Выступления и интервью

  • Обновлено 02.05.2016 18:35
  • Создано 02.05.2016 18:33

Hörmətli biznes simpozium iştirakçıları!
Hamınızı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun gündəliyindəki ən vacib tədbirlərdən olan biznes simpoziumda böyük məmnuniyyətlə salamlayıram.
Əsrlər boyu milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq insanların harmoniya içində yaşadığı və özünün tolerantlıq ənənələri ilə seçildiyi Azərbaycanda 2016-ci ilin "Multikulturalizm ili" elan edilməsi ölkəmizin bu ümumbəşəri dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Bu baxımdan hesab edirəm ki, 7-ci Qlobal forumun məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil.
İnkluziv cəmiyyətin formalaşdırılması bəşəriyyət qarşısında duran ən önəmli çağırışlardandır. Son illər dünyada gedən proseslər, tolerantlıq ənənələrinin sarsılmaz hesab edildiyi bəzi ölkələrdə baş verən hadisələr məsələnin aktuallığını daha da artırır. Məhz bu səbədən qeyd edilən mövzu üzrə çoxlu sayda beynəlxalq tədbirlər keçirilir, cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən dövlət, elm, biznes və digər dairələrin nümayəndələrinin fəal iştirakı ilə aparılan müzakirələr ümumi istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Buna görə bu gün işinə başlayan biznes simpozium üçün "İnkluziv cəmiyyətdə birgə yaşamaq: özəl sektorun rolu və məsuliyyəti" mövzusu seçilmişdir.
Məlum olduğu kimi, inkluzivlik yoxsullar, fiziki və əqli qüsurlu şəxslər, qaçqın və məcburi köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir əldə etmək imkanlarının yaradılmasını, onların maddi nemətlər əldə etmək və sosial xidmətlərdən yararlanmaq imkanlarının artırılmasını, başqa sözlə rifahının təmin edilməsini nəzərdə tutur.
İnklüziv cəmiyyətlərin formalaşmasına həm hökumətlər, həm də biznes icması məsuliyyət daşıyır. Birgə məsuliyyət bu istiqamətdə fəaliyyətlərin əlaqələndirilməsini və səylərin birləşdirilməsini zəruri edir.
Dünya ölkələri cəmiyyətin inklüzivliyini təmin etmək üçün müxtəlif inkişaf və sosial yönümlü layihələr icra edir. Belə layihələrə misal olaraq, yoxsulluq səviyyəsinin nisbətən yüksək olduğu regionlarda yeni iş yerlərinin yaradılmasını təmin edən investisiya layihələrinin icrası, fiziki və əqli cəhətdən qüsurlu şəxslərin cəmiyyətin tamhüquqlu üzvləri kimi təhsil əldə etməsi və işlə təmin olunması, gender tarazlığının formalaşması, dini, irqi və milli fərqlərindən asılı olmayaraq bütün vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş layihələri qeyd etmək olar.
İnklüziv cəmiyyətin formalaşması baxımından bir sıra ölkələrin üzləşdiyi əsas çağırışlardan biri qaçqınların və miqrantların bu gün məskunlaşdığı məkanların orqanik bir parçasına çevrilməsini, öz vətənlərini tərk etməyə məcbur olan şəxslərin cəmiyyətin tamhüquqlu üzvləri kimi qəbul edilməsini, onların elmi, yaradıcılıq və iqtisadi potensiallarının tam həcmdə reallaşdırılmasını, yeni bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Bu gün Cənubi Qafqaz regionunun inkişafında ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal olunmuş və 1 milyondan çox qaçqını normal həyat şəraiti ilə təmin etmək vəzifəsi ilə üzləşmiş Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinin nə qədər böyük səylər tələb etdiyini aydın anlayır. Ölkəmiz bu məqsədlərə böyük vəsaitlər yönəltməklə bərabər, beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən bildirmək istərdim ki, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inkluziv cəmiyyətin formalaşması, o cümlədən qaçqın və məcburi köçkünlərin, əlillərin, qadınların və digər həssas qrupların rifahının yüksəlməsinə yönəlmiş layihələr icra olunmuşdur. Fürsətdən istifadə edərək bu dəstəyə görə təşəkkürümü bildirirəm.
