Speeches and İnterviews

  • Updated 07.06.2016 06:56
  • Created 07.06.2016 06:53

Prezidentin yeni islahatlar kursunun mühüm istiqaməti

Güclü özəl sektor dayanıqlı sosial-iqtisadi inkişafın təminatçısıdır

 

"Sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır"
İlham ƏLİYEV


Tarixən böyük sahibkarlıq ənənələrinə malik olmuş, lakin SSRİ-nin qurulması və dövlət mülkiyyətinə əsaslanan planlı təsərrüfat sisteminin tətbiqi ilə 70 ildən artıq bir müddətdə bu ənənələrdən uzaq düşmüş Azərbaycanda sahibkarlığın yenidən formalaşması və inkişafı yalnız dövlət müstəqilliyinin bərpasından sonra mümkün olmuşdur. Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı iqtisadi islahatların başlıca istiqamətlərindən biri də məhz sahibkarlığın inkişafı idi.


Sahibkarlığın inkişafı iqtisadi strategiyanın prioritetlərindəndir


"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyən ulu öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın formalaşması və genişlənməsi ilə bağlı taleyüklü qərarlar qəbul etmiş, bu sahəni tənzimləyən qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm işlər görmüşdür.
Ulu öndərin siyasi kursunu inamla və böyük uzaqgörənliklə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin şəbəkəsinin genişləndirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların və sərgilərin təşkili və digər tədbirlər sayəsində ölkəmizdə güclü sahibkarlar ordusu formalaşmış, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir.
Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faizi ötmüş, 2004-2015-ci illərdə 71 mindən çox müəssisə, 1,5 milyona yaxın iş yeri açılmışdır. Artıq Azərbaycan iş adamları ölkəmizlə yanaşı, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, xaricdə etibarlı tərəfdaş kimi tanınırlar.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli sərəncamı ilə hər il aprelin 25-nin "Sahibkarlar günü" kimi qeyd olunması ölkənin sosial-iqtisadi inkişafında məhz sahibkarların fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətin göstəricisidir.
Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan "Doing Business 2016" hesabatında Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 63-cü pilləyə yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur. "Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qorumuş, "G-20" yə üzv olan 8 ölkəni qabaqlamışdır.
Ölkədə sahibkarlığın inkişafını təmin edən düşünülmüş siyasətin bəzi məqamları üzərində xüsusi dayanmaq istərdik.


İnstitusional dəstək mexanizmləri


Müasir dövrdə sahibkarlığın inkişafında institusional dəstək mexanizmlərinin yaradılması mühüm rol oynayır. Bu baxımdan zəruri infrastruktura çıxış imkanının təmin olunması və daha əlverişli şəraitin yaradılması üçün sənaye parklarını və məhəllələrini xüsusi vurğulamaq lazımdır.
Sənaye parklarında müxtəlif güzəştlər tətbiq edilir, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün infrastruktur yaradılır, işin səmərəli təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi, güzəştli kreditlərin verilməsi və s. kimi tədbirlər nəzərdə tutulur.
Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV və gömrük rüsumundan azaddırlar.
Həyata keçirilən tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edir.
Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində müvafiq işlərin görülməsi davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 7 şirkətə rezident statusu verilmişdir. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. Bu ilin aprel ayında İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azərsun Holdinq" MMC və İranın "Darou Pakhsh" şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, sənaye parkının ərazisində əczaçılıq məhsullarının istehsalı da həyata keçiriləcəkdir. İlkin mərhələdə müəssisədə 50-dən çox adda dərman preparatının istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə istehsal genişləndirilməklə daha çox dərman vasitəsini əhatə edəcəkdir.
Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, plastik qabların, avtomobil şinlərinin, çap-poliqrafiya məhsullarının emalı sahələri üzrə artıq 4 rezident qeydiyyata alınmışdır.
Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 mln dollardan yuxarı olan sualtı tikinti və üç sərnişin gəmisinin tikintisi aparılır. "Şahdəniz-2" layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilən "Xankəndi" sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib. Gəminin tikintisi üzrə işlərin 80 faizdən çox hissəsi başa çatdırılıb. Bütövlükdə isə gəminin inşası 2017-ci ilin aprel ayında "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək başa catdırılacaq.
Mingəçevir Sənaye Parkı tekstil sahəsində fəaliyyət göstərəcək və hazırda parkın təşkili işləri davam etdirilir.
Tikintisi başa çatmaqda olan Neftçala Sənaye Məhəlləsi iqtisadiyyatın prioritet istiqamətlərindən olan kiçik və orta sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Qeyd edək ki, sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilmişdir. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaqdır. Bu yaxınlarda Azərbaycanın "Azevrocar" şirkəti ilə İranın "İran Khodro" şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Neftçala Sənaye Məhəlləsinin ərazisində minik avtomobilləri və onların ehtiyat hissələri istehsal olunacaq.
Hazırda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, ölkəmizin çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədi ilə dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər görülür.


