Выступления и интервью

  • Обновлено 23.10.2012 06:29
  • Создано 19.09.2012 14:01

İnkişafın Azərbaycan modelinin yaradıcısı

 

Hər bir ölkənin inkişaf səviyyəsini, həmçinin dövlətin nüfuzunu və gücünü müəyyən edən başlıca amillərdən biri məhz milli lider fenomenidir. Belə ki, milli liderin müəyyənləşdirdiyi mükəmməl strategiya istər ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsinə, istərsə də mövcud təbii sərvətlərin hər bir vətəndaşın mənafeyinə xidmət etməsi üçün ciddi əsaslar formalaşdırır, ölkənin siyasi-hüquqi cəhətdən təkmilləşməsinə, dövlətçilik ənənələrinin möhkəmlənməsinə şərait yaradır. Bir sözlə, iqtisadi-sosial sferadan siyasi-hüquqi sahəyədək hər bir istiqamətdə mükəmməl inkişaf tendensiyası yaradır.

Bəşər tarixinin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən ulu öndər Heydər Əliyev bu xüsusiyyətləri özündə uğurla birləşdirən böyük şəxsiyyətdir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır.

Müstəqil Azərbaycanın qazandığı hər bir uğurun təməlində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası dayanır. Azərbaycanın inkişaf mərhələlərinin təhlili göstərir ki, bu strategiyanın tarixi Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından xeyli əvvəl - 1969-cu ildə respublikaya rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan İttifaq respublikaları arasında bütün göstəricilərə, eləcə də yaşayış səviyyəsinə görə axırıncı yerlərdən birini tuturdu. Azərbaycan bütün İttifaqı ən qiymətli təbii sərvət sayılan neftlə təmin etdiyi halda, heç bir iqtisadi resursu olmayan digər respublikalarda yaşayış səviyyəsi bizdə olduğundan xeyli yüksək idi. 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açdı və ölkəmiz qısa zaman kəsiyində İttifaqın tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrildi. Ulu öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan İttifaq respublikaları arasında öz layiqli yerini tutdu.

1969-1982-ci illərdə respublikamızda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranmışdı. Əgər XIX əsrdən 1969-cu ilədək (təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə - cəmi 14 ildə onların sayı 1048-ə çatmışdı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Bu illərdə paytaxt Bakının inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi də dəyişdi. Paytaxtımız yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 ildə respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsinə imkan yaratmışdı.

Azərbaycanın inkişaf tarixinin dinamikası bir daha təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsasını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən ulu öndər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr qırıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab etdi. Görülmüş işlər nəticəsində 1996-2003-cü illər ərzində Azərbaycanda ümumi daxili məhsul iki dəfəyədək, orta aylıq əməkhaqqı 6,2 dəfə, pensiyalar isə 5,1 dəfə artdı.

İslahatların uğurla aparılması üçün yeni qanunların qəbulu son dərəcə vacib idi. Genişmiqyaslı islahatlara başlayan ulu öndər yaxşı bilirdi ki, bu prosesin ağrısız keçməsi üçün ilk növbədə mükəmməl qanunvericilik bazası formalaşdırılmalıdır. Qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyasına əsaslanan və Prezident İlham Əliyevin dövrün tələbləri nəzərə alınaraq daim təkmilləşən, düşünülmüş və uzaqgörən siyasətinin məntiqi davamı olan dinamik sosial-iqtisadi tərəqqi nəticəsində liberal bazar iqtisadiyyatına keçid təmin edilmişdir. Bununla da yüzilliklər tələb olunan əsaslı keyfiyyət dəyişikliklərinə cəmi 20 il ərzində nail olmuş ölkəmizin uğurları tarixə sosial-iqtisadi inkişafın Azərbaycan modeli kimi daxil olmuşdur. Bu modelin əsasını Heydər Əliyevin uğurlu neft strategiyası, neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi təşkil edir.

Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Yeni mərhələnin səciyyəvi cəhətlərindən biri də milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qlobal böhran şəraitində belə bütün sahələrdə inkişaf edən və yeniləşən ölkələrdən biri kimi tanınır.

