Speeches and İnterviews

  • Updated 15.12.2015 06:14
  • Created 15.12.2015 06:14

Mühüm nəqliyyat dəhlizi kimi Azərbaycanın regionda və dünyada əhəmiyyəti artır

 

Şahin MUSTAFAYEV: "Prezident İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verəcək"

Azərbaycan tarixən qədim İpək Yolunun keçdiyi, ən uzaq dövlətləri birləşdirən ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə bu tarixi rolu daha da artaraq, strateji əhəmiyyət kəsb edir. Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də yeni təşəbbüslərin müəllifidir. İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində keçirdiyi rəsmi görüşlərin əsas müzakirə mövzusu məhz bu məsələ idi. Prezident İlham Əliyevin irəli sürdüyü təklif və layihələrə razılığını ifadə edən Çin rəsmiləri Avropaya doğru ən qısa yolun Azərbaycandan keçməsini nəzərə alaraq ölkəmizi mühüm tranzit daşımalarında əsas tərəfdaşlarından biri kimi dəyərləndirdilər. Bu səfərin nəticəsi heç şübhəsiz ki, Azərbaycanın qlobal tranzit daşımalarındakı mövqeyini daha da möhkəmləndirəcək.
Bir zəruri məqamı da qeyd edək ki, bu prosesin dövlət tənzimlənməsini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Koordinasiya Şurasının fəaliyyəti, eləcə də ölkəmizin tranzit potensialından daha səmərəli istifadə olunması tədbirlərinə dair suallarımızı iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin MUSTAFAYEV cavablandırır.

Şahin müəllim, ilk olaraq Azərbaycanın tranzit potensialı barədə fikirlərinizi bilmək istərdik.

- İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritet istiqamətidir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da 2020-ci ilədək qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da artırılması nəzərdə tutulur. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. Qeyd edim ki, qeyri-neft sektorunda tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir və bu sahənin inkişafı üçün böyük perspektivlər var.
Məlum olduğu kimi, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan, əlverişli geostrateji mövqeyə malikdir. Bu potensialı böyük uzaqgörənliklə qiymətləndirən ümummilli lider Heydər Əliyevin siyasi məharəti və səyləri nəticəsində 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə Tarixi İpək Yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olunmuş və həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanmışdır. Təsadüfi deyildir ki, TRASEKA Hökumətlərarası Komissiyasının daimi Katibliyi də Bakı şəhərində yerləşir. 1998-ci ildən indiyədək TRASEKA-ya üzv ölkələr, o cümlədən Azərbaycan tərəfindən İpək Yolunun inkişafı üçün bir sıra genişmiqyaslı layihələr həyata keçirilmişdir.
Bütün sahələrdə olduğu kimi, ulu öndərin ölkənin tranzit potensialının reallaşdırılmasına dair uzaqgörən siyasəti də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının tikintisi, müasir avtomobil yolları şəbəkəsinin yaradılması Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir, digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə daha əlverişli şərtlərlə, yəni qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Prezident İlham Əliyevin nəqliyyat sektorunun ölkə iqtisadiyyatında artan rolundan danışarkən qeyd etdiyi kimi: "Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır".

Tranzit yükdaşımalar sahəsində ölkəmizdə mövcud vəziyyət necədir?

- Azərbaycan tranzit və yükdaşımalar sahəsində böyük potensiala malik olsa da, hazırda bu imkandan tam istifadə edilmir. Çin - Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan və Qara dənizi əhatə edən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bir çox üstünlüklərinə baxmayaraq, son dövrlərdə dəhliz vasitəsilə yükdaşımaların həcmində azalma müşahidə olunur. Belə ki, dəhlizin Azərbaycan hissəsində 2010-2014-cü illər ərzində dəmir yolu vasitəsilə tranzit yük daşımalarının illik həcmi 45 faiz azalaraq 8,3 mln. tondan 4,5 mln. tona enmişdir.
Bu, dəhlizin üzv ölkələri arasında yükdaşımalar üzrə koordinasiyanın zəifliyi, tranzit yük daşınması prosedurlarının təkmil və yükdaşıma tariflərinin rəqabətqabiliyyətli olmaması ilə bağlıdır. Halbuki, bu dəhliz məsafə baxımından Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Belə ki, 4200 km uzunluğunda olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mümkün tranzit müddəti 14 gündən azdır. Asiya və Avropa arasında ticarət əlaqələrinin genişlənməsi Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına böyük imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı qazanacaqdır.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının rolunu necə görürsünüz?

- Qeyd edildiyi kimi, Azərbaycanın tranzit və yükdaşıma potensialı genişdir. Əlverişli coğrafi mövqe, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında, yeni iş yerlərinin açılmasında faydalı olacaqdır. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə həmçinin, gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.
Bütün bunlara nail olmaq isə, ciddi təhlillərin aparılmasını, vahid siyasətin həyata keçirilməsini və konkret mexanizmlərin işlənməsini tələb edir. Digər tərəfdən, beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə dövlət başçısının da qeyd etdiyi kimi, böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər təklif etməklə, tranzit daşımaları sahəsində səmərəli idarəçiliyin təşkil olunması, müvafiq koordinasiya siyasətinin həyata keçirilməsi ilə bu sahədə ciddi irəliləyişlər əldə edə bilər. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələyə toxunaraq qeyd etmişdir: "Bu gün yüklər uğrunda mübarizə gedir. Bölgə ölkələri rəqabət aparır. Azərbaycan burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq".
Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Bu fərmanla Koordinasiya Şurasının tərkibi və əsasnaməsi təsdiq edilmişdir. Koordinasiya Şurası qarşısında qoyulmuş vəzifələrin icrası üçün daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, daşınma prosedurlarının sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, koordinasiya işlərinin gücləndirilməsi, xüsusilə yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Hazırda Koordinasiya Şurasında təmsil olunan qurumlarla görüşlər keçirilir, bu sahədə fəaliyyət göstərən nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır. Bundan başqa, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti və problemləri öyrənilir, bu dəhlizlərin potensialının artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi imkanları araşdırılır. Koordinasiya Şurasının elektron portalının yaradılması istiqamətində də müvafiq işlər görülür. Portal ölkənin dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit yükdaşımalar ilə bağlı vahid tarifləri, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını, dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, habelə yüklərin izlənməsi və daşınma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirəcək.
Qeyd olunan işlərlə yanaşı, görülən işlərin beynəlxalq səviyyədə təşviqi üçün müvafiq tədbirlər zamanı dəhlizin üstünlükləri və tətbiq olunan yeniliklər barədə məlumatlandırma işləri həyata keçirilir.