Dövlət-özəl sektor əməkdaşlığı


Yerli və xarici investorlarla birgə investisiya qoyuluşu vasitəsilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərindən olan Azərbaycan İnvestisiya Şirkəti indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak etmişdir. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunmuşdur. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilmişdir.
Özəl sektora həm də maliyyə dəstəyi göstərilir, sahibkarlara güzəştli kreditlər verilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığın inkişafına güzəştli kreditlər ayırmaqla yanaşı, həm də sahibkarlara məsləhət xidməti göstərir, regionların potensialına uyğun nümunəvi investisiya layihələri təqdim edir. Bu ilin ötən dövrü ərzində 851 sahibkara 54,8 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1800-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. 2016-cı ildə əsas hissəsi geri qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 250 milyon manat həcmində güzəştli kreditin verilməsi planlaşdırılır.
Ümumiyyətlə, qeyri-neft sektorunun prioritet sahələrinə, o cümlədən iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə indiyədək 31 min sahibkara 1,8 milyard manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 142 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.
2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Biznes inkubatorda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılmışdır. Belə ki, biznes inkubatorda gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar verilir, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilir. Hazırda 45 gənc üçün biznes inkubatorda kənd təsərrüfatı, turizm, İKT, xalçaçılıq, dizayn, emal, xidmət və s. sahələr üzrə treninqlər keçirilir və onlar sahibkar kimi formalaşırlar. Bundan başqa, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində xalçaçılıq üzrə təlim mərkəzi fəaliyyət göstərir ki, burada gənclərə xalçaçılıq sənətinin sirləri öyrədilir.
Aran iqtisadi rayonunda sahibkarlığın inkişafına dəstək məqsədilə Yevlaxda inşa olunan analoji mərkəzin tikinti işləri başa çatdırılıb və yaxın zamanlarda sahibkarların istifadəsinə veriləcək. Digər iqtisadi rayonlarda da bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.
Ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər Azərbaycanın biznes mühitinin və iqtisadi potensialının təbliği ilə yanaşı, yerli sahibkarların işgüzar əlaqələrinin daha da genişləndirilməsinə, sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin satışının dəstəklənməsinə xidmət edir. Bu baxımdan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. Təkcə 2015-ci ildə AZPROMO tərəfindən Azərbaycanda və xarici ölkələrdə 261 biznes forum, işgüzar görüş, sərgi və s. tədbirlər keçirilmişdir. Yerli və xarici iş adamları Azərbaycanda iş qurmaq, xarici bazarlara çıxmaq üçün AZPROMO-nun məsləhət xidmətlərindən də istifadə edə bilərlər.
Özəl sektorun inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsidir. Sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliyin göstərilməsi, informasiya təminatı, məsləhət və marketinq xidməti sahəsində biliklərin verilməsi məqsədilə mütəmadi olaraq Bakıda və regionlarda treninqlər, "dəyirmi masa"lar, konfrans və seminarlar keçirilir, azərbaycanlı sahibkar və gənc menecerlər Almaniyada ixtisasartırma kurslarında iştirak edir, təcrübə mübadiləsi aparmaqla yanaşı, biznes əlaqələrini genişləndirirlər. İndiyədək 277 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kurslarında iştirak etmişdir. Daha 18 nəfərin bu ilin oktyabr-noyabr aylarında Almaniyaya ixtisasartırma kursuna göndərilməsi nəzərdə tutulur.
Bütün bunlarla yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərən İxracatçılar klubunun, sahibkarlar arasında daimi ünsiyyət platformasını formalaşdıran, eləcə də dövlət qurumları və sahibkarlar arasında körpü rolunu oynayan Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Qadın Sahibkarlar Assosiasiyasının və digər ictimai birliklərin rolunu qeyd etmək lazımdır.


