Поддержка предпринимательству

  • Обновлено 19.11.2021 17:08
  • Создано 25.09.2012 07:57

Sənaye parkları

 

Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həm də ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Ölkədə sənaye parklarının yaradılması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər bir sıra dövlət sənədlərində və proqramlarında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli, 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli, 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015 - 2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapmışdır.

Ötən dövrdə sənaye parklarının yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, beynəlxalq təcrübə öyrənilmiş və müvafiq normativ-hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli, 865 nömrəli Fərmanı ilə dövlət tərəfindən sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” (bundan sonra - Nümunəvi Əsasnamə) təsdiq edilmişdir. Nümunəvi Əsasnamədə müəyyən edilmişdir ki, sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:

  • innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
  • iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
  • əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

  • vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;
  • sənaye parkının infrastrukturla təmin edilməsi;
  • torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;
  • güzəştli kreditlərin verilməsi;
  • inzibati prosedurların sadələşdirilməsi;
  • sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;
  • istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Hazırda ölkədə aşağıda adları qeyd olunan 5 sənaye parkı fəaliyyət göstərir:

  • Sumqayıt Kimya Sənaye Parkı;
  • Balaxanı Sənaye Parkı;
  • Mingəçevir Sənaye Parkı;
  • Qaradağ Sənaye Parkı;
  • Pirallahı Sənaye Parkı.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli, 548 nömrəli Fərmanı ilə Sumqayıt şəhərində yaradılmışdır. Təməli Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 3 oktyabr 2013-cü il tarixində qoyulan Sumqayıt Kimya Sənaye Parkının ərazisi hazırda 505,64 hektar təşkil edir.

Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 2,8 milyard ABŞ dollarından çox olan 18 müəssisəyə (“Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Silisium və Kalsium İstehsalat Müəssisəsi, “MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco” MMC, “STDC” MMC, “Azərxalça” ASC, “Sumqayıt Texnologiyalar Parkı” MMC, “Tabaterra” QSC, SOCAR-ın Karbamid Zavodu, “SumPlast” MMC, “Labdisc Azərbaycan” MMC, “Nexus Labs” MMC və “ARCHİ GLASS” MMC) rezident statusu verilmişdir. Ətraflı məlumatları www.scip.az internet səhifəsindən əldə etmək olar.

Bununla yanaşı, ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektar təşkil edir. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılması nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı "Təmiz Şəhər" ASC-dir.

Balaxanı Sənaye Parkında isə hazırda 14 rezident qeydiyyatdan keçmişdir. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Ətraflı məlumatları Balaxanı Sənaye Parkının internet səhifəsindən (www.bsp.az) əldə etmək olar.

Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli, 1077 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində yaradılmışdır. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli yüngül sənaye məhsulları istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Təməli Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 21 sentyabr 2016-cı il tarixində qoyulan Mingəçevir Sənaye Parkının ərazisi hazırda 14,8 hektar təşkil edir. Ətraflı məlumatları www.scip.az internet səhifəsindən əldə etmək olar.

Mingəçevir Sənaye Parkınin rezidenti kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində istifadəyə verilmişdir.

Qaradağ Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli, 1255 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yaradılmışdır. Müəyyən edilmişdir ki, Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir. Hazırda parkın ərazisi 72 hektar təşkil edir.

Qaradağ Sənaye Parkında bir rezident - “Bakı Gəmiqayırma Zavodu” MMC fəaliyyət göstərir. Bakı Gəmiqayırma Zavodunda bugünədək gəmi tikintisi ilə bağlı 10-dək layihə icra edilmiş və 100-dən artıq gəmi təmiri işləri həyata keçirilmişdir. Hazırda zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı və təmiri üzrə müxtəlif layihələr uğurla icra edilir.

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2016-cı il tarixli, 2336 nömrəli Sərəncamına əsasən qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, о cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində yaradılmışdır. Ətraflı məlumatları www.scip.az internet səhifəsindən əldə etmək olar.

Pirallahı Sənaye Parkında 4 rezident - dərman vasitələrinin qablaşdırılması və istehsalı layihələri üzrə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC, Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC və Müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı layihəsi üzrə “Diamed Co” MMC və Uşaq bezlərinin istehsalı layihəsi üzrə “İFFA” MMC qeydiyyata alınmışdır.

← Назад