Tranzit yükdaşımaları sahəsində tarif tənzimlənməsi əsas amillərdəndir...

- Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının noyabrın 13-də keçirilmiş ilk iclasında dəmir yolu, dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin optimallaşdırılması, tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, prosedurlarının şəffaflaşdırılması və asanlaşdırılması üzrə təkliflərin hazırlanması qərara alınmışdır. İclasda həmçinin, tranzit yükdaşımalar sahəsində bağlanmış müqavilələrin qeydiyyatının aparılması məqsədi ilə zəruri tədbirlərin görülməsi, tranzit yükdaşımalarla bağlı elektron portalın yaradılması üçün müvafiq məlumatların təqdim olunması, tranzit yükdaşıma müqavilələrinin bağlanması sahəsində prosedurların sadələşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilmişdir.
Qəbul edilmiş qərarlardan da göründüyü kimi, tariflərin optimallaşdırılması Koordinasiya Şurasının fəaliyyətində başlıca istiqamətlərdəndir və hazırda şurada təmsil olunan qurumlarla birgə bu sahədə müvafiq işlər görülür. Artıq tranzit prosedurları sadələşdirilmişdir. Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz aşağı salınmışdır. Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20 faizədək aşağı salınmış və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edəcəkdir.
Bundan başqa, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilmişdir. Bununla belə, aidiyyəti xidməti göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən baxıla bilər. Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.
Görülmüş işlər və nəzərdə tutulan tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini artıracaq, bu sahədə şəffaflıq təmin ediləcəkdir.

Heç şübhəsiz ki, nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan bu sahədə digər ölkələrlə əlaqələrdə maraqlıdır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün hansı tədbirlər görülür?

- Tranzit yükdaşımalarının həcminin artırılması üçün dəhliz ölkələri ilə əlaqələrin genişləndirilməsi vacib məsələlərdəndir. Təsadüfi deyildir ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı hər iki ölkənin dövlət başçıları bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha qeyd etmiş, müvafiq qurumlara tapşırıqlarını vermişlər.
Bu tapşırıqların icrası məqsədi ilə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin Azərbaycana səfəri zamanı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasında ölkələrimiz arasında tranzit yükdaşımalarının həcminin artırılmasına, bu sahədə mövcud prosedurların sadələşdirilməsinə, optimallaşdırılmış tarif siyasətinin həyata keçirilməsinə dair müzakirələr aparılmışdır. Türkiyənin Beynəlxalq Daşıyıcılar Assosiasiyasının rəhbərinin bu günlərdə Azərbaycana səfəri zamanı da tranzit yükdaşımaları sahəsində əlaqələrin genişləndirilməsi əsas müzakirə mövzusu olmuşdur.
Azərbaycan qədim İpək Yolunun üzərində yerləşməklə, Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi kimi böyük potensiala malikdir. Ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol olduğundan Çin malları Azərbaycandan Türkiyəyə, oradan isə Avropaya çıxarıla bilər. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Çinə rəsmi səfəri zamanı tranzit daşımaları aparılan danışıqların prioritet mövzularından olmuş, bu sahədə əməkdaşlıq məsələləri geniş müzakirə edilmiş, Azərbaycan və Çin hökumətləri arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanmışdır.
Bildirmək istərdim ki, regionun tranzit imkanları barədə Azərbaycan və Gürcüstanın Çində birgə təqdimatı keçiriləcəkdir.
Son zamanlar Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görülmüş, xüsusilə bu sahədə Azərbaycan və İran tərəfindən həyata keçirilən işlər intensivləşdirilmişdir. Belə ki, bu ilin oktyabrında Azərbaycanın və İranın nümayəndələrinin Astara şəhərində keçirilmiş görüşləri zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsinə, bu sahədə prosedurların sadələşdirilməsinə və digər məsələlərə dair razılıqlar əldə olunmuşdur.
Bu yaxınlarda dövlət başçısının imzaladığı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" sərəncam Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini və bu sahədə görülən işləri sürətləndirəcək, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır. Analoji müzakirə və təhlillərin digər maraqlı ölkələrlə də aparılması nəzərdə tutulur.
Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, tranzit yükdaşımalar üzrə iştirakçılar, nəqliyyat müəssisələrindən, daşıyıcılardan, habelə nəqliyyat xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslər maraqlandıqları məsələlərlə, qarşılaşdıqları problemlərlə bağlı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofisinə (Ünvan: Bakı şəhəri, AZ1025, Xocalı prospekti, 37, "Demirchi Tower", telefon: 488-80-38; faks: 488-80-48; e-mail: office@transit.az) müraciət edə bilərlər.
Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verəcək.

 

Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=85978

 

← Back