Speeches and İnterviews

  • Updated 05.09.2013 07:58
  • Created 16.04.2013 04:46

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin elmi əsaslara malikdir

 

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurları və milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması mühüm əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu milli iqtisadiyyatın müxtəlif sahələrinin və ayrı-ayrı regionların davamlı inkişafına dair elmi tədqiqatların aparılması, həyata keçirilən araşdırmaların koordinasiya edilməsi, kadr hazırlığı və s. istiqamətlərdə əhəmiyyətli fəaliyyət göstərir. Ötən il institutda qeyri-neft sektorunun inkişafı, regionların və sahibkarlığın, ixrac potensialının artırılması, qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması, eləcə də bunun üçün model və üsulların işlənilməsinə yönəldilmiş tədqiqatlar həyata keçirilmişdir.
İnstitutda ölkə iqtisadiyyatının səmərəli idarəedilməsində mühüm əhəmiyyət kəsb edən elmi-tədqiqat işlərinin tərkib hissəsi kimi "Azərbaycan Respublikası üçün Ümumi Tarazlıq Modeli"nin hazırlanması istiqamətində işlər davam etdirilmiş və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu EcoMod şirkəti ilə birgə Azərbaycan Respub¬li¬kasının Ümumi Tarazlıq Modelini (AZMOD) hazırlamışdır. AZMOD əksər qabaqcıl ölkələrdə hazırda istifadə olunan müasir modelləşdirmə üsulları və proqram təminatına əsaslanır, müvafiq ssenarilərə uyğun orta və uzunmüddətli proqnoz və planların tərtib olunmasına geniş imkanlar yaradır.
Eyni zamanda, İnstitut tərəfindən AZMOD-un əsas məlumat bazası olan Sosial Hesablar Matrisi "15 iqtisadi sahə əhatə edilməklə tərtib edilmişdir. Bu ilin ikinci yarısında Sosial Hesablar Matrisi 19 iqtisadi sahə əhatə olunmaqla yenidən tərtib ediləcək və AZMOD bu baza əsasında yenilənəcəkdir ki, bu da orta və uzunmüddətli proqnozlarla yanaşı, qısamüddətli proqnozların verilməsinə də şərait yaradacaqdır.
Ölkə iqtisadiyyatının spesifik xüsusiyyətləri nəzərə alınmaqla, sektorlar arasındakı qarşılıqlı əlaqələri sadə və dolğun şəkildə əks etdirən, eləcə də gələcəkdə genişlənmə imkanı olan qısamüddətli makroekonometrik modelin qurulmasına başlanılmış, modelin informasiya bazası formalaşdırılmış və nəzəri baza işlənilmişdir. Türkiyənin makro¬eko¬no¬met¬rik modellərin qurulması sahəsində 50 ilə yaxın təcrübəsini nəzərə alaraq, modelin qurulması prosesində Türkiyə Respublikasının İnkişaf Nazirliyinin İqtisadi Modeller və Strateji Araşdırmalar Baş İdarəsi ilə birgə işlər davam etdirilir. Ölkənin qısamüddətli makroekonometrik modelinin hazırlanmasının bu ilin sonuna qədər başa çatması nəzərdə tutulur.
Biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi siyasətinə uyğun olaraq, vergi siyasəti və vergi dərəcələrinin optimallaşdırılması nəzərdə tutulmuş, iqtisadi sahələr üzrə mənfəət vergisinin optimallaşdırılması tədqiq edilmiş, mənfəət vergisinin faiz dərəcələri və büdcə daxilolmaları arasında asılılıqlar əsasında mənfəət vergisinin optimal dərəcəsi araşdırılmışdır. Bundan başqa, iqtisadi sahə üzrə istehsal faktorlarından asılı olaraq, mənfəət vergisinin optimal səviyyəsinin müəyyən edilməsi üçün yeni üsul verilmiş, çoxsaylı əsaslandırmalar aparılmış, müvafiq təklif və tövsiyələr hazırlanmışdır.
