Выступления и интервью

  • Обновлено 01.04.2014 07:37
  • Создано 01.04.2014 07:36

Sahibkarlığın inkişafı prioritetdir

 

Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə imza atmışdır. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir. Ötən hər ay, hər il bütün sahələrdə əldəolunan uğurlarla tarixə düşür.
Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Fəaliyyətində dinamik inkişaf siyasətini əsas götürən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə dövlətin güzəştli kreditləri məqsədli dövlət proqramlarının və ölkə Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasına, prioritet sahələrin maliyyələşdirilməsinə, regionların tarazlı inkişafına yönəldilir. SKMF ötən illərdə olduğu kimi, keçən ildə də öz fəaliyyətini sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində davam etdirmişdir.
SKMF-nin fəaliyyətinin əsas hədəfi iqtisadiyyatın şaxələndirilməsi, özəl bölmədə təşəbbüskarlığın daha da gücləndirilməsi, qeyri-neft sektorunun və regionların tarazlı inkişafının sürətləndirilməsi, nəhayət, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması siyasətinin dəstəklənməsidir.
Sahibkarlığın inkişafının stimullaşdırılması və sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə ötən il 33-ü regionlarda, 12-si Bakıətrafı qəsəbələrdə olmaqla "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 45 tədbir keçirilmişdir. Həmin tədbirlər çərçivəsində güzəştli kreditlər verilmiş, nümunəvi layihələr təqdim edilmiş, güzəştli kreditlərin ayrılması mexanizminə dair maarifləndirici treninqlər reallaşdırılmışdır.
Fondda ölkənin şəhər və rayonlarının iqtisadi potensialının təhlil olunması və hər rayon üzrə iqtisadi imkanlar və iqtisadiyyat üçün vacib sahələr müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılır. Bu isə nümunəvi investisiya layihələrinin hazırlanaraq sahibkarlara təqdim edilməsini şərtləndirir.
Fond tərəfindən sahibkarlara maliyyələşdirilən layihələrin səmərəliliyi təşviq olunur və həmin layihələrin reallaşdırılması üçün istehsalçı şirkətlərlə işgüzar münasibətlərin qurulmasına hərtərəfli dəstək göstərilir. Artıq 60-a yaxın istiqamət üzrə hazırlanmış nümunəvi investisiya layihələri SKMF-nin internet saytında yerləşdirilmişdir. Eyni zamanda, fond "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərini kəndlərdə, xüsusilə respublikanın ucqar yaşayış məntəqələrində, sərhəd və cəbhə bölgələrində, məcburi köçkünlər məskunlaşan qəsəbələrdə keçirməklə güzəştli kreditlərə olan ehtiyaca daha çevik münasibət göstərir, həmin yerlərin mövcud iqtisadi potensialını yaxından öyrənir, prioritet sahələri müəyyənləşdirir, sahibkarların müvəkkil kredit təşkilatları ilə işgüzar münasibətlərinin genişləndirilməsində fəal iştirak edir.
Bu gün sahibkarlar fonda təkcə güzəştli kredit almaq məqsədilə müraciət etmirlər. SKMF həm də özəl bölmə nümayəndələrinə regionda və iqtisadiyyatın ayrı - ayrı sahələrində daha səmərəli fəaliyyət göstərilməsi, biznes tərəfdaşların tapılması, biznes əlaqələrinin uğurlu qurulması ilə bağlı məsləhət xidmətləri göstərir. Bütün bunlarla yanaşı, güzəştli kreditlər hesabına prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə SKMF-də idxalda əsas yer tutan və yerli istehsalı mümkün olan ərzaq və qeyri-ərzaq məhsullarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılır.
Respublikada informasiya texnologiyalarının dinamik inkişafı SKMF-nin də fəaliyyətində yeni layihələrin reallaşdırılmasını şərtləndirmişdir. Sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının və investisiya layihələrinin maliyyələşdirilməsi prosesinin operativliyinin daha da artırılması məqsədilə fond tərəfindən müasir informasiya texnologiyalarına əsaslanan "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" yaradılmış və həyata keçirilməsinə başlanmışdır. Bu sistemin tətbiqi dövlətin güzəştli kreditlərinin əldə edilməsilə əlaqədar sənəd dövriyyəsi prosesinin daha sürətli və elektron formada həyata keçirilməsinə imkan yaradır.