Yeni islahatlar kursu


Qlobal və regional səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər xüsusilə böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan, Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".


İnzibati prosedurların sadələşdirilməsi


İnzabati prosedurların sadələşdirilməsində "ASAN xidmət"in rolunu və əhəmiyyətini ayrıca qeyd etmək lazımdır. Burada xidmətlərin yüksək keyfiyyətlə, şəffaf və operativ göstərilməsi vətəndaşların rahatlığını təmin etməklə bərabər, sahibkarların da əvvəllər üzləşdikləri bir sıra problemlərin həllini təmin etmişdir.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 2 il müddətinə dayandırılmışdır. Nəticədə 2015-ci ilin noyabrından indiyədək cəmi 49 yoxlama (vergi yoxlamaları istisna olmaqla) keçirilmişdir. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə 33336 yoxlama aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.
Sahibkarlığın inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş və qüvvədə olan lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Bununla yanaşı, ötən ilin noyabr ayından dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir. İndiyədək "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara ən çox lisenziya verilən özəl tibb, əczaçılıq, tikinti-quraşdırma, layihələndirmə, mühəndis-axtarış, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, təhsil, sürətli poçt rabitə xidməti, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işlərinin aparılması, yanğından mühafizə fəaliyyət sahələri də daxil olmaqla 1750-dən çox lisenziya verilmişdir.
Eyni zamanda, bu ilin martında "Lisenziyalar və icazələr haqqında" qanun qəbul edilmişdir ki, həmin qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilmişdir. Bundan başqa, bu qanunda "Lisenziyalar və icazələr" portalının yaradılması, dövlət orqanları tərəfindən sahibkarlara lisenziya və icazə məsələləri üzrə qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, "bir pəncərə" prinsipinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir.
Qanunun qəbul edilməsi lisenziya və icazələrin verilməsi sahəsində şəffaflığın daha da artırılmasına, sahibkarların xərclərinin və vaxtın əhəmiyyətli dərəcədə azalmasına, ümumilikdə özəl bölmənin inkişafına müsbət təsir göstərəcəkdir.
Hazırda "Lisenziyalar və icazələr" portalının yaradılması üçün işlər davam etdirilir. Portalın fəaliyyətə başlaması nəticəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi tamamilə elektron qaydada həyata keçiriləcək, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsi təmin ediləcəkdir.


İnvestisiyaların təşviqi


Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. 2016-cı ilin 20 aprelində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası", investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və layihənin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir.
İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmağa imkan verir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Bu, qeyri-neft sektoruna investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
"Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunda nəzərdə tutulmuş "Tik, idarə et, təhvil ver" (TİT) modelinin tətbiqi də sahibkarlar üçün geniş imkan yaradır, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir. Belə ki, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır.


İxracın təşviqi, xarici ticarətin liberallaşdırılması


Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə ixracın təşviqi, o cümlədən geri ödəmə dəstəyinin verilməsi, "MADE İN AZERBAİJAN" brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi və ixracyönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün Aktau şəhərində logistika mərkəzi artıq sahibkarların istifadəsinə verilmişdir. Növbəti belə mərkəzin Rusiya Federasiyasının Yekaterinburq şəhərində inşası nəzərdə tutulur.
Bununla yanaşı, ixrac-idxal əməliyyatları zamanı elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin tətbiqi istiqamətində işlər görülür. Dövlət başçısının 21 may 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları" avqustun 1-dən tətbiq olunacaqdır. Bu, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsinə, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişafına imkan verməklə, qeyri-neft ixracının artmasına, xarici ticarətin coğrafiyasının genişlənməsinə, Azərbaycan məhsullarının yeni bazarlara çıxarılmasına imkanlar yaradacaq.


