http://www.economy.gov.az/faq?page=1

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin rəsmi saytı

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

Sual-cavab

Azər İsmayılov - 03.07.2019

Sual: Gəncə, Naxçıvan, Lənkəran, Quba şəhərlərində məişət tullantılarının emal müəsissələri varmı?

Cavab: “P&G” şirkətinin Bakı şəhərində rəsmi hüquqi şəxsinin və istehsal müəssisəsinin olub-olmamasına dair məlumatın təqdim edilməsi barədə müraciətinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli Sərəncamına əsasən sahibkarlıq subyektlərinin fəaliyyətinin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən "bir pəncərə" prinsipi üzrə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın 1.3.2-ci yarımbəndinə əsasən kommersiya və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, publik hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib edilir. Müraciətinizdə qeyd edilən suallarla bağlı müvafiq məlumatları aidiyyəti üzrə Vergilər Nazirliyinə müraciət etməklə əldə edə bilərsiniz.

Validbəy Yaqublu - 28.06.2019

Sual: Əl işlərimizin sərgi-satışı ilə məşğul olmaq üçün toxunma mallar üçün dövlətin gənc sahibkarlara təqdim etdiyi hansı güzəştli kreditlərdən yararlana bilərəm?

Cavab: Cavab: Güzəştli kreditin verilmə mexanizmi barəsində daha ətraflı məlumat almaq üçün rəsmi www.edf.gov.az ünvanına və ya Fondun Sahibkarlara Xidmət Mərkəzinə müraciət etməyiniz tövsiyyə olunur (012 3102300). Güzəştli kreditin verilmə mexanizmi barəsində daha ətraflı məlumat almaq üçün rəsmi www.edf.gov.az ünvanına və ya Fondun Sahibkarlara Xidmət Mərkəzinə müraciət etməyiniz tövsiyyə olunur (012 3102300).

Nicat Hüseyni - 28.06.2019

Sual: Güzəştli şərtlərlə krediti necə əldə edə bilərəm?

Cavab: Güzəştli kredit vəsaiti Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları vasitəsi ilə verilir. Sizi ilk öncə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət etməlisiniz. Fond ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatının siyahısını http://edf.gov.az/az/content/31 ünvanından əldə edə bilərsiniz. Eyni zamanda daha geniş məlumat almaq üçün Fondun Sahibkarlara Xidmət Mərkəzinə müraciət etməyiniz tövsiyyə olunur (012 3102300).

Arif Rəhimli - 10.06.2019

Sual: Sizin qurumda təcrübə və ya hər hansı könüllülük proqramı var?

Cavab: Könüllülərin seçilməsi şəffaflıq prinsipinə uyğun olaraq, müsahibə qaydasında həyata keçirilir və seçilmiş könüllülər fəaliyyətə başlamazdan əvvəl əl kitabçası ilə təmin olunur, ümumi təlimə cəlb edilir. Təlimi uğurla başa vuran və fəaliyyətə başlamalı olan könüllü ilə müqavilə bağlanılır.

Orxan Yaqubov - 27.05.2019

Sual: Zərərverici həşəratlara qarşı dərmanlama firması üçün nələr tələb olunur və nə qədər məbləğ lazımdır?

Cavab: Zərərverici həşəratlara qarşı dərmanlama fəaliyyəti ilə məşğul olmaq üçün özəl tibb fəaliyyətinin epidemiologiya: dezinseksiya işinə lisenziya almağınız tələb olunur. Özəl tibb fəaliyyətinin Epidemiologiya: dezinseksiya işinə lisenziya almaq üçün fəaliyyət göstərəcəyiniz ərazi üzrə müvafiq “ASAN xidmət” mərkəzləri (o cümlədən, Bakı şəhəri üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi) və ya “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz. Həmin fəaliyyətə lisenziya almaq üçün aşağıdakı sənədlər tələb olunur: - lisenziya almaq üçün ərizə; - ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; - ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti; - ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; - ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa); - tibb fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təsdiqedici sənədi; - tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarmı və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti. Lisenziyanın alınması üçün 2250 manat dövlət rüsumu tələb olunur. Yalnız Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərəcəyiniz təqdirdə həmin dövlət rüsumunun 50 faizi (1125 manat) ödənilir.

Cavid Babayev - 15.05.2019

Sual: 3-cü innovasiya müsabiqəsi üçün saytda necə qeydiyyatdan keçək?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini 2019-cu ilin 10 iyul tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” platforması və ya narmin.babayeva@economy.gov.az elektron poçt vasitəsi ilə təqdim edə bilər. Bunun üçün iştirakçılar www.ideya.az internet səhifəsində qeydiyyatdan keçməli, “2019-İnnovasiyalar” müsabiqəsini seçməli, təqdim olunan formanı dolduraraq layihəni göndərməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sdg.az saytından əldə etmək olar.

Azad Mirzəliyev - 12.04.2019

Sual: Lisenziya almaqla başqa ölkədən dələ gətirib mənfəət məqsədilə saxlamağa icazə verilirmi?

Cavab: Hörmətli Azad Mirzeliyev! “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda ölkəyə dələ idxal edib saxlanılması üçün lisenziya nəzərdə tutulmamışdır. Eyni zamanda, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və 21-ci maddələrinə əsasən vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə edilməsinə yalnız heyvanları təbii mühitdən ayırmamaqla və məhv etməməklə və onların yaşayış mühitini pisləşdirməməklə yol verilir. Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2004-cü il tarixli 100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydaları”nın 1.4-cü bəndinə və 13 iyul 2000-ci il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin forması və siyahısı”nın III hissəsinin 3-cü bəndinə əsasən heyvanlar aləmi obyektlərinin ölkəyə gətirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi ilə həyata keçirilir və heyvan növlərinin bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasının qanuniliyi həmin Nazirlik tərəfindən verilən və xüsusi reyestr kitabında qeydə alınan şəhadətnamə ilə rəsmiləşdirilir. Bələdiyyə və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvan növlərinə şəhadətnamə alınması üçün onların əldə edildiyi vaxtdan 15 gün müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli orqanlarına müraciət edilməlidir.

Elvin Nəsibov - 05.04.2019

Sual: Magistr dissertasiyam ilə əlaqədar ölkəmizdə, xüsusilə də Daşkəsən və Gədəbəy rayonlarında fəaliyyət göstərən zavodların siyahısını necə əldə etmək olar?

Cavab: Sorğunuzla əlaqədar bildiririk ki, sözügedən məlumatları Dövlət Statistika Komitəsindən və ya Daşkəsən və Gədəbəy rayonlarının yerli statistika idarələrindən müvafiq qaydada sorğu edərək əldə edə bilərsiniz.

Tural Rüstəmov - 03.04.2019

Sual: Biznes İnkubasiyası Mərkəzinin fəaliyyət istiqamətlərindən biri olan Kiçik və orta biznes üçün Qrant proqramı haqqında məlumatı necə əldə edə bilərəm?

Cavab: “Sahibkarlara Xidmət” mərkəzinin 012-310-23-00 qaynar xəttinə zəng vurmaqla ətraflı məlumat əldə edə bilərsiniz.

Ariz Əzizov - 20.02.2019

Sual: Kənd təsərrüfatında kiçik biznes açmaq istəyirəm. İlkin kapital kimi kimdən dəstək ala bilərəm ?

Cavab: Salam.“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın 4.1-ci, 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq, Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edə bilərlər. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Layihə müsbət qiymətləndirildiyi təqdirdə sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir.