Speeches and İnterviews

  • Updated 13.10.2015 09:07
  • Created 13.10.2015 09:07

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı

 

Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!

2015-ci ilin 9 ayında Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının yekunları göstərir ki, regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, ölkə iqtisadiyyatının inkişaf dinamikası davam edir.
Enerji bazarındakı əlverişsiz konyunktur, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın əsas ticarət partnyorlarının milli valyutalarının ucuzlaşması, Yaxın Şərqdə gərginliyin artması, eləcə də dünya maliyyə bazarlarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab oluna bilər. Ölkəmizin bu çağırışlara hazır olması, iqtisadiyyatın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Təsadüfi deyil ki, bir neçə gün öncə dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, "G-20"yə üzv olan 8 ölkəni qabaqlamış, "Makroiqtisadi vəziyyət" göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında "Fitch" beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu "sabit" saxlamışdır. Bu günlərdə, həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.
Hesabat dövründə ümumi daxili məhsul 3.7 faiz artmışdır. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6.4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatmışdır. Sənaye 2.1 faiz, o cümlədən qeyri-neft sənayesi 10.2 faiz, kənd təsərrüfatı 6.7 faiz, informasiya və rabitə xidmətləri 8.8 faiz, pərakəndə ticarət 11.4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6.2 faiz artmış, inflyasiya 3.7 faiz təşkil etmişdir.
Əhalinin gəlirlərində artım meyilləri davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz, hər nəfərə düşən gəlirlər 4.5 faiz artmışdır. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4.4 faiz artaraq 460 manata yüksəlmiş, 87 min yeni iş yeri açılmışdır. Bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir.
Doqquz ayda dövlət büdcəsinin mədaxili 12.1 milyard manat və ya proqnozun 99,6 faizi, xərcləri isə 11.7 milyard manat və ya proqnozun 74,3 faizi səviyyəsində olmuşdur. Daxilolmaların 68,4 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur.
Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11.8 milyard manat əsas kapitala investisiya yönəldilmişdir. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilmişdir.
Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir.
Bu ilin 8 ayında ölkənin xarici ticarəti müsbət saldo ilə yekunlaşmış, qeyri-neft ixracı 8.7 faiz artmışdır. İxrac imkanlarının artırılması məqsədilə Aktau şəhərində logistik mərkəzin inşası başa çatdırılmışdır.

Möhtərəm cənab Prezident! Sənayeləşmə siyasəti çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq, 9 ayda müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmışdır və dörd rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti "Azərtexnoline" şirkəti cari ildə dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalamışdır. Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun qurulması əsasən başa çatdırılmışdır və 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər davam etdirilir və gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə əlavə stimullaşdırıcı tədbirlər barədə təkliflər təqdim olunmuşdur. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilmişdir və hazırda dəyəri 404 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.

Cənab Prezident! Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sənədləşmə və layihələndirmə işləri başa çatdırılaraq tikinti işlərinə başlanılmış, artıq məhəllədə həyata keçirilməsi üçün sahibkarlar tərəfindən 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilmişdir. İlkin mərhələdə şirkətlər tərəfindən məhəllədə 7 layihə üzrə 15 milyon manatdan çox investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı planlaşdırılır.
Hesabat dövründə tikinti materialları, metalkonstruksiyalar, elektrotexniki avadanlıqlar, tekstil və digər sənaye məhsullarının istehsalı üzrə 200-dən çox müəssisə və obyekt istifadəyə verilmiş, bir sıra əsas tikinti materialları üzrə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşmışdır.

Möhtərəm cənab Prezident!
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmuşdur.
Tapşırığınıza uyğun olaraq, hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması əsasən başa çatmışdır və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaqdır. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.

Cənab Prezident!
Məhz Sizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə daim göstərdiyiniz diqqətin və şəxsi töhfənizin nəticəsidir ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm irəliləyişlərinə görə Siz 2015-ci il üzrə BMT-nin "Cənub-Cənub" mükafatı ilə təltif olunmusunuz.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 9 ay ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır. Hesabat dövründə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, qəsəbədaxili yolların salınması işləri davam etdirilir.
Eyni zamanda, hesabat dövründə 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 60-a yaxın sosial obyektdə işlər davam etdirilmişdir. Abşeron yarımadasında 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihələr hazırlanmış, Böyükşor gölünün ekoloji bərpasının birinci mərhələsi başa çatdırılmışdır. Zığ gölünün bərpası üzrə isə işlər həyata keçirilir.

Möhtərəm cənab Prezident!
"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanınıza və cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda verdiyiniz tapşırıqlara uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Cənab Prezident, cari ilin altı ayının yekunlarına həsr olunmuş iclasda dərman vasitələri bazarının tənzimlənməsi barədə verdiyiniz tapşırığın icrası olaraq, bir sıra qabaqcıl ölkələrin təcrübəsi əsasında təkmilləşdirilmiş metodologiya hazırlanmış və 2200-dək, yəni dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 25 faizdən çoxunun qiyməti təsdiq edilmişdir. Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə endirilmişdir.
Dərmanların üzərində qiymətlərin göstərilməsi, internet resurslarında və KİV-lərdə yerləşdirilməsi qiymət intizamına ictimai nəzarəti təmin etməklə yanaşı, vətəndaşa dərmanları bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan verir və süni qiymət artımının qarşısı alınır.
İslahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq, dövlət büdcəsinin xərcləri azalacaq, bu sahədə sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv davam etdirilir.
Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyiniz tapşırığın icrasını təmin etmək məqsədilə bütün beynəlxalq uçuşlar üzrə ekonom xidmət sinfinin tarifləri 2015-ci il avqustun 1-dən 20-30 faizədək aşağı salınmış, təyyarələrdə ən ucuz yerlərin sayı 30 faizədək artırılmış, tələbat çox olan istiqamətlər üzrə aşağı büdcəli reyslərin təşkilinə başlanılmışdır. Hazırda AZAL-ın fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə müvafiq işlər aparılır.
Möhtərəm cənab Prezident! Böyük sosial əhəmiyyət kəsb edən mənzil-kommunal təsərrüfatı sahəsində bazar iqtisadiyyatı prinsiplərinə uyğun islahatların aparılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni münasibətlərin təbliği, əhalinin mənzil idarəçiliyində yaxından iştirakı və digər tədbirlər davam etdirilir. Artıq Bakı şəhərində Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, mənzil mülkiyyətçilərinin cəmiyyətləri təsis olunur, onlardan 13-ü dövlət qeydiyyatına alınmışdır.
Ötən müddətdə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və əsassız qiymət artımının qarşısının alınması məqsədilə intensiv monitorinqlər aparılmış, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılması, istehlakçıların qiymətdə və çəkidə aldadılması halları aşkar edilərək, pozuntuya yol verən şəxslər haqqında qanuna müvafiq tədbirlər görülmüşdür.

Möhtərəm cənab Prezident! Bu gün dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi ulu öndər Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan və müasir çağırışlara cavab verən siyasətinizin alternativsiz olduğunu bir daha göstərir və sözsüz ki, bu siyasət qarşıdakı illərdə də ölkəmizin iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən qoruyacaq, onun davamlı inkişafını təmin edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

 

← Back