Geniş islahat tədbirləri


Bu gün müasir, intensiv metodlara əsaslanan yeni təsərrüfatların yaradılması ərzaq təhlükəsizliyinin təminində əhəmiyyətli rol oynayır. Hazırda dövlətin dəstəyi ilə iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində tədbirlər davam etdirilir. Artıq 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatmışdır və fəaliyyət göstərən təsərrüfatlarda məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması imkanları araşdırılır.
Ərzaq təhlükəsizliyinin, istehlak bazarında qiymətlərin sabitliyinin təmin olunmasında, kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında mühüm əhəmiyyətini nəzərə alaraq dövlət başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən meyvə-tərəvəz, taxıl və digər ərzaq məhsullarının tədarükü və saxlanılması üçün müasir logistik mərkəzlər tikilməkdədir. İndiyədək ümumi tutumu 330 min ton olan 52 logistik mərkəzin maliyyələşdirilməsinə 161 mln manat güzəştli kredit verilmişdir. Artıq bunlardan tutumu 241 min ton olan 42 logistik mərkəz istifadəyə verilmişdir. Bu logistik mərkəzlər ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial-iqtisadi inkişafına və investisiya cəlbediciliyinin artırılmasına, kənd təsərrüfatının intensiv inkişafına, məhsul itkisinin qarşısının alınmasına, ixrac potensialının artırılmasına təkan verməklə ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr vermişdir.
Ənənəvi sahələrin, o cümlədən pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Belə ki, pambıqçılığın və tütünçülüyün inkişafı məqsədilə bu sahədə fəaliyyət göstərən fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılmış, fermerlərdən pambıq və tütünün alış qiyməti artırılmışdır. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri və təklifləri öyrənilir. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür.
Bununla yanaşı, aparılan islahatlar çərçivəsində şəffaf və ədalətli dövlət satınalmalarının təmin edilməsi, həmçinin "Dövlət satınalmaları haqqında" qanunda bu ilin yanvar ayında edilmiş dəyişikliyə əsasən, yerli şirkətlərə 20 faizlik güzəştin tətbiqi də sahibkarlığın inkişafına müsbət təsir edəcəkdir.
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması, dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi müvafiq sahələrdə sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaradır. Bu yaxınlarda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməlinin qoyulması Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi ilə yanaşı, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafında əhəmiyyətli olacaqdır ki, bu da sahibkarlara böyük fayda gətirəcəkdir.
Dövlət başçısının islahatlar paketi çərçivəsində 19 may 2016-cı il tarixində imzaladığı "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanla müəyyənləşdirilmiş tapşırıqlar ölkədə sahibkarlığın inkişafı üçün əlavə stimul olmaqla yeni imkanlar açır.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı ölkə başçısının imzaladığı 20 may 2016-cı il tarixli fərmanı ilə iqtisadi amnistiyanın həyata keçirilməsi də sahibkarlığın inkişafı baxımından xüsusi önəm kəsb edir.
Qeyd etmək lazımdır ki, digər sahələrdə olduğu kimi, sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən kompleks islahatlar da davamlı xarakter daşıyır. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi: "Bu, yalnız başlanğıcdır. Biz işimizi davam etdirməliyik. Bu, hər hansı bir kampaniya deyil. Bu, bizim siyasətimizdir və o, davam etməlidir".
Beləliklə, möhtərəm Prezident İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunan, iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsində aparıcı qüvvəyə çevrilmiş, ölkəmizin ictimai-siyasi və sosial həyatında fəal iştirak edən Azərbaycan sahibkarları Vətənimizin tərəqqisinə mühüm töhfələr verir.
Heç şübhəsiz ki, Azərbaycan sahibkarları dövlət başçısının hərtərəfli diqqət və qayğısına bundan sonra da qeyri-neft sektorunun inkişafında, əhalinin daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında daha fəal iştirakla, əməli işlə cavab verəcək, yaradılmış əlverişli şəraitdən geniş istifadə edərək bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edəcəklər. Dövlət başçısının qeyd etdiyi kimi: "Dövlət siyasəti bir tərəfdən sahibkarların vətənpərvərliyi, məsuliyyəti və işgüzarlığı, digər tərəfdən ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir".

 

Şahin MUSTAFAYEV,
Azərbaycan Respublikasının iqtisadiyyat naziri


http://www.azerbaijan-news.az/index.php?mod=3&id=98500

 

← Back