Ümumiyyətlə, hazırda əksər dövlətlərin iqtisadi siyasətinin hədəfinin sadəcə iqtisadi artım deyil, məhz cəmiyyətin bütün üzvlərinin, xüsusilə də müdafiəyə ehtiyacı olan təbəqələrinin rifah halını yaxşılaşdıracaq davamlı iqtisadi artım olması çox təqdirəlayiq haldır.
Lakin, yalnız dövlətlərin səyləri inklüziv cəmiyyətlərin formalaşması üçün yetərli deyil. Burada özəl sektorun əhəmiyyətli rolu var.
Bugünkü simpozium çərçivəsində təşkil edilən dəyirmi masa müzakirələrinin mövzularının məhz qaçqın böhranının həlli və etiqadlararası anlayışın təmin edilməsində özəl sektorun rolu, eləcə də korporativ müxtəliflik və inklüzivlik proqramlarının korporativ məsuliyyətlə əlaqələndirilməsi olması inklüziv cəmiyyətlərin formalaşmasında özəl sektorun getdikcə artan mühüm rolunu bir daha göstərir.
Yoxsulluğun aradan qaldırılmasının ən səmərəli yolu kimi layiqli iş yerlərinin yaradılmasında özəl sektorun rolu danılmazdır. Bir sıra beynəlxalq qurumların hazırladığı hesabatlara əsasən inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin təqribən 90%-i məhz özəl sektor tərəfindən təmin edilir. Buna görə özəl sektorun bu funksiyanı yerinə yetirə bilməsi üçün hökumətlər əlverişli biznes və investisiya mühiti yaratmalı, sahibkarlığın inkişafı üçün müxtəlif təşviq tədbirləri tətbiq etməlidirlər. Beynəlxalq yardım proqramları da əsasən əlverişli biznes mühitinin yaradılmasına istiqatmətlənməlidir. Bu baxımdan Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, şəffaf inzibati tənzimləmə və dəstək mexanizmlərinin tətbiqi, layihələrin birgə maliyyələşdirilməsi və risklərin bölüşdürülməsi və digər sahələrdə uğurlu təcrübə mövcuddur. Belə ki, son 10 il ərzində ölkəmizdə təxminən 1.5 milyon iş yeri açılmış, işsizlik 5%-ə, yoxsulluq səviyyəsi isə təxminən 8 dəfə azalaraq 4.9%-ə enmişdir. Biz məmnuniyyətlə bu təcrübəmizi bölüşməyə hazırıq.
Özəl sektorun bu sahədəki fəaliyyət istiqamətlərinə gəldikdə hesab edirik ki, layihələr əhalinin yoxsul və müdafiəyə ehtiyacı olan təbəqələrini əmək fəaliyyətinə daha çox cəlb etməli, iri investisiya layihələri daha çox yoxsul əhalinin məskunlaşdığı ərazilərdə cəmiyyətin bütün üzvlərinin rifahına xidmət edəcək tərzdə həyata keçirilməlidir. Bu zaman aşağı ixtisaslı iş yerlərinin yaradılmasına diqqət verilməli, qeyri-hökumət və donor təşkilatlarla sıx əməkdaşlıq edilməlidir.
Bunun üçün isə dövlət orqanları tərəfindən şirkətlərdə korporativ sosial məsuliyyətin inkişafı ilə bağlı maarifləndirmə-təşviqat işləri geniş şəkildə aparılmalı, şirkətlərin bu fəaliyyətinə dair uğurlu nümunələr fəal təbliğ olunmalıdır.
Hörmətli biznes simpozium iştirakçıları!
Beləliklə, bugünkü tədbirimiz ölkələrdə cəmiyyətin bütün təbəqələrinin davamlı inkişafın nəticələrindən yararlana bilməsi, bu mühüm prosesə özəl sektorun cəlb edilməsi yolları ətrafında fikir mübadiləsinin aparılması üçün çox gözəl fürsət yaradır.
Hamınıza məhsuldar müzakirələr, biznes simpoziumun işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm!

 

← Назад