ÜTT və Azərbaycan

  • Yaradılıb 01.10.2012 12:05
  • Yenilənib 29.08.2018 15:06
  • Nəşr edilib 01.10.2012 12:05

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) haqqında

ÜTT 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 164 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.

 

Funksiyaları

- ÜTT-nin funksiyaları qurumun hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi,

-üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi,

-üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi,

-digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi,

-üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi,

-beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanılması, öyrənilməsi və təqdim olunmasıdır.

 

Strukturu

Nazirlər Konfransı ÜTT-nin ali orqanı hesab olunur. Bütün üzv ölkələrin təmsil olunduğu Nazirlər Konfransı Uruqvay Raundu Sazişləri ilə bağlı yaranan problemlərin müzakirəsi və prinsipial məsələlər üzrə qərarların qəbul edilməsi üçün ən azı iki ildə bir dəfə çağırılır.

Katiblik ÜTT-nin icraçı orqanı hesab olunur. Katibliyə Nazirlər Konfransı tərəfindən təyin edilən Baş Direktor rəhbərlik edir. 2013-cü ilin sentyabr ayından Katibliyə Roberto Ajevedo (Braziliya) rəhbərlik edir. Katiblik Cenevrədə yerləşir. Katibliyin əsas vəzifəsi müxtəlif şuralara, komitələrə, inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərmək və dünya ticarətinin təhlilini həyata keçirməkdir.

Bundan başqa, ÜTT-də Baş Şura, Əmtəələrlə ticarət üzrə Şura, Xidmətlərlə ticarət üzrə Şura və Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Şura fəaliyyət göstərir.

ÜTT sazişləri bütün üzvlər arasında müzakirə edilir, konsensus yolu ilə qəbul olunur və bütün ölkələrin parlamentlərində təsdiq olunmalıdır.

 

Azərbaycan və ÜTT

Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmişdir. Azərbaycanın ÜTT-yə üzv olma prosesinin sürətləndirilməsində ən vacib məsələlərdən biri olan çoxtərəfli danışıqlar davam etdirilir. 16 iyul 1997-ci ildə Azərbaycan üzrə ÜTT katibliyində yaradılmış İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunmuşdur. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl olaraq keçirilir. 2008-ci ildə ilk dəfə olaraq bir il ərzində İşçi Qrupunun 2 iclası keçirilmişdir. Belə ki, 2008-ci ilin 6 may və 11 dekabr tarixlərində Cenevrədə İşçi Qrupunun 5-ci və 6-cı iclasları təşkil olunmuşdur. 5-ci iclasın sonunda Azərbaycan üzrə ilk ümumiləşdirici sənədin - Faktlar İcmalının - hazırlanmasına dair qərar qəbul edilmişdir. Sənəd ÜTT Katibliyi tərəfindən hazırlanaraq Azərbaycan tərəfinə təqdim olunmuşdur. Sənədə dair aidiyyəti qurumlar tərəfindən rəy və təkliflər bildirilmişdir. Sənədin növbəti variantı Danışıqlar Qrupunun üzvlərinə rəy bildirilməsi üçün paylanılmış və İşçi Qrupun 10-cu iclasında yenidən müzakirə edilmişdir. 2012-ci ildə Cenevrədə İşçi Qrupun 2 iclası keçirilmişdir: 24 fevral tarixində 9-cu iclas və 7 dekabr tarixində 10-cu iclas. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı sonuncu, 14-cü iclas 28 iyul 2017-ci il tarixdə Cenevrə şəhərində keçirilmişdir. İclasda baş danışıqçı, xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı Dövlət Proqramları, 2020-ci ilədək icrası nəzərdə tutulan Strateji Yol Xəritələri haqqında üzv ölkələrə məlumat verdi. O qeyd etdi ki, hazırda ticarətin asanlaşdırılması, logistika və ticarət infrastrukturunun inkişafı ölkə üçün prioritet məsələdir. İclasda İşçi Qrupun 13-cü iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilmişdir. Həmçinin üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrup Hesabat Layihəsinin bölmələri üzrə suallar verilmiş və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılmışdır.

İclasdan sonra ABŞ, Aİ və Türkiyə tərəfindən Azərbaycana suallar təqdim olunmuş və hazırda aidiyyəti dövlət qurumları tərəfindən cavablandırma prosesindədir.

 

İkitərəfli danışıqlar

Azərbaycan Respublikası ÜTT-yə üzv olma prosesində 21 dövlət ilə (ABŞ, Avropa İttifaqı, Kanada, Yaponiya, Norveç, Rusiya Federasiyası, Braziliya, Cənubi Koreya, Ekvador, Çinin Tayvan əyaləti, Şri-Lanka, Hindistan, İsveçrə, Honduras, İndoneziya, Malayziya, Dominikan Respublikası, Səudiyyə Ərəbistanı, Çin, Paraqvay, Vyetnam) ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışa dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür.

