KİV nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib

İyunun 30-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün təlim təşkil olunub. “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda keçirilən təlimdə DVX-nin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi şəxslərin dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə iştirakçılara təqdimatlar keçiriblər. Tədbirdə təlim iştirakçılarına büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə geniş məlumat verilib.

Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov KİV nümayəndələrinə sertifikatlar təqdim ediblər.