Moldovanın Baş nazirinin müavini “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu “Bakı KOB evi”ndə olub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Moldovanın Baş nazirinin müavini Andrey Spinuya KOB evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, KOB evi konsepsiyasının mahiyyəti sahibkarlara göstərilən xidmətləri vahid məkanda toplamaqla biznes subyektlərinin vaxtına və əməliyyat xərclərinə qənaət etməkdir. 2023-cü ilin yanvar ayında istifadəyə verilmiş “Bakı KOB evi”ndəki xidmətlədən artıq 1200-dən çox sahibkar faydalanıb.

Andrey Spinu “Bakı KOB evi”nin sahibkarlara xidmət sahəsində əhəmiyyətli model olduğunu bildirib.

Sonra Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. Görüşdə KOBİA-nın Moldovanın müvafiq qurumları ilə sahibkarlıq sahəsində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək təşəbbüslərin dəstəkləndiyi ifadə edilib, bu məqsədlə birgə platformanın yaradılması imkanları, iş adamlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko iştirak ediblər.