İkitərəfli danışıqlar nəticəsində ilk protokol 2007-ci ildə Türkiyə ilə, növbəti protokollar isə 2008-ci ildə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə, 2010-cu ildə Gürcüstanla imzalanmışdır. Sonuncu ikitərəfli protokol isə 30 mart 2012-ci il tarixində Qırğız Respublikası ilə imzalanmışdır. Beləliklə, Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində ikitərəfli danışıqların başa çatdırılması haqqında imzaladığı protokolların sayı 5-ə çatmışdır. Qeyd etmək lazımdır ki, imzalanmış protokollarda Azərbaycanın maraqları tam təmin edilmişdir. İkitərəfli müraciətlər əsasında mütəmadi olaraq mallar və xidmətlər sahəsində təhlillər aparılır.

Sonuncu dəfə ikitərəfli danışıqlar 24-28 iyul 2017-ci il tarixlərində Avropa İttifaqı, ABŞ, İsveçrə, Yaponiya, Hindistan, Rusiya Federasiyası və Tayland ilə mallar və xidmətlər üzrə keçirilmişdir. Danışıqlar zamanı Azərbaycanın üzv ölkələrə təqdim etdiyi son təkliflər müzakirə edilmişdir.

Danışıqlardan sonra ABŞ, Aİ, İsveçrə, Tailand, Ekvador, Rusiya Federasiyası tərəfindən mallar və xidmətlər üzrə müraciətlər daxil olmuş və hazırda aidiyyəti qurumlarla birgə baxılmaqdadır.

 

Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması

Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər Planı"nda 39 normativ-hüquqi sənəd nəzərdə tutulmuşdur.Onlardan, "Bitki karantini haqqında" və "Bitki mühafizəsi haqqında" qanunlar qüvvədən düşmüş, digər 37 qanundan 18 normativ-hüquqi sənəd qəbul edilmişdir. Hazırda 10 sənədin layihəsi hazırlanıb və aidiyyəti orqanlarla razılaşdırılıb, o cümlədən "Texniki tənzimləmə haqqında" Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuşdur. Bundan başqa 10 layihənin hazırlanması nəzərdə tutulur.

 

Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiyanın fəaliyyəti

ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli 175s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.03.2017-ci il tarixli, 187s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın yeni tərkibi təsdiq edilmişdir.. Komissiyanın tərkibi aidiyyəti nazirliklərinin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarətdir. Komissiyanın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevdir. Komissiya sədrinin müavinləri - xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və ədliyyə nazirinin müavini Toğrul Musayevdir. Bu günədək Komissiyanın 11 iclası keçirilmişdir. Sonuncu iclas 2010-cu ilin 5 fevral tarixində keçirilmişdir.

 

Cəmiyyətin maarifləndirilməsi

ÜTT-yə üzvlük prosesi ilə bağlı cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsinin vacib olduğunu nəzərə alaraq, bu istiqamətdə müəyyən işlər görülmüşdür. İqtisadiyyat Nazirliyinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ÜTT-yə həsr olunmuş dəyirmi masalar təşkil olunmuş, ABŞ-ın texniki yardım layihəsi ilə birgə ÜTT-yə üzv olma Nəşrlər Seriyası çərçivəsində ÜTT haqqında altı broşür çap olunaraq universitetlər, kitabxanalar, iş adamları və qeyri-hökumət təşkilatlarına paylanmışdır. www.wto.az saytı yaradılmış və ən zəruri məlumatların mütəmadi olaraq həmin saytda yerləşdirilməsi təmin edilmişdir. GATS sorğu mərkəzi yaradılmışdır və buna aid qanunvericilik bazası wto.az saytında təqdim olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində TBT (Ticarətdə Texniki Maneələr) üzrə Sorğu Mərkəzi yaradılmışdır.

2012-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda Ticarət və Rəqabətlilik Proqramı çərçivəsində beynəlxalq ekspert tərəfindən Telekommunikasiya sahəsində (Xidmətlərdə İstinad Sənədinin-Reference Paper Azərbaycan qanunvericiliyinə uyğunluğu ilə bağlı) araşdırmalar aparılıb, hazırda müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə tövsiyələr hazırlanır. Eyni zamanda, Kənd təsərrüfatında daxili dəstək üzrə cədvəllərin (ACC/4) texniki cəhətdən ÜTT tələblərinə uyğunlaşdırılması məqsədilə beynəlxalq ekspert tərəfindən müvafiq araşdırmalar aparılmışdır.

Layihə çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən birlikdə regionlarda sahibkarlar üçün seminarlar təşkil olunur. Belə ki, 2011-ci ilin 17 iyun tarixində Şəkidə və 8 iyul tarixində Lerikdə sahibkarlar üçün seminarlar keçirilmişdir. Bu seminarların təşkili 2012-ci ildə də davam etdirilmişdir. Belə ki, 2012-ci ilin 18 may tarixində Qəbələdə, 25 may tarixində Masallıda, 28 iyun tarixində Qaxda yerli sahibkarların iştirakı ilə seminarlar keçirilmişdir."Azərbaycan və ÜTT" mövzusunda 2007-ci ildə gənc tədqiqatçılar, 2008-ci ildə isə jurnalistlər arasında müsabiqələr keçirilmişdir.

← Geriyə