Dünya maliyyə-iqtisadi böhranı da Azərbaycan iqtisadiyyatının sadəcə neft amili üzərində qurulmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun mühüm paya malik olduğunu təsdiqləmişdir. Ötən ilin nəticələri ölkə iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun əsas paya malik olduğunu bir daha təsdiqləmiş, şaxələndirmə tədbirlərinin, sahibkarlığın inkişafının, investisiya mühitinin daha da yaxşılaşdırılmasının nəticəsi olaraq qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin iqtisadi inkişaf strategiyasından qaynaqlanan və ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, siyasi-iqtisadi reallıqlar nəzərə alınmaqla həyata keçirilən modernləşmə xəttinin məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin təmin olunması, inflyasiyanın idarəolunan səviyyədə, eləcə də milli valyutanın məzənnəsinin sabit saxlanılması ilə digər ölkələrdən fərqlənir. 1996-cı ildən başlayan iqtisadi artım dinamik olaraq davam edir və 2011-ci ilin yekunlarına əsasən ümumi daxili məhsul artıq 63 milyard, onun adambaşına düşən həcmi isə 7 min dollardan çox olmuşdur. Son 8 ildə isə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,2 dəfə artmışdır. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Son illərdə ölkəmizin iqtisadi inkişafının əsas səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, ÜDM-in artımı qeyri-neft sektoru hesabına təmin olunur. Təkcə 2011-ci ildə qeyri-neft sektorunun 9,4 faiz artması ölkə iqtisadiyyatının neft sektorundan asılılığının minimuma endirilməsi, iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun inkişafı siyasətinin nəticəsidir. Son 8 ildə iqtisadiyyata kredit qoyuluşları 14,8 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3,7 dəfə, xarici ticarət dövriyyəsi 7 dəfə, o cümlədən ixrac 10,3 dəfə artmışdır. İnvestisiyaların strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, ümumi investisiyalarda qeyri-neft sektoruna yatırılan və eləcə də daxili investisiyalar üstünlük təşkil edir. Belə ki, son 8 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 9,7 dəfə, daxili investisiyalar 10,9 dəfə artmışdır.

Dövlət büdcəsinin gəlirləri 2003-cü illə müqayisədə 2011-ci ildə 12,9 dəfə artmışdır. Büdcədə qeyri-neft gəlirləri son səkkiz ildə 5,5 dəfə artaraq 4,1 milyard, investisiya xərcləri 67,3 dəfə artaraq 5,8 milyard, sosial xərclər 6,4 dəfə artaraq 4,3 milyard manat təşkil etmişdir. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 43 milyard ABŞ dollarından artıqdır. Bir sıra inkişaf etmiş ölkələrdə xarici dövlət borcu ÜDM-i üstələdiyi halda, Azərbaycanda 2011-ci ilin yekunlarına əsasən, bu göstərici cəmi 7,6 faiz təşkil etmişdir.

Ölkə iqtisadiyyatının diversifikasiyasının sürətləndirilməsinə və qeyri-neft sektorunun davamlı inkişafına yönəlmiş sənayeləşmə siyasəti yeni, müasir müəssisələrin yaradılmasını, müəssisələrin texnoloji baxımdan yenidən qurulmasını təmin etmişdir. Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları istehsalı müəssisələrinin, eləcə də ölkənin müxtəlif bölgələrində alüminium, kondensator, MDF, "Müasir Tikinti Materialları", qlükoza istehsalı və "Azgüntex" zavodlarının istifadəyə verilməsi, "Qaradağ Sement" zavodunun yenidən qurulması və 2 yeni sement, bərk məişət tullantılarının yandırılması, gəmiqayırma, "Xovlu İplik", gübrə zavodlarının və digərlərinin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Ümumilikdə 2011-ci ildə 5 mindən çox, son 8 ildə isə 42 mindən çox müxtəlif təyinatlı yeni müəssisə açılmışdır.

Bu gün qeyri-neft sənayesi ölkə iqtisadiyyatının xüsusilə dinamik inkişaf edən sektoruna çevrilmiş, bu sahədə məhsul istehsalı 2003-2011-ci illər ərzində təxminən 1,5 dəfə və ya orta hesabla hər il 5,2 faiz artmışdır. Hazırda tikintisi davam edən 100-dək sənaye müəssisəsinin istifadəyə verilməsi müasir texnologiyaların və innovasiyaların tətbiqinə əsaslanan qeyri-neft sənayesinin inkişafını daha da sürətləndirəcəkdir. Təsadüfi deyildir ki, bu ilin I rübündə qeyri-neft sənayesində məhsul istehsalının 16,5 faizlik artımına nail olunmuşdur.

Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.

Elektrik enerjisinə artan tələbin ödənilməsi məqsədilə təkcə son 6 ildə Azərbaycanda 11 elektrik stansiyası tikilmişdir. Eyni zamanda, elektrik enerjisi istehsalında da müasir texnologiyaların tətbiqinin, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Artıq Eksperimental Poliqon istifadəyə verilmiş və hibrid tipli müasir günəş və külək elektrik stansiyası quraşdırılmışdır. Bütövlükdə elektrik enerjisinə olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmaqla, ölkəmiz enerji ixracatçısına çevrilmişdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sektorda intensiv metodların və yeni təsərrüfatçılıq üsullarının tətbiqi, məhsul istehsalının və saxlanmasının müasir infrastrukturunun yaradılması, daha keyfiyyətli lizinq və aqrotexniki xidmət sferasının genişləndirilməsi və s. kimi dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi bu sahənin inkişafını daha da sürətləndirmişdir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasının uğurla davam etdirilməsi yerli istehsal hesabına əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini yüksəltməklə ərzaq təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir.

Ərzaq təhlükəsizliyi ilə yanaşı, qida təhlükəsizliyinin də artırılması məqsədilə mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmamış malların satışdan kənarlaşdırılması sistemi təkmilləşdirilmiş, eləcə də məhsulların etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması işi gücləndirilmişdir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.

Azərbaycanda müasir standartlara cavab verən vahid milli elektron informasiya məkanının formalaşdırılmasına və elektron xidmətlərin genişləndirilməsinə, informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına və modernləşdirilməsinə böyük diqqət yetirilir. "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində respublika ərazisində yeni informasiya texnologiyalarının tətbiqi, genişzolaqlı internet şəbəkəsinin yaradılması, milli telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı kompyuter mərkəzinin yaradılması işləri uğurla davam etdirilir. Hazırda əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20-yə, internet istifadəçilərinin sayı isə 65-ə çatmışdır.

Heydər Əliyevin sahibkarlığın inkişafı strategiyası bu sahədə tədbirlərin sistemliyi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Hazırda Azərbaycan Respublikasının Prezidenti tərəfindən özəl sektorun genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Bu sahədə elektron xidmətlərin tətbiqi sürətləndirilmiş, fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrinin elektron qəbuluna başlanmış, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Bununla yanaşı, icazələrə dair yaradılmış İnternet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaratmışdır. Eləcə də güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını artırmışdır. 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara verilmiş 138 milyon manat güzəştli kredit 6500-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşmüşdür. Müasir texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü iri layihəyə 118 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli kreditlərdən istifadə edilməklə 2011-ci ildə 33 müasir müəssisə istifadəyə verilmişdir, bu il isə daha 96 müəssisə istifadəyə veriləcəkdir. 2012-ci ildə sahibkarlara 200 milyon manat həcmində güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycanda 91, xarici ölkələrdə 99 biznes forum və konfransı təşkil edilmişdir. Sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də mütərəqqi təcrübənin öyrənilməsi, müasir konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində 80-i regionlarda olmaqla 144 tədbir keçirilmiş, onlarla sahibkar və gənc menecer bilik və bacarıqlarını artırmaq məqsədilə Almaniyada təcrübə keçmişdir.

Xarici iqtisadi əməkdaşlıq və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından da ciddi uğurlar əldə olunmuşdur. Beynəlxalq səviyyədə ikitərəfli, çoxtərəfli və regional əməkdaşlıq dərinləşdirilmiş, Azərbaycanın regionda liderlik mövqeyi daha da güclənmişdir. Sürətli iqtisadi inkişaf, maliyyə imkanlarının artması Azərbaycanı investisiya ixracatçısına çevirmiş və artıq xarici ölkələrə 6 milyard dollardan çox sərmayə yatırılmışdır.

