Çıxışlar və müsahibələr

  • Yenilənib 14.11.2014 12:59
  • Yaradılıb 14.11.2014 12:59

Sahibkarlıq sahəsində aparılan yoxlamalar vahid qaydada həyata keçirilir

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətə uyğun, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, maarifləndirmə, qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsinin cəlb edilməsi, innovativ sahibkarlığın stimullaşdırılması, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
2008-2014-cü illərdə sahibkarlıq subyektlərinin qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqi, dövlət-sərhəd buraxılış məntəqələrində nəzarətin "bir pəncərə" prinsipi əsasında aparılması, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinin liberallaşdırılması, 450-dək xidmətin elektron qaydada göstərilməsi, sahibkarlıq subyektlərinin 1 gün ərzində elektron qeydiyyatı, sənaye və texnologiya parklarının, biznes inqubatorun yaradılması, yoxlamaların vahid məlumat reyestrinin fəaliyyəti, sahibkarlara güzəştli kreditlərin verilməsi, icazələrin elektron informasiya portalının yaradılması bu sahədə görülən genişmiqyaslı işlərin yalnız müəyyən bir hissəsidir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyillər statistik göstəricilərdə də qabarıq şəkildə özünü göstərir. Belə ki, son 10 ildə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi, məşğulluqda 73 faizi, vergi daxilolmalarında 72 faizi ötmüşdür. 2013-cü ildə qeydiyyata alınmış hüquqi şəxslərin sayında 8,9 faiz, fiziki şəxslərin sayında isə 5,2 faiz artım qeydə alınmışdır.
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş məqsədyönlü tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 148 ölkə arasında 38-ci yerdə qərarlaşmışdır. Bu göstəriciyə görə MDB ölkələri arasında 6-cı ildir ki, birincidir.
Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə davamlı inkişafın təmin edilməsi baxımından xüsusilə əhəmiyyətlidir. İndiyədək sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində bir çox qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 2 iyul tarixində qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.
10 fəsil və 38 maddədən ibarət olan bu qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Qanunda qeyd edilir ki, müəyyən olunmuş tələblərə uyğun olmayaraq aparılan, eləcə də vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda yoxlamaların məqsəd və prinsipləri aydın şəkildə müəyyən olunub. Belə ki, yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsidir. Qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü, yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması, eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması Qanunun əsas prinsipləri sırasındadır.
Qanunda yoxlayıcı orqanların siyahısının müəyyənləşdirilməsi və təsdiq edilməsi nəzərdə tutulur ki, bu, icra hakimiyyəti orqanları tərəfindən yoxlama funksiyalarının təkbaşına müəyyən edilməsinin və yoxlayıcı orqanlar tərəfindən bir-birinin səlahiyyətlərini təkrarlayan yoxlamaların aparılmasının qarşısını almaq məqsədi daşıyır.
Qanunda ilk dəfə olaraq yoxlayıcı orqanın sahibkarlara məsləhət xidmətləri göstərməsi, yoxlamaların risk qiymətləndirilməsi prinsipi əsasında təyin edilməsi, yoxlamaların elektron uçotu və yoxlamalar həyata keçirilərkən yoxlama suallarının siyahısının tətbiqi nəzərdə tutulur. Belə ki, Qanunda sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) öz əksini tapıb ki, sahibkarlıq subyektlərində yoxlamalar məhz həmin bölgüyə uyğun olaraq həyata keçirilir. Yüksək risk qrupuna aid sahibkarlara münasibətdə yoxlamalar ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid olanlarda iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlıq subyektlərində isə üç ildə bir dəfədən çox olmayaraq aparılır. Yoxlayıcı orqan apardığı yoxlamalara dair (aparılmış yoxlamaların sayı, xüsusiyyəti, yoxlamaların nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər və görülmüş məsuliyyət tədbirləri) və sahibkarların öz nəzarət sahəsi üzrə risk qrupuna aid edilməsi barədə məlumatların elektron uçotunu aparır. Yoxlamaların elektron uçotuna daxil edilən məlumatlar hər bir yoxlayıcı orqanın əhatə etdiyi nəzarət sahəsi üzrə risk qiymətləndirilməsi sisteminin yaradılması, təkmilləşdirilməsi, sahibkarlıq sahəsində dövlət nəzarətinin və sahibkarlara məsləhət xidmətlərinin göstərilməsi işinin daha səmərəli təşkili məqsədi ilə tətbiq edilir.
Qanuna əsasən, hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilməlidir. Bu isə sahibkarın əvvəlcədən ondan nələr tələb olunduğunu bilməsinə imkan verəcək. Qanunda, həmçinin, sahibkarlar üçün onları maraqlandıran suallara cavab almaq imkanı nəzərdə tutulur. Belə ki, yeni qanuna əsasən, hər bir yoxlayıcı orqanda "qaynar telefon xətti" müəyyən edilməlidir. Digər tərəfdən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanun sahibkarların yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etməsinə imkan yaradır. Qanunda bu maddənin öz əksini tapması bir növ sahibkara yardım xarakteri daşıyır və sahibkarı gələcək qanun pozuntularından sığortalayır.
Qanunda yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Qeyd edək ki, qanunda plandankənar yoxlamaların əsasları konkretləşdirilib və bu, yoxlamaların sayının azaldılmasına xidmət edir. Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib. Yeni qanuna görə, plandankənar yoxlamalar yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə bilər.
Yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədi ilə Qanunda yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi və yoxlayıcı orqanın müvafiq məlumatlar göstərilməklə ildə bir dəfə hesabat verməsi müəyyən edilib.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qüvvəyə minməsi ilə bağlı dövlət başçısının 28 avqust 2013-cü il tarixində imzaladığı Fərmanla isə Qanunun səmərəli və işlək tətbiqi mexanizminin formalaşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyinə konkret tapşırıqlar verilmişdir. Ölkə başçısının tapşırığına uyğun, Nazirliyin yoxlama apardığı nəzarət sahələrinin, yoxlama suallarının siyahısı, məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzinin ödənilməsi qaydalarının, risk qruplarının, iri, orta və kiçik sahibkar meyarlarının müəyyənləşdirilməsi layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Bundan başqa, Qanundan irəli gələn məsələlərin sahibkarlara izah edilməsi məqsədilə müvafiq maarifləndirici tədbirlər həyata keçirilmiş və bu tədbirlər hazırda da davam etdirilir.
Beləliklə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanun sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti tədbirlərinin keyfiyyətinin və səmərəliliyinin daha da yüksəldilməsi, sahibkarlıq sahəsində yoxlamaların hüquqi tənzimlənməsinin güclənməsi, sahibkarların maraqlarının müdafiəsinin daha effektiv təmin olunması ilə yanaşı, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verməkdədir.


Zaur Qasımov,
İqtisadiyyat və Sənaye Nazirliyinin
Sahibkarlığın inkişafı siyasəti
şöbəsinin müdiri.

 

← Geriyə