Выступления и интервью

  • Обновлено 23.12.2015 13:47
  • Создано 23.12.2015 13:45

Sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilir

 

Müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbləri ilə uzlaşdırılmaqla yeni çalarlarla zənginləşdirilmiş inkişaf strategiyasının uğurlu icrası nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitlik təmin edilmiş, davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bunun nəticəsidir ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirir. Belə ki, 2015-ci ilin 9 ayında ümumi daxili məhsul 3,7% artmışdır. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, bu dövrdə qeyri-neft sektorunun real artım tempi 6,4% olmuş, əvvəlki illərdə olduğu kimi, ümumi iqtisadi artıma əsas etibarilə qeyri-neft sektorunun inkişafı hesabına nail olunmuşdur.
Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, bu sahənin ÜDM-də payı 68,8%-ə çatmışdır. Bu dövrdə sənaye 2,1%, o cümlədən qeyri-neft sənayesi 10,2%, kənd təsərrüfatı 6,7%, informasiya və rabitə xidmətləri 8,8%, pərakəndə ticarət 11,4%, əhaliyə göstərilən pullu xidmətlər 6,2% artmış, inflyasiya isə 3,7% təşkil etmişdir.
Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Son illər biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyinin genişləndirilməsi, o cümlədən vergi güzəştləri və subsidiyalar ilə bağlı görülmüş işlər, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Sahibkarlığa Kömək Milli Fondu, "Aqrolizinq" ASC və digər vasitələrlə real sektora göstərilən maliyyə dəstəyi, sahibkarlığın dəstəklənməsi məqsədilə institutsional mexanizmlərin yaradılması belə tədbirlərdəndir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ÜDM istehsalında xüsusi çəkisi artmışdır. Hazırda ÜDM-nin həcmində özəl sektorun payı 80%-i, məşğulluqda isə 73%-i ötmüşdür. Statistik məlumata görə, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 662 mindən çoxdur.
İqtisadiyyatın bütün sahələrində müasir sahibkarlıq subyektlərinin formalaşması və potensiallarından səmərəli istifadə etmələri üçün geniş imkanlar yaradılmışdır. Belə ki, ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində bu ilin 9 ayında qabaqcıl texnologiyalara əsaslanan sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi davam etdirilmiş, nəticədə 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilmiş, 10 elektrik yarımstansiyası fəaliyyətə başlamışdır. Hazırda dövlətin maliyyə dəstəyi ilə özəl sektor tərəfindən 20-yə yaxın sənaye müəssisəsi inşa olunur.
Müasir dövrdə ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının, regionlarda sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və innovativ iqtisadiyyatın formalaşmasında əhəmiyyətli olmaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. Belə ki, sənaye parkları və məhəllələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur yaradılır, burada səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi, güzəştli kreditlərin verilməsi və s. nəzərdə tutulur. Bütün bunlar isə ölkədə sahibkarlığın daha da genişləndirilməsinə, iqtisadiyyatın ixrac qabiliyyətinin və rəqabətqabiliyətliliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmışdır. Sənaye parkının dörd rezidenti tərəfindən buraya 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Azərtexnoline" şirkəti tərəfindən bu il dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalanmışdır. Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun qurulması işləri əsasən başa çatdırılmışdır və parka 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər davam etdirilir və gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə əlavə stimullaşdırıcı tədbirlər barədə təkliflər təqdim olunmuşdur. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilmişdir və hazırda dəyəri 404 milyon dollardan çox olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.
Sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin məşğulluğunun artırılması məqsədi ilə hazırda Neftçala rayonunda Sənaye Məhəlləsi yaradılır. 2016-cı ilin birinci yarısında fəaliyyətə başlayacaq Neftçala Sənaye Məhəlləsi Azərbaycanın ilk sənaye məhəlləsi olacaqdır. 10 hektar sahəni əhatə edən sənaye məhəlləsində hazırda geniş infrastruktur şəbəkəsi yaradılır. Sənaye məhəlləsində sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq xidmətləri göstəriləcək, onlara müxtəlif təlimlər keçiriləcəkdir. Sənaye məhəlləsində balıq məhsulları və yemi, qayıq və balıqçılıq ləvazimatları, nasos, suvarma sistemləri avadanlıqları, metal konstruksiya, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Sahibkarlar tərəfindən bu sahələr üzrə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə 18 layihə təqdim olunmuşdur. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 mln. manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir. Artıq balıq yemi, nasos və avtoqoşqu istehsalı üzrə fəaliyyət göstərən iki sahibkarlıq subyektinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən qeydiyyat şəhadətnaməsi təqdim edilmişdir.
