Sahibkarlığa dəstək

  • Yenilənib 30.12.2021 10:49
  • Yaradılıb 20.04.2015 11:47

Sahibkarlıq subyektləri üçün elektron xidmətlərin təşkili

 

Müasir çağırışlara uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə “www.economy.gov.az”, “www.lisenziya.gov.az” və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.

Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir.

  • Lisenziyalar və icazələr

İstifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziyaların və lisenziya əlavələrinin alınması və yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər. 13 may 2020-ci il tarixindən portalın 2-ci versiyası istifadəyə verilmişdir. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyalaşdırılan fəaliyyət növünə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda, seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

“Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

  • Güzəştli kreditlərin verilməsi

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs (Sahibkarlığın İnkişafı Fondu) tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir.

Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından “Asan imza” vasitəsilə “Elektron kredit platforması”na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti “Elektron kredit platforması”nda “Şəxsi kabinet”inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

Belə ki, dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200 000 manatdan artıq) üzrə isə 10 iş günü ərzində baxılır. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə imtina verilərsə, səbəb kimi qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra sahibkarın həmin və ya digər müvəkkil bank vasitəsi ilə yenidən müraciət etmək hüququ vardır.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin kreditlərin əldə olunmasında çeviklik və şəffaflığa, sahibkarlar üçün bərabər şərait təmininə, sağlam rəqabət mühiti formalaşdırılmasına və sahibkarların kreditlərə çıxış imkanların genişləndirilməsinə zəmin yaradır, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Pandemiyadan zərər çəkmiş sahələr üzrə biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən yeni veriləcək 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir. Həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən subsidiyalaşdırılır. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir, güzəşt müddəti isə 12 aya qədərdir.

  • KOB-ların dəstəklənməsi

Gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsalolunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu(xidməti) iləeyniliktəşkiletməyən məhsul(xidmət)istehsalıüçüntəqdimedilən “Startap” şəhadətnaməsinin verilməsiAzərbaycanRespublikasınınKiçikvəOrtaBiznesinİnkişafıAgentliyitərəfindən həyata keçirilir.

  • KOB evləri üçün “KOB növbə” mobil tətbiqi 

20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətlərinin vahid məkanda göstərildiyi KOB evləri hazırda Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir.

KOB evlərində göstərilən xidmətlərdən yararlanmaq istəyən sahibkarlar “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər. “KOB növbə” tətbiqi sahibkarların KOB evlərində əlavə vaxt itkisinin qarşısını almaqla onların vaxtlarına qənaət etməsinə imkan verir.

2021-ci ilin yanvar-sentyabr aylarında KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən 29500-ə yaxın sahibkar istifadə etmişdir. KOB evlərində göstərilmiş xidmətlərin 27031-i G2B, 2412-si isə B2B xidmətlərdir. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

  • KOB İnkişaf Mərkəzləri

Mikro, kiçik və orta biznes subyektlərinin “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq təlim, seminar, treninq və digər tədbirlər təşkil edilir. KOB-ların bilik və innovasiyalara çıxış imkanlarının təmin edilməsi məqsədinə çatmaq üçün KOBİA-nın sahibkarlarla təmas platformasından biri də KOB İnkişaf Mərkəzləri (KOBİM) mexanizmidir. KOBİA-nın strukturuna daxil olan 20-yə yaxın KOB İnkişaf Mərkəzinin fəaliyyətini özündə birləşdirən və Azərbaycanın ilk onlayn biznes təlim platformasına çevrilən www.kobim.az saytı istifadəyə verilmişdir. Platforma üçün 500-dən artıq müxtəlif mövzuları əhatə edən video kontent hazırlanmaqdadır.

  • Video təlim platforması

Sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə əsasında KOBİA tərəfindən www.kobim.az  video təlim platforması yaradılmışdır. Platformada biznesə başlama, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilmişdir.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində KOBİM-lər tərəfindən əyani və onlayn formatda olmaqla 1077 təlim keçirilmişdir ki, bu təlimlərdən 14500-dən çox KOB subyekti, biznesə başlamaq istəyən şəxslər və startaplar yararlanmışdır. Bu dövrdə 1200-dən çox sahibkarlıq subyektinə məsləhət xidməti göstərilib. Müxtəlif bölgələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərən və bu istiqamətdə məsləhət xidməti və təlimlərə ehtiyacı olan potensial sahibkarlar, o cümlədən qadınlar, biznes ideyası olan gənclər və ailə biznesini qurmaq istəyənlər, eləcə də bizneslərini inkişaf etdirmək istəyən şəxslər www.kobim.az saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq video təlimlərdən yararlana, qazandıqları bilikləri özünüqiymətləndirmə testləri vasitəsilə yoxlaya bilərlər.

KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılmışdır.

  • Onlayn ticarət portalı

Mikro, kiçik və orta biznes subyektlərinin məhsul və xidmətlərinin vahid platforma vasitəsilə tanıdılması və onlayn satışının həyata keçirilməsi üçün “e-commerce” konsepsiyası əsasında “www.kobmarket.az” platforması istifadəyə verilmişdir. Portal əsasən mikro və kiçik biznesin inkişafına dəstək olmaq, KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılmışdır.

Portalda onlayn mağaza açmaq üçün sadə qeydiyyat prosesi mövcuddur ki, bu da sahibkarlara qısa müddət ərzində onlayn mağaza açaraq məhsullarını yerləşdirməklə, satış imkanlarını genişləndirməyə imkan verir. Sahibkar portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı da yaradılmışdır.

www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.

Artıq qeydiyyatdan keçmiş sahibkarlar tərəfindən 90-dan çox onlayn mağaza yaradılmış və 1500-ə yaxın məhsul yerləşdirilmişdir.

