Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar

  • Updated 04.05.2018 11:56
  • Created 16.03.2018 19:10

Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2018-ci il.

 

← Back