Sənaye sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, o cümlədən müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan müəssisələrin yaradılması rəqabətqabiliyyətli məhsul istehsalını genişləndirməklə yanaşı, idxalın əvəz edilməsinə və ölkəmizin özünütəminetmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Hazırda Azərbaycanın müxtəlif sənaye məhsulları xarici bazarlara çıxarılır.
Qarşıdakı illərdə də "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"da nəzərdə tutulmuş istiqamətlər üzrə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri davam etdiriləcək, yeni istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaqdır.
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olmaqla qeyri-neft sektorunun inkişafı baxımından dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmış, ölkəmizin özünütəminetmə səviyyəsi yüksəlmişdir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, son illər yaradılmış müasir quşçuluq və heyvandarlıq kompleksləri, intensiv bağçılıq və üzümçülük təsərrüfatları, logistik mərkəzlər və taxıl anbarları kompleksi aqrar sektorda ciddi dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmuşdur. Təkcə dövlətin maliyyə dəstəyi ilə son illər müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 24 cins heyvandarlıq kompleksi, 8 süd və 7 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 45 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 52 logistik mərkəz və 23 taxıl anbarı kompleksi yaradılmışdır. Cənab Prezidentin tapşırığına uyğun olaraq, hazırda respublikanın 19 rayonda 42 min hektardan artıq sahədə 31 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 173.9 milyon manat olan bu təsərrüfatların yaradılmasına 73.1 milyon manat dövlətin güzəştli krediti verilmişdir. Hazırda təsərrüfatlarda əsasən müasir suvarma sistemləri qurulmuşdur. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.
Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər bu ilin sonunadək yekunlaşacaq. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilmişdir.
Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və şaxələndirilməsi ölkənin xarici ticarət əlaqələrinə də müsbət təsir göstərir, qeyri-neft ixracının inkişaf dinamikası davam edir. Dövlət başçısının tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz tikilib. Ümumi dəyəri 20 milyon ABŞ dolları olan bu layihə dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərsun Holdinq" MMC tərəfindən reallaşdırılır. Azərbaycanda istehsal olunan meyvə, tərəvəz və digər qida məhsulları logistik mərkəz vasitəsilə Qazaxıstanın qərb regionlarına ixrac olunacaqdır.
Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolu böyük olduğundan dövlət tərəfindən özəl sektorun hərtərəfli dəstəklənməsi məqsədilə müxtəlif yardım və təşviq mexanizmləri tətbiq edilir. Belə mexanizmlərdən biri də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondudur. Fond müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığın inkişafına güzəştli kreditlər ayırmaqla yanaşı, həm də sahibkarlara məsləhət xidməti göstərir. Bu ilin ötən dövrü ərzində 5100-dək sahibkara 211.7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 11600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək isə, Fond tərəfindən 30 minədək sahibkarlıq subyektinə 1.7 milyard manatdan çox güzəştli kredit verilmişdir ki, bu kreditlər 140 mindən çox yeni iş yerinin yaradılmasına imkan yaratmışdır. İlin sonunadək 250 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır.
Ölkədə qadınların və gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər qadın və gənc sahibkarların sayının artması müşahidə edilir. Qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də dəstək göstərilir. 2015-ci ilin 9 ayında 600-dən çox qadın sahibkara 20.1 milyon manat, 960-dan çox gənc sahibkara isə 39.1 milyon manat güzəştli kreditlər verilmişdir. Bundan başqa, Fond tərəfindən keçirilən tədbirlərdə, o cümlədən maarifləndirici treninqlər və nümunəvi investisiya layihələrinin təqdimatında gənclərin və qadın sahibkarların iştirakı təmin edilmiş, onlara investisiya layihələrinin hazırlanmasında metodiki köməklik göstərilmişdir.
Sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ölkədə ilk Biznes İnkubator yaradılmışdır. Bir ildir ki, fəaliyyət göstərən biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, "ideyadan biznesə doğru" müsabiqəsinin və digər tədbirlərin keçirilməsi, davamlı məsləhət xidmətlərinin göstərilməsi biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynamışdır. Bu yaxınlarda biznes inkubator üçün növbəti iştirakçıların seçilməsi məqsədilə yeni müsabiqə elan edilmişdir.
Ölkə daxilində və xaricində təşkil edilən müxtəlif tədbirlər Azərbaycanın biznes mühitinin və iqtisadi potensialının təbliği ilə yanaşı, yerli sahibkarların işgüzar əlaqələrinin daha da genişləndirilməsinə, sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin satışının dəstəklənməsinə xidmət edir. İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçiliyi ilə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. İqtisadiyyat və Sənaye Nazirliyi və AZPROMO tərəfindən bu istiqamətdə həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlər, o cümlədən konfranslar, biznes forumlar, sərgilər və seminarlar keçirilir. Xüsusilə xarici ölkələrdə keçirilən tədbirlər Azərbaycan iqtisadiyyatının prioritet sahələrinə investisiya qoyuluşunun artmasına, sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə öz müsbət töhfəsini verir. AZPROMO tərəfindən təkcə 2015-ci ilin 9 ayı ərzində 130-a yaxını Azərbaycanda və 70-i xaricdə olmaqla 200-ə yaxın biznes forum, işgüzar görüş, sərgi və s. tədbirlər keçirilmişdir.
Özəl sektorun inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsidir. Bu baxımdan, sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliyin göstərilməsi, məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti sahəsində biliklərin verilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakıda və regionlarda bir çox treninq, dəyirmi masa, konfrans və seminarlar keçirilir, azərbaycanlı sahibkar və gənc menecerlər Almaniyada ixtisasartırma kurslarında iştirak edirlər. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektləri haqqında məlumatların asan əldə olunması, onların əlaqələrinin genişləndirilməsinin təşviq edilməsi məqsədilə rəqabətqabiliyyətli məhsul istehsalçıları haqqında məlumatları əks etdirən kataloqlar hazırlanaraq çap edilmişdir.
Sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi, mal və xidmətlərin elektron qaydada alqı-satqısının təşkili məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.b2b.az elektron ticarət portalı da sahibkarların məlumatlandırılması və işgüzar əlaqələrinin inkişafı baxımdan uğurlu modellərdəndir.
Dövlət başçısının müxtəlif tədbirlərdə, şəhər və rayonlarda sakinlərlə keçirdiyi görüşlərindəki çıxışları zamanı sahibkarların istək və təkliflərinə həssas münasibəti, ötən illər ərzində dövlət başçısı tərəfindən imzalanmış bir sıra fərman və sərəncamlar sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanına uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sadələşdirilmiş, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər isə davam etdirilməkdədir.
Bu siyasətin davamı olaraq, cari ilin oktyabr ayında ölkə başçısının təşəbbüsü ilə sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasına dair Qanun qəbul olunmuş, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsinə dair fərmanlar imzalanmışdır. Bunlar, sahibkarlıq sahəsində inqilabi addımlar olmaqla, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılmasına, orta və kiçik sahibkarlığın daha da inkişafına öz töhfəsini verəcəkdir. Artıq Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq, lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və regionlarda "ASAN xidmət" mərkəzlərində verilir. Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".
Təsadüfi deyildir ki, "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziya almış sahibkarlar xüsusi razılığın (lisenziyanın) alınması üçün müraciətlərinə qısa müddətdə baxılmasından və lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirirlər.
Biznes mühitinin əlverişliliyini qiymətləndirən nüfuzlu beynəlxalq təşkilatlar da ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülmüş tədbirləri müsbət qiymətləndirirlər. Təsadüfi deyildir ki, Dünya Bankının 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi "Doing Business 2016" hesabatında Azərbaycan öz mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur. "Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə tədqiqatın aparıldığı 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qorumuş, "G-20"yə üzv olan 8 ölkəni qabaqlamışdır. Qlobal böhran fonunda bir çox ölkələrin reytinqini aşağı salan "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın suveren reytinqini bir daha investisiya səviyyəli "BBB-" səviyyəsində saxlamış, reytinq üzrə proqnozu isə "sabit" kimi təsdiqləmişdir.
Beləliklə, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli dövlət dəstəyi tədbirləri, ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısı sahibkarlığın sürətli inkişafına geniş imkanlar yaradır, özəl bölmənin, bütünlükdə iqtisadiyyatın inkişafına təkan verir, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb edir.

 

İqtisadiyyat və sənaye nazirinin müavini
Sahib Məmmədov

 

← Назад