http://www.economy.gov.az/faq?page=3

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin rəsmi saytı

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

Sual-cavab

Mərhəmət Seyidəliyev - 18.11.2017

Sual: Süni qiymət artımına qarşı hara müraciət edə bilərəm?

Cavab: “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri tərəfindən bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə daxildir və belə hallar ilə rastlaşdığınız təqdirdə İqtisadiyyat Nazirliyinə və ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Nemətzadə Turqut - 29.10.2017

Sual: İqtiadiyyat Nazirliyi olaraq bu sahə üzrə təhsil alan tələbələr üçün təcrübə proqramları təşkil etməyi düşünürsüzmü?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 3.2-ci hissəsinə əsasən istehsalat təcrübəsi təhsil müəssisələri ilə müəssisələr arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bununla bağlı olaraq qeyd edirik ki, Sizin təcrübə keçməyiniz üçün təhsil aldığınız Universitetlə Nazirlik arasında ikitərəfli müqavilənin bağlanması tələb olunur. Hazırda Nazirlik tərəfindən digər təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulmur.

Vüsal Rəfiyev - 03.05.2017

Sual: Yerli şirkət məhsulunu ixrac edirsə, təşviq üçün həmin şirkətə hər hansı bir ödəmə edilirmi?

Cavab: İxrac olunan məhsullara görə ixrac təşviqinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respubliaksının Nazirlər Kabineti tərəfindən 2016-cı ilin 6 oktyabr tarixində 401 nömrəli qərar təsdiq edilmişdir. Bu qərarın 2.5.1 bəndinə əsasən, ixrac təşviqinin ödənilməsi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısında sadalanan qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə şamil olunur. Məsələ ilə bağlı əlavə sual yarandığı təqdirdə AZPROMO-ya müraciət edə bilərsiniz.

Siyavush Astanov - 21.04.2017

Sual: Tenderdə iştirak üçün iki rezident şəxs ƏDV ödəyicisi, digər biri isə Sadələşdirilmiş vergi ödəyicisi olduğu zaman qiymətləndirməni Sadələşdirilmiş vergi ödəyicisinin təqdim etdiyi qiymətdən 4 və ya 8 faiz vergi məbləğini çıxıb apara bilərəm? Misal üçün qeyd edim ki , ƏDV ödəyicisi olan rezident şəxsin təqdim etdiyi məbləğ 3200 AZN, Sadələşdirilimiş vergi ödəyicisinin təqdim etdiyi məbləğ isə 3300 AZN-dir. Tender qalibi hansı rezident şəxs hesab oluna bilər?

Cavab: Müraciətinizlə əlaqədar bildiririk ki, iddiaçılar tərəfindən təqdim olunan tender təkliflərinin qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə və müvafiq tenderin əsas şərtlər toplusunun müddəalarına uyğun həyata keçirilməlidir.

Ramin Mahmudov - 17.03.2017

Sual: Mən fiziki şəxs olaraq, plastik, alüminium qapı-pəncərə istehsal edib, sonra aparıb yerinə quraşdırıram. Həmçinin yerində alüminium cəbhə işi görürəm. Mənə bu işləri görməyə lisenziya tələb olunur?

Cavab: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 18-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə lisenziya tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2009-cu il tarixli 34 nömrəli Qərarı ilə “Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı” müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, həmin Qanunun 1 və 2 nömrəli əlavələrində nəzərdə tutulmuş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı” və “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nda plastik və alüminium qapı və pəncərə istehsalı və alüminium cəbhə profillərinin yerində hazırlanması və quraşdırılması fəaliyyəti nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli 343 nömrəli Qərarının 5 nömrəli əlavəsində nəzərdə tutulmuş “Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin Siyahısı”nın 9-cu hissəsinə əsasən yanğına qarşı divarların oyuqlarında yerləşdirilmiş tikinti konstruksiyaları və məmulatları (qapılar, pəncərələr, darvazalar, lyuklar, qapaqlar) məcburi qaydada sertifikatlaşdırılan maddə, material və məhsulların siyahısına daxil edilmişdir.

Daşqın Xudusoy - 12.03.2017

Sual: Son illərdə xarici ölkələrlə bağlanmış müqavilələr, o cümlədən neft sazişləri haqda ətraflı məlumatı hardan əldə edə bilərəm?

Cavab: Qeyd edilən məlumatları www.e-qanun.az, www.socar.az internet saytlarından istifadə etməklə əldə edə bilərsiniz.

Zahid Bağırov - 24.12.2015

Sual: Araq və spirtli içkilərə xüsusi lisenziya almaq qüvvədədirmi?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 21.12.2015-ci il tarixli, 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən etil (yeyinti) spirti və alkoqollu içkilərin istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinə aid edilməmişdir. Odur ki, qeyd edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün lisenziya alınması tələb olunmur.

Seymur - 28.02.2013

Sual: Bilmək istərdim dövlət qulluqçuları üçün növbəti müsahibə nə vaxt keçiriləcək?

Cavab: "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1 -ci maddəsinə əsasən dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Qanunun 28.2 -ci maddəsinə müvafiq olaraq, inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya mütəmadi olaraq müsahibə və müsabiqələr elan edir. Siz qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərinizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməklə müsabiqədə iştirak edə bilərsiniz. Əlavə məlumat üçün komissiyanın rəsmi internet saytını (www.dqmk.gov.az) izləyə və aşağıda göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz. tel: (+99412) 465 87 93; (+99412) 465 87 97.