Sözügedən portalda sahibkar və müştəri məmnuniyyəti əsas prinsip kimi nəzərə alınaraq müasir elektron həllərin tətbiqi istiqamətində yeniliklərin əlavə edilməsi, platforma üzərindən satışın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı işlər aparılır.

  • Daşınmaz əmlak

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli 606 nömrəli Fərmanına əsasən daşınmaz əmlaka dair çıxarışların yalnız elektron qaydada verilməsinə başlanmışdır. Bununla da mülkiyyətə dair çıxarışların kağız formada verilməsi prosesi tamamilə aradan qaldırılmışdır.

Çıxarışların elektron şəkildə verilməsinin əsas məqsədi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və optimallığı artırmaqdır. Çıxarışların elektron imzalanma prosesinin təmin edilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə elektron imza servislərinin əlaqəli inteqrasiyası həyata keçirilmişdir. “Elektron çıxarışın əldə edilməsi” elektron xidmətinin yeni funksionallığı təkmilləşdirilmiş, elektron çıxarışın alınması zamanı müraciətçilərə elektron poçt ilə bildiriş və SMS göndərilməsi imkanları təmin edilmiş, “Elektron çıxarışın yoxlanılması” elektron xidməti optimallaşdırılmışdır. İstifadəçilərin elektron çıxarış məlumatlarını daha rahat yoxlamaq imkanlarını artırmaq məqsədi ilə elektron çıxarışlara QR kod əlavə edilmişdir.

Eyni zamanda elektron çıxarış sistemi öz növbəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı riskləri aradan qaldırır, kağız çıxarışın başqa şəxslər tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

Həmçinin daşınmaz əmlak sahəsində bir sıra digər innovativ yeniliklərin həyata keçrilməsi nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində bu sahədə olan bir çox çətinliklərin aradan qalxmasına səbəb olacaqdır:

  • Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün təqdim edilən bir sıra sənədlərin (Eskiz layihə, İstismara qəbul aktı və.s) elektron dövriyyəyə əlavə edilməsi zamanı yarana biləcək vaxt itkisinin qarşısını almaq məqsədi ilə həmin sənədlərin elektron variantının aidiyyəti qurum tərəfindən əlçatanlığını təmin edən elektron bazanın yaradılması;
  • Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edən şəxsin mobil nömrəsini elektron ərizəyə daxil edən zaman həmin şəxsə “ərizə nömrəsi” və “müraciət üzrə icraatın başlanması” barədə SMS bildirişin göndərilməsi;
  • Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edən şəxsin təqdim etdiyi sənədlərin həqiqiliyinin, həmin sənədlərin üzərində olan QR kodlar vasitəsi ilə yoxlanıla bilməsi və onların elektron variantının müvafiq proqram təminatına əlavə edilməsinin asanlaşdırılması məqsədilə sənədlərin qəbulu prosesində “QR-kod” skanerlərin tətbiqi.

Torpaqların səmərəli istifadəsinə nəzarət məqsədilə hazırlanmış Torpaq Səthinin Monitorinqi Sisteminin (TSMS) işi təkmilləşdirilmişdir. Yer səthindəki obyektlərdə dəyişiklikləri və bitki örtüyünün təsnifatını avtomatik olaraq müəyyən edən sistemə yeni və daha dəqiq məlumatlar daxil edilərək maşın öyrənmə alqoritmi təkmilləşdirilmiş, sistemin dəqiqliyi artırılmışdır. Məlumatların keyfiyyətinin artırılması üçün Analitik qrup yaradılmışdır.

Respublika üzrə torpaqların aparılmış elektron uçotunun nəticələri ilə bağlı məlumatların hər bir ərazi üzrə istifadəçilərə həm ödənişsiz, həm də ödənişli əsaslarla təqdim olunması məqsədi ilə “Kadastr portalı”nın yaradılması ilə bağlı işlər davam etdirilməkdədir.

Həmçinin dövlətmüəssisəvətəşkilatlarıtərəfindəntəqdimedilən“Daşınmazdövlətəmlakınınqeydiyyatvərəqəsi”ninelektronqaydadaqəbuledilməsitəminedilmişvəbuməqsədlə İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi ilə birlikdə hazırlanmışsisteme-emdk.gov.az internetportalınayerləşdirilmişdir.

  • Elektron hərrac sistemi

“Elektron hərrac” hərracların elektron formada keçirilməsi üçün hazırlanmış veb əsaslı vahid platformaya malik informasiya sistemidir. Elektron hərrac proqramı hərracların təşkili üzrə 8 elektron xidmətin bu platformadan təqdim edilməsini təmin etməkdədir. Eyni zamanda proqramın “Hərracı onlayn izlə” bölməsindən daxil olaraq keçirilən hər bir hərracın gedişinin izlənilməsi üçün müvafiq imkanlar yaradılmışdır.

  • Vergi

Vergi Məcəlləsinə əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmişdir. ƏDV-nin geri qaytarılması prosesi “edvgerial.az” portalı vasitəsilə həyata keçirilir. Portala daxil edilən ƏDV məbləği elektron kabinet yaradılan zaman aktiv olan virtual “pul qabı”na yerləşdirilir. Həmin vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirməklə yanaşı ölkədaxili bank kartlarına köçürmələr də etməkmümkündür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı”nın nəticələrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2020-ci ildə praktiki tətbiqinə başladığı “ƏDV-ni geri al” layihəsi “İlin innovasiya layihəsi” nominasiyasında müsabiqənin qalibi seçilmişdir..

Ümumlikdə, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 9 882 mindən çox müraciət qeydə alınmışdır ki, onların 91,6%-i (9 052 mindən çox) elektron xidmətlərin payına düşür.

← Geriyə