Xarici ticarətin coğrafiyası genişləndirilmiş, onun əmtəə strukturu təkmilləşdirilmişdir. Belə ki, təkcə 2011-ci ildə 149 ölkə ilə xarici ticarət aparılmış, xarici ticarət dövriyyəsi 29,9 faiz artaraq 36,3 milyard dollar, o cümlədən ixrac 24,4 faiz artaraq 26,6 milyard dollar, müsbət xarici ticarət saldosu 16,8 milyard dollar təşkil etmiş, ixrac idxalı 2,7 dəfə üstələmişdir. Müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, istehsal proseslərinin beynəlxalq standartlara uyğun qurulması nəticəsində mexanizm və avadanlıqların idxalı 1,6 dəfə artmışdır.

"Qlobal innovasiya indeksi-2011" hesabatına əsasən, idxalda yüksək texnologiyalı məhsulların xüsusi çəkisinə görə Azərbaycan dünya ölkələri arasında 30-cu, MDB-də isə birinci yerdədir. Kommersiya xarakterli xidmətlər idxalında kompyuter və kommunikasiya xidmətləri idxalının xüsusi çəkisi 61,7 faiz təşkil etmişdir ki, bu göstərici üzrə Azərbaycan dünya ölkələri arasında 5-ci mövqedədir. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının texnoloji strukturunun modernləşməsinin, müasirləşməsinin göstəricisidir.

Azərbaycan regionlarının, paytaxt Bakı və onun qəsəbələrinin inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, eləcə də digər dövlət proqramlarının uğurlu icrası dinamik iqtisadi inkişafın təmin olunması, infrastrukturun yeniləşməsi, yeni müəssisə və obyektlərin yaradılması, iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu dövlət proqramları həm də əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına, rifahının yüksəlməsinə xidmət edir. Son 8 ildə 727 mindən çoxu daimi olmaqla 1 milyondan artıq yeni iş yeri açılmışdır. Bu dövr ərzində əhalinin gəlirlərinin nominal artım tempi 5,3 dəfə, ölkə üzrə iqtisadiyyatda məşğul olan işçilər üzrə orta aylıq əməkhaqqı 4,7 dəfə, əhalinin əmanətləri 16,4 dəfə artmışdır.

BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən ölkəmiz artıq yüksək inkişaf etmiş ölkələr sırasına daxil olmuşdur. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilmişdir. Bu isə 2003-cü illə müqayisədə 10 dəfə çoxdur. Əvvəlki illərdəki artımlarla yanaşı, 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı orta hesabla 10%, 900 min pensiyaçının əmək pensiyası isə orta hesabla 40%-dək artırılmışdır.

Ümumilikdə, ölkədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq, yoxsulluq səviyyəsi son 10 ildə 6,5 dəfə azalmaqla 7,6%-ə enmişdir.

Dövlət başçısının daim diqqətində olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, müasir standartlara cavab verən yeni yaşayış qəsəbələrinin salınması, çoxmərtəbəli binaların tikintisi həyata keçirilmişdir. Görülən işlər nəticəsində məcburi köçkünlərin yoxsulluq səviyyəsi 4,1 dəfə azalmışdır. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 4,6 milyard dollar, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 1 milyard dollar xərclənmişdir. Əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımların mühüm tərkib hissəsi səhiyyə sisteminin inkişaf etdirilməsindən və əhalinin sağlamlığının qorunmasından ibarətdir. Son illər 400-dən artıq yeni tibb müəssisəsi tikilib istifadəyə verilmiş və onların müasir tibbi texnika və avadanlıqlarla təchiz olunması təmin edilmişdir.

Kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi çərçivəsində ölkədə əhalinin elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatının daha da yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər davam etdirilir. Bakı şəhəri əhalisinin yüksək keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması məqsədilə Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.