İnsan kapitalının inkişafı problemlərinin öyrənilməsi üçün ölkədə insan kapitalının mövcud vəziyyəti tədqiq edilməklə, sosial sahələrə yönəldilmiş investisiyaların insan kapitalına təsiri səviyyəsi müəyyənləşdirilmişdir. Eyni zamanda, insan kapitalının inkişafına mane olan problemlərin aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlanmışdır. BMT İnkişaf proqramının qəbul etdiyi metodologiya əsasında insan potensialının inkişafına təsir edən amillərin təsir səviyyəsi qiymətləndirilmiş, insan inkişafı indeksinə daxil olan altqrup indekslərə əhalinin gəlir səviyyəsinin və eyni zamanda, bu sahələrə yönəldilmiş investisiyaların təsir səviyyəsi müəyyənləşdirilmişdir. Ötən il "Minimum istehlak səbətinin tərkibini" müəyyənləşdirilməsi üzrə elmi əsaslandırılmış təkliflər verilmişdir. Həmçinin, ölkədə gəlir bərabərsizliyini və yaşayış minimumunu qiymətləndirmək məqsədilə müvafiq olaraq Cini əmsalı və minimum istehlak səbətinin dəyərinin mütəmadi olaraq hesablanması üçün analitik təhlillər aparılır.
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə ali təhsil müəssisələrinə tələbə qəbulunun proqnozlaşdırılmasına dair müvafiq metodologiya işlənilmiş və aidiyyəti təşkilatlara təqdim edilmişdir. Bununla da, iqtisadi fəaliyyət sahələrində sahələrarası əmək balansı əsasında iş yerlərinin yaradılmasının simulyasiya modeli işlənilmişdir. Model nəticəsində iş yerlərinin açılmasının əsas istiqamətləri, vergilərin və subsidiyaların iqtisadiyyatın ayrı-ayrı sahələrində (ümumi buraxılış həcminə, əlavə dəyərdə, əmək haqqında, mənfəətdə) mövcud təsirlərinin qiymətləndirilməsinə, habelə, idxal və ixracın, dövlət xərclərinin, istehlak xərclərinin, investisiya xərclərinin son məhsula və son məhsulun isə məhsul istehsalı üçün zəruri ehtiyatların həcminə təsirinin qiymətləndirilməsinə imkan verir.
Mənzil-kommunal təsərrüfatı iqtisadiyyatın demək olar ki, bütün sahələri ilə birbaşa və ya dolayı əlaqələri olan mürəkkəb bir kompleksdir. Dövlət, bələdiyyə orqanlarının, təbii inhisar sahələrinin, sahənin xidmətindən istifadə edən subyektlərin bir-biri ilə qarşılıqlı əlaqəsi və maraqları bu kompleks daxilində cəmləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilmişdir. İnstitut bu istiqamətdə aparılan siyasətin elmi əsaslarının işlənməsi üçün müasir beynəlxalq təcrübənin öyrənilməsi əsasında bu sahədə yeni idarəetmə formasının tətbiqi, qeyri-rasional xərclərin azaldılması, yaşayış fondunun idarəedilməsində rəqabətin inkişaf etdirilməsi, təchizatçı-istehlakçı münasibətlərinin formalaşdırılması, sahənin modernləşdirilmə prosesinə investisiyaların cəlb edilməsi, enerji resurslarına qənaət üzrə effektiv tədbirlərin görülməsi, yaşayış fondunun inventarlaşdırılması və özəlləşdirilməsinin stimullaşdırılmasına özəl sektorun cəlb edilməsi istiqamətində tədqiqatlar aparır və müvafiq təklif və tövsiyələr verir. Kommunal xidmətlər üzrə normativ bazanın təkmil olması məqsədi ilə "İstilik təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu"un və "Kommunal Xidmətlərin Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Qanunu"un layihələri hazırlanmışdır.
