http://www.economy.gov.az/faq?page=2

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin rəsmi saytı

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

Sual-cavab

Azadə Sultanova - 05.11.2018

Sual: Kiçik ve orta biznes yaratmaq istəyən vətəndaşlar hansı orqana və təşkilata müraciət etməlidir?

Cavab: Hər bir şəxs fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. “Sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli Sərəncamına əsasən 1 yanvar 2008-ci il tarixindən Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı “bir pəncərə” (vahid qeydiyyat orqanı) prinsipi ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarına “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə” verməklə (ərizəyə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) vergi ödəyicisi kimi uçota alınırlar. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşları Vergilər Nazirliyinin internet saytı vasitəsi ilə də vergi orqanlarında elektron formada uçota alına bilərlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün həmin hüquqi şəxsin təsisçisi (və ya təsisçiləri) Vergilər Nazirliyinin müvafiq strukturuna ərizə ilə müraciət etməlidir. Eyni zamanda, təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin internet informasiya ehtiyatında (www.e-taxes.gov.az) yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Şəhriyar Nəcəfov - 05.11.2018

Sual: Təsərrüfatımı inkişaf etdirmək üçün müvəkkil banklardan aqrolizinqi necə əldə edə bilərəm?

Cavab: “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın 4.1-ci, 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq, Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Layihə müsbət qiymətləndirildiyi təqdirdə sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Nəzərinizə çatdırırıq ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Odur ki, Sizə güzəştli kreditin ayrılması ilə bağlı müvəkkil kredit təşkilatından müraciət daxil olduğu təqdirdə məsələyə Sahibkarlığın İnkişafı Fondunda qanunvericiliyə uyğun olaraq baxılacaqdır.

Bünyamin Mustafayev - 15.10.2018

Sual: Mağazadan yeni aldığım telefonun imei kodunun qeydiyyatdan keçmədiyini ve rüsumun 50 manat olduğunu bir neçə gün sonra öyrəndim. Satıcı bu barədə məni məlumatlandırmayıb. Bu halda mən hüquqlarımı öyrənmək istəyirəm.

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011 tarixli 212 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 4-cü maddəsinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazları qeydiyyat sistemində qeydiyyatdan keçirməlidirlər. Müacətinizdə qeyd olunan məsələnin araşdırılması üçün telefon aldığınız mağazanın dəqiq adı, ünvanı, məxsus olduğu fiziki və ya hüquqi şəxsin tam adı, VÖEN-ni haqqında məlumatları və malın alınmasını təsdin edən sənədin (kassa çeki, qəbz, zəmanət talonu və s.) surətini təqdim etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət evi, 195-2 Çağrı Mərkəzi, elektron poçt ünvanı: office@economy.gov.az), Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 88 A, 012-498-15-01 və ya 012-498-15-04 nömrəli “Qaynar Xətt”, elektron poçt ünvanı: office@consumer.gov.az) və ya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilərsiniz. Məlumamat üçün bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən yazılı müraciətdə müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı göstərilməlidir. Qanunun 6.4-cü maddəsinə əsasən müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.

Adil Məmmədov - 20.09.2018

Sual: Cənab nazirin qəbuluna Gəncədə necə yazıla bilərəm ?

Cavab: Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78; (050) 395-91-97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsindən də istifadə edə bilər.

Ağadadaş Səfərov - 17.09.2018

Sual: Gürcüstan respublikasından xırda buynuzlu heyvanların(qoyun) gətirilməsi üçün tələb olunan sənədlər nələrdir və tələb olunan dövlət rüsumu nə qədərdir?

Cavab: İdxal olunan mallara, o cümlədən diri xırda buynuzlu heyvanlara görə gömrük orqanlarına təqdim edilməli olan sənədlərin siyahısı Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə tənzimlənir. Qeyd olunan Qaydalara əsasən sözügedən məhsulların idxalı üçün gömrük orqanlarına aşağıdakı sənədlər təqdim edilməlidir: - gömrük bəyannaməsi; - xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncam vermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd; - nəqliyyatın növündən asılı olaraq nəqliyyat sənədləri. - gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə, şəxsdən ona müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd; - gömrük borcu gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilmirsə, gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənəd; - idxal olunan malların bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənəd; - ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq sertifikatı; - qida təhlükəsizliyi sertifikatı (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən alınır); - mənşə sertifikatı (CT-1 formalı – idxal gömrük rüsumundan azadolmadan yararlanmaq istənildiyi halda) Bununla yanaşı, hazırda qüvvədə olan qanunvericiliyə əsasən ölkəmizə diri xırda buynuzlu heyvanlar (damazlıq istisna olmaqla) idxalına görə malın ümumi dəyərinin 15%-i miqdarında gömrük rüsumu, 18%-i həcmində isə ƏDV gömrük orqanları tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli 344 nömrəli Qərarına uyğun olaraq idxal olunan malın gömrük dəyərindən asılı olaraq gömrük bəyannaməsinə görə aşağıdakı məbləğlərdə gömrük yığımları alınır: - gömrük dəyəri 1000 manata qədər olduqda 15 manat; - gömrük dəyəri 1000 manatdan 10 000 manatadək olduqda 60 manat; - gömrük dəyəri 10 000 manatdan 50 000 manat olduqda 120 manat; - gömrük dəyəri 50 000 manatdan 100 000 manatadək olduqda 200 manat; - gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat; - gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat; - gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat. Habelə, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır. Bununla belə, hazırda Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli sərbəst ticarət sazişi qüvvədə olduğundan Gürcüstanda istehsal olunan bütün mallar, o cümlədən diri xırda buynuzlu heyvanlar ölkəmizə idxal olunarkən gömrük rüsumu tutulmur. Bunun üçün, idxalçı həmin məhsulun Gürcüstanda istehsal olunduğunu təsdiq edən Gürcüstan tərəfindən verilmiş mənşə sertifikatını (CT-1 formalı) Azərbaycan gömrük orqanlarına təqdim edilməlidir. Habelə qeyd edək ki, ikitərəfli sərbəst ticarət sazişi qüvvədə olmasına baxmayaraq, idxal olunan adı çəkilən mallara görə ƏDV və gömrük yığımlarının ödənilməsi təmin edilməlidir. Əlavə suallar yaranacağı təqdirdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilməsini tövsiyə edirik.

İxtiyar Əzimzadə - 20.08.2018

Sual: Prezidentin Sahibkarlığa kömək milli fondunu ləğv etməyinə baxmayaraq DİM - nin müsahibə matrialında bu mövuzda suallar var. Həmin fond haqqında materialları hardan əldə edə bilərik?

Cavab: Cavab: Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmiş, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq olunmuşdur. Müsahibə proqramlarında qeyd olunan ədəbiyyat siyahısına uyğun olaraq aidiyyəti materialları və məlumatları internet resurslarından və kitabxanalardan əldə edə bilərsiniz.

Elvin Mirzəzadə - 16.07.2018

Sual: Kondisioner təmiri üçün evə çağırdığım xidmət əməkdaşı getdikdən dərhal sonra kondisioner yenidən işləmədi. Hal-hazırda nə kondisioner işləmir, usta isə servis əməkdaşı olmadığı üçün tapa bilmirəm. Qeyri-qanuni fəaliyyət göstərən və rəsmi vergi ödəyicisi olmayan usta ilə bağlı hara müraciət edə bilərəm?

Cavab: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən yazılı müraciətdə müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı göstərilməlidir. Qanunun 6.4-cü maddəsinə əsasən müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Nəzərinizə çatdırırıq ki, müraciətinizlə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün kondisioneri təmir edən ustanın(şəxsin) dəqiq adı (fiziki və ya hüquqi şəxsin tam adı), fəaliyyət ünvanı, VÖEN-ni haqqında məlumatların və ödəniş sənədinin (kassa çeki, qəbz və s.) surətinin təqdim edilməsi zəruridir. Qeyd olunan məlumatları (sənədləri) təqdim etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət evi, 195-2 Çağrı Mərkəzi, elektron poçt ünvanı: office@economy.gov.az) və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (ünvan: Bakı şəhəri, Yasaml rayonu, H.Zərdabi küçəsi, 88 A, 012-498-15-01 və ya 012-498-15-04 nömrəli “Qaynar Xətt”, elektron poçt ünvanı: office@consumer.gov.az) müraciət edə bilərsiniz. Əlavə olaraq bildirirk ki, vergidən yayınma halları ilə bağlı aidiyyəti üzrə Vergilər Nazirliyinə müraciət edə bilərsiniz.

Rəşad Kərimov - 17.12.2017

Sual: Mən 2005-ci ildə Azərbaycan Dillər Universitetinin Regionşünasliq fakültəsini bitirmişəm. Mən İqtisadiyyat Nazirliyində hansı işi tapa bilərəm?

Cavab: Məlumat üçün bildiririk ki, dövlət orqanlarında, o cümlədən İqtisadiyyat Nazirliyinin strukturlarında inzibati vəzifələr dövlət qulluğu vəzifələrinə aiddir və vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə əsasında həyata keçirilir. Adı çəkilən qanunun 28-ci maddəsinə əsasən müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanından keçən şəxslərə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Müsabiqənin növbəti-müsahibə mərhələsi vakansiyanın aid olduğu dövlət orqanı tərəfindən təşkil edilir. Siz müvafiq təsnifatlar üzrə sertifikat əldə etdikdən sonra dövlət orqanlarında, o cümlədən İqtisadiyyat Nazirliyində elan olunacaq müsahibələrdə iştirak edə bilərsiniz. Dövlət qulluğuna qəbulla bağlı əlavə məlumat əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

İlqar Mehdiyev - 05.12.2017

Sual: Elektriklə işləyən əsas vəsaitlərin yararsız olması barədə rəy vermək üçün lisenziya alınması nəzərdə tutulubmu? Əgər lisenziya almaq vacib olarsa hansı orqandan alınmalıdır?

Cavab: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2 nömrəli əlavələri olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı” və “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nda elektriklə işləyən əsas vəsaitlərin yararsız olması barədə rəyin verilməsi fəaliyyəti nəzərdə tutulmamışdır.

Səbuhi İsmayılov - 05.12.2017

Sual: Əczaçılıq fəaliyyəti ilə məşqul olmaq üçün lisenziya (xüsusi icazə) verilib-verilməməsini necə öyrənə bilərəm ?

Cavab: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 3-cü maddəsinə əsasən əczaçılıq fəaliyyətinə lisenziya tələb olunur. Sahibkarlıq fəaliyyəti ilə bağlı əlavə suallarınız olduğu təqdirdə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət edə bilərsiniz.