Aynur - 14.01.2013

Sual: İnflyasiya ilə istehlak indeksi və ÜDM deflyatoru necə fərqlənir?

Cavab: İstehlak qiymətləri indeksi (İQİ): əsas inflyasiya göstəricilərindən hesab olunur. İstehlak olunan əmtəə və xidmətlər məcmusunun qiymət dəyişməsini ifadə edir. ÜDM deflyatoru: əsas inflyasiya göstəricilərindəndir. Ölkə daxilində istehsal olunmuş son məhsul və xidmətlərin qiymət səviyyəsinin dəyişməsini xarakterizə edir, nominal və real ÜDM-in nisbəti kimi hesablanır. Bu iki göstərici arasında əsas fərqlər: İQİ yalnız istehlak səbətinə daxil olan malları əhatə edirsə, ÜDM deflyatoru ÜDM-in tərkibində olan bütün malları əhatə edir. ÜDM deflyatorundan fərqli olaraq, İQİ-yə idxal olunan əmtəə və xidmətlər də aid olunur. İQİ-nin hesablanması zamanı əmtəə və xidmətlərin səbətdəki xüsusi çəkiləri baza ilində müəyyən edilmiş çəkilərdir, ÜDM deflyatoru üçün isə əmtəə və xidmətlərin xüsusi çəkiləri cari ildə müəyyən olunur.

Fərid Kərimov - 28.12.2012

Sual: Mənə Azərbaycanda innovasiya siyasəti ilə bağlı informasiya lazımdır və ya bu sahədə dövlət proqramları o cümlədən qanun və layihələri oxumaq istəyirdim.

Cavab: İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir dövrdə hər hansı bir ölkədə dayanıqlı sosial-iq­tisadi inkişafın təmin edilməsinin əsasında elmin inkişafı, rəqabətə davamlı innovasiya məhsulunun istehsalı və ixracı dayanır. İnnovasiyalar həm texnika və texnologiyaya, həm də istehsalın və idarəetmənin təşkili formalarına aid edilə bilər. Dövlətin innovasiya siyasətinin əsas məqsədi, istehsal və xidmət sferasında fəaliyyət göstərən bazar strukturlarını prinsipcə yeni məhsul və texnologiyaların mənimsənilməsinə stimullaşdırmaqla, ölkədə istehsal olunan məhsulların (mal, iş və xidmətlərin) rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və davamlı iqtisadi artımın təmin edilməsidir. Dövlətin innovasiya siyasətinin əsasını qanunvericilik bazasının, innovasiya fəaliyyətinin, o cümlədən innovativ fəaliyyət nəticəsində yaradılmış yeni dəyərlərin təcrübədə (istehsalatda) tətbiqinin stimullaşdırılması üçün təşviq mexanizmlərinin formalaşdırılması və bu sahədə kompleks tədbirlərin işlənib hazırlanması təşkil edir. Beynəlxalq təcrübə göstərir ki, innovasiya fəaliyyəti sahəsində dövlət siyasətinin sistemli şəkildə həyata keçirilə bilməsi üçün qanunvericilik bazasının yaradılması zəruri şərt kimi çıxış edir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 187 nömrəli Fərmanında "İnnovasiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilmişdir. Qeyd olunan tapşırığın icrası ilə bağlı bir sıra xarici ölkələrin (Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Qırğızıstan və s.) təcrübəsi öyrənilmiş, ölkədə həyata keçirilən iqtisadi siyasətin xüsusiyyətləri və milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla dövlətin innovasiya siyasətinin əsas prinsip və məqsədlərinin, innovasiya fəaliyyətinin dövlət tənzimlənməsinin əsas istiqamətlərinin, elmtutumlu və rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılmasının iqtisadi və hüquqi əsaslarının müəyyən edilməsi, innovasiya fəaliyyətinin subyektləri və iştirakçıları arasında münasibətlərin tənzimlənməsi məqsədini daşıyan "İnnovasiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmış, müvafiq dövlət orqanları ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Qanun layihəsində innovasiya fəaliyyəti sahəsində əsas anlayışlar, qanunun tətbiq dairəsi, innovasiya fəaliyyətinin obyektləri müəyyən olunmuş, dövlətin innovasiya siyasətinin əsas prinsip və məqsədləri, innovasiya fəaliyyətinin inkişafı üzrə dövlət tənzimlənməsinin və dövlət dəstəyinin əsas istiqamətləri, eləcə də, innovasiya fəaliyyətinin prioritet istiqamətlərinə uyğun olan innovasiya proqramlarının qəbul edilməsi, innovasiya fəaliyyətinin formaları, innovasiya fəaliyyətinin subyektləri, onların hüquq və vəzifələri, subyektlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapmışdır. Qanun layihəsində həmçinin, innovasiya fəaliyyətinin maliyyələşdirilməsi, innovasiya fəaliyyətinin nəticələrinin ekspertizası, innovasiya fəaliyyəti subyektlərinin əqli mülkiyyət hüquqlarının qorunması, innovasiya layihələrinin sığortalanması kimi məsələlər də nəzərdə tutulmuşdur. Müvafiq qanun qəbul edildikdən sonra innovasiya siyasətinin kompleks şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və müvafiq institusional sistemin formalaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.