İtaliya şirkəti ilə əməkdaşlıq əlaqələri müzakirə edilib

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İtaliyanın “Iveco Truck & Bus” şirkətinin Asiya bölgəsi üzrə rəhbəri Koray Kurşunoğlu, şirkətin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Roman Smirnov və digər əməkdaşları, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC-nin direktoru Samir İbadullayevlə görüş keçirilib.

Görüşdə Sumqayıt Kimya Sənaye Parkında “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

Qeyd: Bu ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilən “Az-Tex-Import” MMC Parkın ərazisində “IVECO” markalı yüngül, orta, ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsini həyata keçirəcək.