Sahibkarların maarifləndirilməsi istiqamətində göstərilən dəstək tədbirlərindən biri də ilk dəfə olaraq Azərbaycanın iqtisadi və inzibati rayonları üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlərin interaktiv xəritəsinin hazırlanaraq fondun rəsmi internet saytında yerləşdirilməsidir. Bu da hər bir sahibkarın və ya sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxsin respublikanın rayon və şəhərləri üzrə prioritet istiqamətlər barədə məlumat əldə etməsinə və buna uyğun fəaliyyət istiqamətini müəyyənləşdirməyə şərait yaradır.
Ölkənin aqrar sektorunda istehsalın səmərəli təşkil edilməsinin mühüm əhəmiyyət daşıdığı nəzərə alınaraq, fond tərəfindən emalçılar ilə istehsalçılar arasında kooperasiya və müqavilə münasibətlərinin möhkəmləndirilməsinin stimullaşdırılmasına başlanılmışdır. Burada əsas məqsəd fermerlərin güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməklə ailə təsərrüfatlarının yaradılmasını genişləndirməkdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir və cari ildə respublikanın regionlarında belə ailə fermer təsərrüfatlarının sayı artırılacaqdır.
SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların investisiya layihələrinin güzəştli maliyyələşdirilməsidir. Belə ki, 2013-cü ildə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılan və 125 milyon manatını isə fondun xəzinə hesabına qaytarılan vəsaitlər təşkil etmişdir. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Güzəştli kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilmişdir.Verilmiş kreditlərin 72,1 faizi respublikanın regionlarının, 27,9 faizi isə Bakıətrafı qəsəbələrin payına düşür. 2012-ci illə müqayisədə ötən il layihələrin sayı 1,8 dəfə, güzəştli kreditlərin məbləği 26,1 faiz, layihələrin reallaşdırılması hesabına yaradılan yeni iş yerlərinin sayı isə 32,6 faiz artmışdır. Hesabat dövründə maliyyələşdirilən layihələrin 98 faizini kiçik həcmli layihələr təşkil etmişdir. Belə ki, 2013-cü ildə 4377 sahibkara kiçik həcmli güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 7700-dək yeni iş yerinin yaradılması imkanı yaranmışdır. 2012-ci illə müqayisədə ötən il kiçik həcmli layihələrin sayı və məbləği 1,9 dəfə və bu kreditlər hesabına yeni yaradılan iş yerlərinin sayı isə 76,9 faiz artmışdır.
Ötən illərdə verilmiş kreditlər üzrə qaytarılan vəsaitlərin həcmi daim artmaqdadır. Belə ki, indiyədək qaytarılan vəsaitlər hesabına 531,3 milyon manat güzəştli kredit ayrılmışdır ki, bu da verilmiş ümumi kreditlərin 44 faizi deməkdir. Son 5 ildə isə qaytarılan vəsaitlər hesabına verilmiş kreditlərin həcmi 8,4 dəfə artmışdır.
SKMF aqrar-sənaye kompleksinə daxil olan sahələrin maliyyələşdirilməsinə də xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, güzəştli kreditlərdən istifadə etməklə intensiv metodların və yeni texnologiyaların tətbiqinə əsaslanan quşçuluq, heyvandarlıq, istixana, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksləri, çörək və meyvə-tərəvəz emalı zavodları, intensiv bağçılıq təsərrüfatları yaradılmışdır.
Ötən il aqrar sektorun inkişafı ilə bağlı 4288 sahibkara 189,2 milyon manat güzəştli kredit verilmişdir ki, bu da 2012-ci illə müqayisədə maliyyələşdirilən layihələrin sayının 1,9 dəfə, məbləğinin isə 27,4 faiz artması deməkdir.
Fond gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmalarına mühüm önəm verir. Bu məqsədlə 2013-cü ildə 307 məcburi köçkünə 5 milyon manat, 430 qadın sahibkara 9,3 milyon manat və 917 gənc sahibkara 62,8 milyon manat güzəştli kredit ayrılmışdır. 2012-ci illə müqayisədə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,6 dəfə, gənc sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 17,9 faiz, layihələrin sayı müvafiq olaraq 2,3 və 2,2 dəfə artmışdır.