Ölkənin gələcək sosial-iqtisadi inkişafı həm də bilik səviyyəsinin artırılmasını tələb edir. Bu baxımdan təhsil sisteminin müxtəlif sahələri üzrə inkişaf proqramları çərçivəsində təhsilin məzmununun yeniləşdirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki-peşə təhsilinin təkmilləşdirilməsi, istedadlı uşaq və gənclərin potensialının inkişafı və digər sahələrdə tədbirlər həyata keçirilir. Təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə son illərdə ümumi məktəblərin 40 faizi yeni tikilmiş, genişləndirilmiş, əsaslı təmir olunmuş və müasir avadanlıqlarla təmin edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yüzlərlə təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində də təhsil alan xaricilərin sayı artmış və "Qlobal innovasiya indeksi"nə əsasən, təhsil alan xarici tələbələrin xüsusi çəkisinə görə Azərbaycan dünya ölkələri arasında 37-ci, MDB ölkələri arasında 2-ci yerdədir.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, müasir tələblərə cavab verən yeni tullantı poliqonlarının, o cümlədən Balaxanı Poliqonu yaradılmış, bərk məişət tullantılarının yandırılması zavodunun, məişət tullantılarının çeşidlənməsi zavodunun inşası uğurla davam etdirilir. Eləcə də ölkə başçısı tərəfindən 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi həyata keçirilən tədbirlərin miqyasını daha da artırmış, ətraf mühitin qorunması ilə bağlı bir sıra layihələrin reallaşdırılmasını sürətləndirmişdir. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən ekoloji vəziyyət və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildə 132 ölkənin fəaliyyətinin nəticələri üzrə qiymətləndirmə aparılmışdır. Təsadüfi deyildir ki, həmin qiymətləndirmənin nəticələri əsasında hazırlanmış "Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi" sənədində ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə ölkəmiz ikinci yerə layiq görülmüşdür.

Beləliklə, yaradılmış möhkəm təməl üzərində dinamik inkişaf edən Azərbaycan iqtisadi qüdrətini davamlı artıraraq regionun lider dövlətinə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "İş yerləri, qeyri-neft sektoru, özəl sahibkarlığın inkişafı, yeni nəhəng sənaye müəssisələrinin yaradılması, məktəblər, tibb ocaqları, mədəniyyət ocaqları, abadlıq işləri - bax, ölkəmiz bu cür inkişaf edir".

Yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və özündə modernləşdirmə və rifah amillərini birləşdirən Azərbaycanın inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, ötən il Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur. "Doing Business 2012" hesabatında isə Azərbaycan üç pillə irəliləyərək 183 ölkə arasında 66-cı yerə yüksəlmişdir. Nüfuzlu "Standart & Poor's" Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini ötən ilin dekabr ayında daha bir pillə artıraraq "BBB-" səviyyəsinə çatdırmış, proqnozunu isə "sabit" saxlamışdır. "Fitch Ratings" Agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini investisiya səviyyəli "BBB-" səviyyəsində təsdiq etmiş və reytinq proqnozunu "stabil"dən "müsbət"ə yüksəltmişdir. "Moody's" Beynəlxalq Reytinq Agentliyi isə Azərbaycanın uzunmüddətli kredit reytinqini "Baa3" səviyyəsinədək yüksəldərək investisiya reytinqi vermiş, reytinq üzrə proqnozu isə "sabit" kimi qiymətləndirmişdir.

Azərbaycan iqtisadiyyatının daha da modernləşməsi, qazanılmış uğurların daha da möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hazırlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin daha da qüdrətlənməsini, hər bir vətəndaşın həyat səviyyəsinin ən yüksək standartlara çatdırılmasını təmin edəcəkdir. Bu məqsədlərə nail olunmasında dövlət başçısının qarşıya qoyduğu vəzifələr - rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi və son nəticədə əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır.

Ulu öndər Heydər Əliyevin xatirəsini anarkən onun xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycanı, əbədiyaşar ideyalarını qorumağı hər bir vətəndaş qarşısında mənəvi öhdəlik kimi müəyyənləşdirir. Çünki müstəqillik arzularımızın reallığa çevrilməsi və Azərbaycan dövlətinin bugünkü inkişafı məhz Heydər Əliyevin ideyalarına söykənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 9 ildə qazandığımız bütün sosial-iqtisadi nailiyyətlər, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi Heydər Əliyevin arzularının həyata vəsiqə alması deməkdir. Heç şübhəsiz ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq, daha uca zirvələri fəth edəcəkdir.

 

← Назад