onların 94.3%-i (4 milyon 567 mindən artıq müraciət) elektron xidmətlərin payına düşür.
Qrafik 2. Xidmətlərə, o cümlədən elektron xidmətlərə müraciət sayı.