Azərbaycanda aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biri regionların sosial-iqtisadi inkişafının daha da yüksəldilməsidir. Regionlarda aparılan kompleks işlər və dövlət dəstəyi əsasında regionların sosial-iqtisadi inkişafının elmi təminatının təkmilləşdirilməsi, regional tarazlığın təmin olunması və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məsələlərinin araşdırılmasının vacibliyi nəzərə alınaraq İnstitutda sahibkarlığın inkişafı istiqamətində elmi tədqiqat işlərinin aparılması davam etdirilir.
Bununla əlaqədar regional iqtisadiyyatın rəqabətqabiliy¬yətliliyinin yüksəldilməsi məqsədilə klaster yanaşma tətbiq olunmaqla, iqtisadi rayonların mövcud sosial-iqtisadi vəziyyəti təhlil edilmiş, hər bir iqtisadi rayon üzrə diversifikasiya əmsalları hesablanmış, regionların inkişaf reytinqləri tərtib olunmuş və iqtisadi potensialın səmərəli istifadəsi üçün müvafiq təklif və tövsiyələr verilmişdir. Eyni zamanda, iqtisadi rayonlar üzrə məhsul buraxılışının kapitala (istifadəyə verilmiş əsas fondlar) və əməyə görə elastiklik əmsalları hesablanmış, həmin regionda əməyin məhsul buraxılışında rolunun əhəmiyyətli olduğu müəyyən edilmişdir.
Ötən il iqtisadi rayonların sosial-iqtisadi vəziyyətinin mövcud mənzərəsini, təbii və əmək resurslarını özündə əks etdirən informasiya bazasının formalaşdırması məqsədilə ölkənin iqtisadi rayonları üzrə sosial-iqtisadi pasportları hazırlanmışdır. Bu zaman xarici ölkələrin bu sahədə təcrübəsi öyrənilmiş, müvafiq dövlət proqramlarında nəzərdə tutulan tədbirlər, iqtisadi rayonların, eləcə də işgüzar fəallığından asılı olaraq inzibati rayonlar üzrə investisiya istiqamətləri, mövcud müəssisə və təşkilatların siyahısı təsnifatlaşdırılaraq verilmişdir. Pasportlar yerli və xarici investisiyaların iqtisadi rayonlara, həmçinin inzibati rayonlara istiqamətlənməsinin əhəmiyyətini nəzərə almaqla mütəmadi olaraq yenilənir.
Ölkədə sənaye parklarının yaradılması və fəaliyyətlərinin təmin edilməsi ilə bağlı İnstitutda Sumqayıt Kimya Sənaye Parkında və Balaxanı Sənaye Parkında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə müvafiq araşdırma aparılmış və təkliflər layihəsi hazırlanaraq müvafiq qaydada təqdim edilmişdir.
İqtisadi siyasətin prioritet istiqamətlərindən olan sahibkarlığın daha da inkişaf etdirilməsi üçün regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramını çərçivəsində bölgələrdə fəaliyyət göstərən elmi müəssisələrin və ali məktəblərin regional layihələrin həyata keçirilməsində iştirakının vacibliyi inkişaf etmiş ölkələrdə müvafiq təcrübə əsasında araşdırılmışdır. Dünya təcrübəsində sahibkarlığın inkişaf etdirilməsində klaster yanaşması ən aparıcı istiqamətlərdən biridir və regionda sahibkarların, elmi-tədqiqat və təhsil müəssisələrinin qarşılıqlı səmərəli şəkildə əlaqələndirilməsini şərtləndirir. Bununla yanaşı, xarici təcrübənin və ölkəmizdə regional sahibkarlığın və poten¬sialın araşdırılması nəticəsində elmi-tədqiqat işlərinin istehsalata tətbiqini sürətlən¬dir¬mək üçün texnoparkların yaradılmasına dair təklif və tövsiyələr hazırlanmışdır.