Dövlət başçısının tapşırığına əsasən, qabaqcıl təcrübənin Azərbaycana gətirilməsi, respublikada ən müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılması SKMF-nin fəaliyyətinin əsas prioritetidir. Son 5 ildə fond tərəfindən ümumi dəyəri 1,5 milyard manat olan 293 investisiya layihəsinin maliyyələşdirilməsinə 712 milyon manat güzəştli kredit ayrılmışdır. Bu layihələrdən 233-nün icrası başa çatdırılmış, digər 60 müəssisə üzrə tikinti-quraşdırma işləri davam etdirilir.
İxracyönümlü, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni sənaye müəssisələrinin yaradılmasına maliyyə dəstəyinin göstərilməsi də fondun əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan olunması bu sahənin inkişafına göstərilən böyük diqqətin təzahürüdür. Hazırda sənaye müəssisələrinin müasir texnologiya əsasında yenidən qurulması, modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu prosesdə dövlət sektoru ilə yanaşı, özəl bölmə də fəal iştirak edir.
Sənayeləşmə siyasətinə uyğun olaraq, fond tərəfindən son illər ümumi dəyəri 730 milyon manat olan 104 sənaye müəssisəsinin maliyyələşdirilməsinə 323,3 milyon manat güzəştli kredit ayrılmışdır. Bu müəssisələrdən 80-i istifadəyə verilmiş, digər 24 müəssisə üzrə tikinti-quraşdırma işləri davam etdirilir.
SKMF tərəfindən inkişaf etmiş ölkələrin ən son texnologiyalarının tətbiqi ilə Sumqayıt şəhərində Tekstil Parkı, Azərbaycanda ilk dəfə yaradılan kağız emalı və karton istehsalı fabriki, Qaradağ rayonunda müasir tikinti materialları və metal konstruksiya istehsalı müəssisələri, Hacıqabul rayonunda seramik pilitələrin istehsalı zavodu, Mingəçevirdə polietilen borular, Masallı, Şəki, Abşeron və İsmayıllıda kərpic zavodları və digər istehsal və emal müəssisələri maliyyələşdirilmişdir.
Yeni texnologiyalara əsaslanan ixracyönümlü, idxalı əvəz edən və rəqabətqabiliyyətli investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2013-cü ildə də davam etdirilmiş, quş əti, damazlıq və əmtəəlik yumurta istehsal üzrə 11 quşçuluq təsərrüfatı, 8700 başlıq 6 cins heyvandarlıq kompleksi, 29,3 hektar ərazidə 10 istixana kompleksi, 8 çörək zavodu, 3 kənd təsərrüfatı məhsullarının emalı və 1 quru meyvə istehsalı müəssisəsi, 1 toxumluq taxıl istehsalı, 469 hektar ərazidə 6 üzümçülük, 25 hektar ərazidə 4 intensiv bağçılıq və tingçilik təsərrüfatı, tutumu 5 min ton olan soyuducu anbar, 2 tara, 1 mebel istehsalı, 6 tikinti materialları istehsalı müəssisəsi və 11 digər sənaye məhsullarının istehsalı və emal müəssisələrinə, ümumilikdə 72 bu cür investisiya layihəsinin maliyyələşdirilməsinə 219,4 milyon manat güzəştli kredit verilmişdir. Müasir texologiyalara əsaslanan investisiya layihələrinin məbləği 2012-ci illə müqayisədə 16,8 faiz artmışdır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, 712 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,4 milyon manat, bundan müasir texnologiyaların tətbiqinə əsaslanan 53 layihənin maliyyələşdirilməsinə isə 138,8 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 5300-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Dövlətin güzəştli kreditlərindən yararlanmaqla rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən qeyri-neft sənaye müəssisələrinin yaradılması ölkənin müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsilə yanaşı, ixrac potensialının artırılmasında da əhəmiyyətlidir. Bundan əlavə, müasir texnologiyaların tətbiqinə əsaslan investisiya layihələrinin reallaşdırılması regionların investisiya cəlbediciliyinin artırılmasına, digər sahələrin inkişafının stimullaşdırılmasına, eləcə də iqtisadiyyatın şaxələndirilməsinin sürətlənməsinə şərait yaradır.
Bu il sahibkarlara böyük hissəsi qaytarılan kreditlər olmaqla ümumilikdə 280 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də aqrar-sənaye kompleksinin və sənayenin dinamik inkişafı, yeni texnologiyaların tətbiqi prioritet olaraq qalacaqdır.


Şirzad ABDULLAYEV
İqtisadiyyat və Sənaye Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru

 

← Назад