Speeches and İnterviews

  • Updated 23.10.2012 07:02
  • Created 20.09.2012 06:18

Azərbaycan yeni iqtisadi inkişaf mərhələsində

 

"Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq".

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Belə ki, dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. Qeyd etmək lazımdır ki, iqtisadi transformasiya prosesi adətən təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırmaq olar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri.

Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.

Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tə­nəz­zül meyli sə­na­ye­də xü­su­si­lə kəs­kin xa­rak­ter al­mış­, 1985-ci ilə nis­bə­tən sə­na­ye is­teh­sa­lı­nın həc­mi 1991-ci il­də 10%, 1992-ci il­də 37%, 1993-cü il­də isə 50%-ə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdır.

1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3% təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5%-ə çatmışdı.

Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1%-dən 1994-cü ildə 13%-ə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250%-ə çatmışdı. Əslində ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı isə 5,7 dəfə azalmışdı.

Yalnız Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkədir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100%-ə çatmışdır.

Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu.

Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prin­sip­­ləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradıl­ması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata inves­tisiyaların, o cümlədən xarici in­vesti­siya­la­rın cəlb edil­məsi, əhalinin həyat səviy­yəsinin və sosial vəziy­yə­tinin yaxşı­laş­dırılması təşkil etmişdir.

Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı.

Eyni zamanda, ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü.

Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı.

Qeyd olunanlarla bərabər, Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə investisiyaların qorunması üçün qanunvericilik bazası formalaşdırılmış, 40-a yaxın ölkə ilə ikitərəfli sazişlər imzalanmış, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı.

1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.

Bu baxımdan böyük potensiala malik aqrar sahənin dayanıqlı inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə ölkəmizdə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının və mineral gübrələrin 50 faiz güzəştlə satılması, toxum və tinglərə görə subsidiyaların ödənilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir etmişdir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlarla təmin edilməsi, damazlıq heyvandarlığın inkişaf etdirilməsi üçün lizinq xidmətləri göstərilmiş, 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilmişlər. Bu kimi digər səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində ilk dəfə olaraq 2009-cu ildə rekord miqdarda taxıl istehsal olunmuş və əsas ərzaq malları ilə əhalinin tələbatı yerli istehsal hesabına təmin edilmişdir ki, bu da ərzaq təhlükəsizliyində ciddi nailiyyətdir.

Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.

Ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") icra olunmuş, ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyası təmin edilmişdir. Ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı prioritet sahələrdən biri kimi müəyyən edilmişdir. Bu baxımdan, müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülmüşdür. 2012-ci ildə milli telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.

Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir. Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi üçün illik layihə gücü 50 mln. ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri istismara verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı çevik və ardıcıl siyasət Azərbaycanı Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq aləmdə əhəmiyyət kəsb edən neft və qaz tranziti ölkəsinə çevirmişdir.

Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında imzalanmış "Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında" Sazişə müvafiq olaraq Türkiyə və Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin inşası və yenidənqurulması işlərinin aparılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması və Qara dəniz və Xəzəryanı ölkələrinin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

Elektrik enerjisi istehsalının generasiya gücləri artırılmış, bu məqsədlə müasir tipli yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş və zəruri institusional tədbirlər həyata keçirilmişdir. Ümumilikdə, ölkənin elektroenergetika sisteminin ümumi generasiya gücü 6 min meqavatı üstələmiş, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmiş və Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, elektrik enerjisi, qaz, su, kanalizasiya və digər kommunal təsərrüfatı sektorlarının idarəetmə strukturunun bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, maliyyə intizamının gücləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində bir sıra əsaslı tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, əhalinin su ilə fasiləsiz təmin edilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi uğurla həyata keçirilir.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq, bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin gözəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. Təsadüfi deyildir ki, 2009-cu ildə sahibkarlara 130 milyon manat güzəştli kreditlər verilmiş, güzəştli kreditlərdən yararlanan iş adamlarının sayı 2100-ü ötmüşdür.

İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması və ixracın təşviqi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. AZPROMO tərəfindən rabitə və informasiya texnologiyaları, maliyyə, kənd təsərrüfatı, tikinti, mebel istehsalı, nəqliyyat, səhiyyə kimi sektorlar üzrə Azərbaycanda və xaricdə biznes forumlar təşkil edilmişdir. Fondun fəaliyyətinin genişləndirilməsi məqsədilə Tbilisi şəhərində AZPROMO-nun Gürcüstan nümayəndəliyi açılmışdır.

Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonaların yaradılmasının qanunvericilik bazası formalaşdırılmışdır.

Bütün bunlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir. Belə ki, 2004-2009-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artaraq, onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır.

Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 20 milyard ABŞ dollarını ötmüşdür ki, bu da ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir və 40 aylıq qeyri-neft idxalının maliyyələşdirilməsinə kifayət edir.

Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmişdir.

Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.

Xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir. Son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır.

Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Belə ki, 2009-cu ildə ÜDM-nin real artımı 9,3%, o cümlədən neft-qaz sektorunda 14,3% təşkil etmişdir. Bu dövrdə kənd təsərrüfatında 3,5%, rabitədə 13,1%, ticarətdə 9,9%, nəqliyyatda 9,3%-lik artıma nail olunmuşdur.

2009-cu ildə əhalinin banklardakı əmanətləri 23%, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17% artmışdır.

2009-cu ildə əvvəlki illə müqayisədə 12,5% çox pullu xidmətlər göstərilmiş, 8,9% çox istehlak malları satılmışdır. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7%, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 8,6% artmışdır.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır.

2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir.

Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyildir ki, bu günlərdə nüfuzlu "Standard and Poors" beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu "Stabildən" "Pozitivə" yüksəltmişdir.

Yuxarıda qeyd edilən böyük iqtisadi uğurlar ölkə iqtisadiyyatında keçid dövrünün başa çatdığını təsdiq edir.

Belə ki:

  • bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmışdır. Özəlləşdirmə haqqında qanun qəbul edilmiş, qiymətlər və xarici iqtisadi fəaliyyət liberallaşdırılmış, valyuta bazarı formalaşdırılmış, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradılmışdır. Qeyd olunan və digər sahələrdə qanunların qəbulu həm iqtisadiyyatın inkişafına, həm də keçid prosesinin sürətlənməsinə xidmət etdi;
  • iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olundu. Qeyd edək ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq, 2009-cu ildə ÜDM-nin 85%-dən çoxu, məşğul əhalinin isə 70%-i özəl sektorda cəmləşmişdir. Sənaye istehsalının 91%-i, tikintinin 67%-i, kənd təsərrüfatı istehsalının 99,8%-i, nəqliyyat xidmətlərinin 78%-i özəl bölmənin payına düşür;
  • dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi. İnstitusional islahatlar həyata keçirilməklə, qiymətlərin liberallaşdırılması və əsasən bazar tərəfindən tənzimlənməsi, vergilərin sayının və dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması özəl bölmənin fəaliyyəti üçün əlverişli imkanlar yaratdı. Nəticədə azad rəqabət təmin olundu və artıq Azərbaycan iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilmişdir;
  • bazar institutları formalaşdırıldı. Belə ki, ölkədə valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarları yaradılmış, bu gün də iqtisadi inkişafa yardım edirlər;
  • xarici iqtisadi fəaliyyət liberallaşdırıldı. Bu məqsədlə maliyyə və kapitalın azad hərəkəti təmin edildi, idxal rüsumlarının sayı və dərəcələri azaldıldı, ixrac rüsumları ləğv edildi, işçi qüvvəsinin sərbəst miqrasiyası təmin olundu, xarici iqtisadi fəaliyyət prosedurları sadələşdirildi, ölkənin idxal-ixrac əməliyyatları genişləndi və tədiyə balansının cari əməliyyat hesabında müsbət saldo yarandı.

 

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən, zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Dövlətimizin başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi: "Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır".

Təbii ki, keçid dövrünün başa çatması və sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması qarşıya yeni vəzifələr qoyur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarında, təsdiq etdiyi dövlət proqramlarında, çıxışlarında növbəti illər üçün ölkənin inkişafının strateji istiqamətləri müəyyənləşdirilmişdir:

  • Makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi əsas məqsədlərdəndir.
  • Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir.
  • Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.
  • Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcəkdir.

Heç şübhəsiz ki, yuxarıda qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasına ümumxalq referendum yolu ilə edilmiş dəyişiklik nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinin 2-ci bəndinə əsasən "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bu siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan verəcəkdir.

Əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli, praqmatik, düşünülmüş siyasəti, siyasi iradəsi, idarəçilik məharəti və ölkəmizin iqtisadi potensialı qarşıya qoyulmuş hədəflərə nail olunmasını təmin edəcəkdir.

 

"Azərbaycan" qəzeti 28.01.2010

 

← Back