İqtisadi inkişafın təmin olunmasında mühüm məsələlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, beynəlxalq bazarlara çıxış və müasir nəqliyyat xidmətlərindən istifadə etməklə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasıdır. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, neft strategiyasının uğurla həyata keçirilməsi, eləcə də tərəfdaş ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat xidmətlərinin ixracının artırılması nəzərə alınmaqla institutda nəqliyyat-tranzit sektorunun rəqabətqabiliyyətinin artırılması üzrə tədqiqat işi aparılmışdır. Tədqiqatın nəticələrinə və beynəlxalq təcrübəyə əsaslanmaqla həm rəqabətqabiliyyətli nəqliyyat-tranzit sektorunun formalaşdırılması və innovasiyaların tətbiqini və klasterlərin yaranmasının, investisiyaların cəlb edilməsinin stimullaşdırılması, sektorda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, infrastrukturun yenilənməsi, liman ərazisində xüsusi iqtisadi zonaların və sənaye şəhərciklərinin yaradılması, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilmişdir. Bununla yanaşı, Azərbaycan Milli Aviasiya Akademiyası ilə elmi-tətbiqi əməkdaşlıq çərçivəsində ilk olaraq "Logistika terminlərinin izahlı lüğəti" hazırlanmış, yaxın vaxtlarda sahibkarlar üçün stolüstü məlumat vəsaitinin hazırlanması işi başa çatdırılacaqdır.
Hazırda "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" uğurla icra olunur və məşğulluq və ərzaq təhlükəsizliyi baxımından ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında məhsul istehsalının və ixracın stimul¬laş¬dı¬rıl¬ma¬sı, rəqabətqabiliyyətliliyinin artırılması və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə kompleks dövlət dəstəyi tədbirləri həyata ke¬çi¬ri-lir. Bu dəstəyin səmərəliliyinin artırılması məqsədilə uzun müddətli retros¬pe¬k¬ti¬v yanaşma əsasında bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı verilmişdir. Ölkənin regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti qiymətləndirilməklə müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, kənd təsərrüfatı sektorunun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmış və kənd təsərrüfatında intensiv inkişafla bağlı təkliflər hazırlanmışdır.
Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balans tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdirlər. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli təbii-coğrafi şərait və torpaq ehtiyatlarından səmərəli istifadə olunması, toxumçuluq və damazlığın inkişaf etdirilməsi, müxtəlif aqro-xidmətlərin keyfiyyətinin artırılması, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə İnstitutda təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.
İnstitutda kənd təsərrüfatının kompleks inkişafı məsələlərinin tədqiqi istiqamətində qabaqcıl dünya təcrübəsinin araşdırılması prosesində ekoloji təmiz kənd təsərrüfatının mühüm rolunun olduğu müəyyən edilmişdir. Belə ki, bu kənd təsərrüfatı sistemi özündə dünya bazarında ekoloji təmiz məhsullara artan tələbi, istehsaldan satışa qədər kompleks məsələləri, həmçinin fərqli iqtisadi və institusional mexanizmləri əks etdirir. İnstitutda Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft sektorunda əlavə dəyər yaratması, ixrac üstünlükləri baxımından potensialı və inkişaf perspektivləri, regionlarda fermerlərin gəlirlərinin artması istiqamətində təhlillər aparılmışdır. Eyni zamanda İnstitut ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və İnkişaf Agentliyi arasında "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi" layihəsi həyata keçirilir. Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı sahəsində maarifləndirmə işinin təşkilinə kömək məqsədi ilə orta ümumtəhsil müəssisələrində yardımçı dərs vəsaiti kimi şagirdlər üçün nəzərdə tutulan "Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı" adlı kitab hazırlanmışdır. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində sahibkarların cəlb olunması istiqamətində isə mütəmadi olaraq seminar və konfranslar keçirilmiş, o cümlədən sahibkarların fərdi müraciətləri əsasında təsərrüfat fəaliyyətinin təşkili üçün müvafiq tövsiyələr hazırlanmışdır. Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində layihələrin davam etdirilməsi məqsədilə "Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Kompleksinın inkişaf etdirilməsi prosesində İƏT ölkələrinin təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi" layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatına təklif edilmiş və üzv ölkələr bu təşəbbüsü müsbət qarşılamışdır. Ekoloji təmiz kənd təsərrüfatının inkişafında kiçik və orta sahibkarlığın iştirakının stimullaşdırılması məqsədilə seminar və konfransların keçirilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda üzümçülüyün inkişafı ilə bağlı xüsusi proqramın hazırlanması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə verilmiş tapşırığa uyğun olaraq 2011-ci ildə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnsti¬tutu tərəfindən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın layihəsi hazırlanmış və ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının icrası kənd təsərrüfatının prioritet sahələrindən olan üzümçülüyün inkişafına, bu sahədə ənənələrin bərpasına, emal sənayesinin və ixrac potensialının genişlənməsinə təkan verəcəkdir. Dövlət Proqramı çərçivəsində İnstitutun əməkdaşları üzümçülük rayonlarında olmuş, 4 min nəfərə yaxın fermer və pay torpaq sahibləri ilə görüşərək səmərəli iri fermer təsərrüfatlarının yaradılması istiqamətində təkliflər vermiş, güzəştli kreditlərin alınması və dövlət dəstəklərindən istifadə qaydaları barədə məlumat vermişlər. O cümlədən, regionlarda araşdırmalar aparılaraq maliyyə-stimul mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində təkliflər və müvafiq vəsait hazırlanmışdır. Hazırda İnstitutda üzümçülük sahəsində əlavə dəyərin artırılması və klaster yanaşmanın tətbiqi istiqamətində tədqiqat işləri davam etdirilir.
Hazırda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bir sıra beynəlxalq təşkilat və maliyyə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri yaratmışdır. Son illərdə institut Türkiyə, Macarıstan, Koreya, Polşa, Almaniya, Çin və əksər MDB ölkələrinin iqtisadi sahədə fəaliyyət göstərən müvafiq elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir.
Son illər, o cümlədən 2012-ci ildə İnstitutda çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli seminar, dəyirmi masa, simpozium, konfrans və digər tədbirlərin keçirilmişdir. Ötən il İnstitutda İslam Əməkdaşlığı Təşkilatının İqtisadi tədqiqatlar üzrə Daimi İşçi Komitəsinin 2-ci və İƏT-in "İqtisadiyyat" Jurnalının 1-ci iclasları keçirilmişdir. Belə tədbirlərin bu il də davam etdirilməsi nəzərdə tutulur.
Aparılan sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəm¬lən¬di¬ril¬məsi və artırılması iqtisadi siyasət və inkişaf problemlərinin elmi-analitik araş¬dırılmasının genişləndirilməsini və dərinləşdirilməsini zəruri edir. İnstitutun fəaliyyətinin bu yeni şəraitə uyğunlaşdırılması və səmərəliliyinin yüksəldilməsi, o cümlədən, onun çevik təşkilati-elmi stru¬k¬tu¬ru¬nun formalaşdırılması, elmi və maddi-texniki bazasının müasirləşdirilməsi və möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi qarşıdakı illərdə də prioritet inkişaf istiqaməti kimi nəzərdə tutulmuşdur. Bu istiqamətdə qarşıya qoyulmuş kompleks işlərin yerinə yetirilməsi aparılan tədqiqatların analitik yükünün artırılması, yeni elmi-tətbiqi model və üsulların işlənilməsi, yeni qoyuluşda elmi tədqiqat işlərinin aparılması və nəşrinə şərait yaratmaqla, İnstitutu beynəlxalq səviyyədə tanınan "beyin mərkəzi"nə çevrilməsinə imkan verəcəkdir.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bundan sonra da ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının, struktur və innovasiya sahəsində dövlət siyasətinin, milli iqtisadiyyatın müxtəlif sahələrinin və regionların davamlı inkişafının elmi əsaslarının işlənib hazırlanması istiqamətində fəaliyyətini şərəflə davam etdirəcəkdir.


Vilayət Vəliyev
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru

 

← Back