Vətəndaşların Qəbulu Mərkəzi

Vətəndaşların Qəbulu Mərkəzi Hökumət Evi kimi tanınan inzibati binada (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə fəaliyyət göstərir. 

Mərkəzdə vətəndaşların qəbulu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat, Energetika və Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul əməkdaşları tərəfindən həyata keçirilir.

Mərkəz vətəndaşlara Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.

Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir.