Çıxışlar və müsahibələr

  • Yenilənib 05.09.2013 10:51
  • Yaradılıb 19.09.2012 14:58
Azərbaycanın sosial-iqtisadi inkişafında daha bir uğurlu il

 

«Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır».

İlham ƏLİYEV

 

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yolu keçmiş, qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş etdirdiyi artım tempilə nəinki regionda, həm də dünya coğrafiyasında aparıcı dövlətlərdən birinə çevrilmişdir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın bu sahədə qazandığı müvəffəqiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edəcək uğurlu vəhdətinin yaradılması olmuşdur. Möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatı ötən 2010-cu ildə də dinamik inkişafını davam etdirmişdir.

 

Aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.

Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı əldə edilən nailiyyətlər Azərbaycanın inkişaf modelinin böyük müvəffəqiyyətlər üzərində kökləndiyini, uğurlu yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirir. Bütün bunlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən zamanın tələbləri ilə uzlaşdırılmaqla yeni çalarlarla zənginləşdirilən, ölkəmizi dünya miqyasında liderlər səviyyəsinə yüksəldən inkişaf strategiyasının uğurlu icrasının real mənzərəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət ötən illərdə olduğu kimi, 2010-cu ilin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu yekununu təmin etmişdir. Bunun dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda baş verdiyi nəzərə alınarsa, Azərbaycanın inkişaf modelinin nə qədər dayanıqlı və səmərəli olduğu bir daha aydın olar. Ötən ilin yekunları göstərir ki, Azərbaycan makroiqtisadi sabitlik şəraitində yenə də yüksək iqtisadi artıma nail olmuş, xalqın rifahının yaxşılaşması prosesi davam etmişdir.

2010-cu il ərzində əsas makroiqtisadi göstəricilər sırasında yer alan ümumi daxili məhsul (ÜDM) 5 faiz artaraq 41,6 milyard manat təşkil etmişdir. Bu dövrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi 3,7 faiz artaraq 4653,3 manata (və ya 5797,8 ABŞ dollarına) çatmışdır. Hesablamalara əsasən, keçən il dünya iqtisadiyyatında orta artım 4,8 faiz, MDB dövlətlərində isə 4,3 faiz təşkil etmişdir.

Ötən il dünyanın bir sıra ölkələrində tənəzzül prosesinin davam etməsi fonunda Azərbaycan iqtisadiyyatında qeyd olunan artım böyük uğur kimi qiymətləndirilir.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi və daimi diqqəti altında həyata keçirilən şaxələndirmə tədbirləri, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı 2010-cu ildə də davam etmiş və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,9 faiz təşkil etmişdir. 2010-cu ildə qeyri-neft sənayesində 6,2 faizlik, rabitədə 29,7 faizlik, nəqliyyatda yük daşınmasında 3,1 faizlik artıma nail olunmuşdur. Ötən il kimya sahəsində 16,2 faiz, maşın və avadanlıqların istehsalında 1,9 dəfə, metallurgiyada 44,6 faiz, qida məhsullarının istehsalında 2,4 faiz artım qeydə alınmışdır.

2010-cu ildə Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faizə yaxın artaraq 29,1 milyard ABŞ dollarını ötmüşdür ki, bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir.

Artıq beynəlxalq miqyasda keyfiyyətcə yeni bir statusda qəbul olunan Azərbaycan sıçrayışlı inkişaf nəticəsində aşağı gəlirli ölkələr sırasından orta gəlirli ölkələr sırasına yüksəlmişdir.

Ölkəmizdə mövcud əlverişli investisiya mühiti daxili və xarici sərmayələrin cəlb edilməsi baxımından mühüm rol oynayır. 2010-cu ilin yekunlarına əsasən, investisiyaların həcmi 12.4 milyard manat və ya 15.5 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da 2009-cu illə müqayisədə 19,2 faiz artım deməkdir. İnvestisiyaların 7.5 milyard manatı və ya 9.3 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşmüşdür. 2010-cu ildə əsas kapitala 9.7 milyard manat və ya 12.1 milyard ABŞ dolları yönəldilmişdir ki, bu da 21.2 faiz artımın olduğundan xəbər verir. Əsas kapitala yönəldilmiş investisiyaların 75,2 faizini daxili, 24,8 faizini isə xarici investisiyalar təşkil etmişdir.

Dövlət İnvestisiya Proqramı çərçivəsində isə 2010-cu il ərzində ölkə iqtisadiyyatına 4,2 milyard manat ayrılmış, ölkəmizdə dinamik iqtisadi inkişafı təmin edən zəruri infrastruktur yaradılmışdır. Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi fonunda infrastrukturun yenilənməsi və yenilərinin yaradılması prosesinə də daim xüsusi diqqət yetirilir. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, ümumi inkişafa, sosial rifaha, əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edən layihələrin icrası məqsədilə Azərbaycanın yetərli resursları mövcuddur. Bunun üçün ölkəmiz nə xarici maliyyə, nə də texniki yardımlara ehtiyac duyur. Ötən ilin dekabr ayının 28-də istifadəyə verilmiş Azərbaycanda ən böyük infrastruktur layihələrdən biri olan və yalnız ölkəmizin öz imkanları hesabına gerçəkləşdirilən Oğuz-Qəbələ-Bakı su kəməri də bunun real təsdiqidir. Digər iri infrastruktur layihələrinə misal olaraq Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri, yol qovşaqları, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət tullantılarının yandırılması zavodu, turizm infrastrukturu (Qusar), Şəmkir çay dəryaçası, Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası (Şirvan), Biləv (Ordubad) SES-i göstərmək olar.

Ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilmiş, avtomobil magistrallarının yenidənqurulması davam etdirilmiş, dəmir yolu nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul olunmuşdur. Transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir. Artan iqtisadi imkanlar kontekstində ötən il nəqliyyat sektorunda icrasına başlanan iri infrastruktur layihələri sırasında inşasına start verilən Beynəlxalq Dəniz Ticarət Limanı xüsusi qeyd olunmalıdır. Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində reallaşdırılan layihə çərçivəsində avtomobil və dəmiryolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və s. inşa olunacaqdır.

Bütün bunlar yeni limanın Azərbaycanın tranzit potensialının artırılmasına böyük töhfələr verəcəyini və ölkəmizin Xəzərdə iqtisadi mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxaracağını aydın şəkildə nümayiş etdirir.

Qlobal enerji təhlükəsizliyinin təminatında xüsusi önəm kəsb edən Azərbaycanın neft-qaz sektorunda keçən il bütün proqnozlar yerinə yetirilmiş, 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Bununla yanaşı, 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən «Ümid» yatağında yalnız ölkəmizin öz maliyyə imkanları və mütəxəssisləri hesabına aparılmış kəşfiyyat işləri nəticəsində böyük qaz ehtiyatı aşkar olunmuşdur ki, bununla da Azərbaycanın qaz potensialına əlavə həcm daxil edilmiş, təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,2 trilyon kubmetrə çatmışdır.

Ölkəmizin enerji ehtiyatlarını uğurla reallaşdırması beynəlxalq miqyasda da açıq etiraf olunur, təqdir edilir. Bunu dünyanın nüfuzlu qurumlarından olan Beynəlxalq Enerji Agentliyinin «World Energy Outlook 2010» illik hesabatından da aydın görmək mümkündür. Agentlik ekspertləri qarşıdakı dövr ərzində Azərbaycanın enerji ehtiyatlarından səmərəli istifadə baxımından Xəzərdəki qonşularından irəlidə olacağını proqnozlaşdırırlar.

2010-cu ildə sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər ölkənin sənaye potensialını genişləndirmiş və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaratmışdır. 2010-cu ildə bu sahədə istifadəyə verilmiş müəssisələrə misal olaraq Sumqayıtda elektron cihazlar, yüksək gərginlikli elektrik avadanlıqları, Naxçıvanda avtomobil, Hökməli qəsəbəsində ağac emalı, Lənkəranda konserv, Masazırda duz, Salyanda "Plastik Kütlə Emalı" ASC, Lənkəranda «Gilan Tea» çay fabrikini, "Azərsun Holdinq"in konserv zavodlarını, ölkənin müxtəlif regionlarındakı quşçuluq təsərrüfatlarını, süd emalı zavodlarını, qida müəssisələrini göstərmək olar. Bununla yanaşı, bir çox müəssisənin tikintisi davam etdirilir. Qazax Sement Zavodu, Qazobeton blokların istehsalı (Abşeron rayonu), Bentonit gili istehsalı (Qazax), kərpic zavodu (Neftçala), yağ və marqarin istehsalı zavodu (Sumqayıt), ət məhsulları istehsal kompleksi (Abşeron), konserv zavodları ("Lənkəran", "Qafqaz", "SAF" və s.), metaləritmə zavodu (Sumqayıt), Gəncədə illik istehsal gücü 100 min ton olan alüminium zavodu, Bakıda bərk məişət tullantılarının yandırılması zavodu, Gəmiqayırma zavodu və s. bu qəbildəndir.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmişdir. Ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin etmiş, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilmişdir. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların və güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiqi davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şəbəkəsi genişləndirilmişdir. Aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin inkişafına əlverişli zəmin yaratmışdır. 2010-cu ildə kənd təsərrüfatında heyvandarlıq məhsulları 6.1 faiz, pambıq istehsalı 17 faiz, tütün istehsalı 24,3 faiz, şəkər çuğunduru istehsalı 33.6 faiz, yaşıl çay yarpağı 22 faiz, meyvə və giləmeyvə 1,5 faiz, bostan məhsulları 5,5 faiz artmışdır. Ötən il regionlarda 13 taxıl, 1 yem, 1 heyvandarlıq, 15 meyvə-tərəvəz, 3 quşçuluq, 4 emal müəssisəsi, 2 istixana, 15 soyuducu anbar kompleksi, 13 taxıl anbarı, eləcə də intensiv bağçılıq, toxumçuluq, tingçilik müəssisələri istifadəyə verilmişdir. 4 taxıl, 10 meyvə-tərəvəz soyuducu anbar kompleksinin, 4 heyvandarlıq kompleksinin (ümumi 4650 baş, Salyan, Ağdaş, Ağcabədi, Ağdam), quşçuluq müəssisələri (9 ədəd, 60 milyon damazlıq yumurta, 15 min ton ət, Abşeron, Xızı, İsmayıllı, Salyan, Cəlilabad), kənd təsərrüfatı məhsullarının emalı (13 layihə, Tovuz, Biləsuvar, Kürdəmir, Abşeron, İsmayıllı, Xaçmaz, Quba, Daşkəsən, İmişli, Göyçay, Lənkəran, Şabran), istixanalar (7 ədəd - Abşeron, Xaçmaz, Şəmkir, Sumqayıt), qablaşdırma müəssisələri (5 ədəd - Xaçmaz, Salyan, Abşeron), intensiv bağçılıq və tingçilik (3 - Abşeron, Qusar, Şamaxı), 2 emal müəssisəsinin (Lənkəran, Qazax) tikintisi isə davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına Prezident İlham Əliyevin göstərdiyi diqqət, regionlara mütəmadi səfərləri, müvafiq tapşırıqları, il ərzində 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimində iştirakı, regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumilikdə isə, Fond tərəfindən hamısı regionlarda olmaqla, 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir.

Regionlarda sahibkarlığa dövlət dəstəyi tədbirləri davam etdirilmiş, sahibkarlarım maarifləndirlməsi, güzəştli şərtlərlə xarici bazarlara çıxış imkanları, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bütün iqtisadi rayonlar əhatə olunmaqla 200-dən çox tədbir keçirilmişdir.

Prezident İlham Əliyevin ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi siyasətinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə idxal-ixrac prosedurları sadələşdirilmiş, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmişdir.

Xarici investisiyaların cəlb olunması və qeyri-neft ixracının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir. Ötən il Özbəkistanda Azərbaycanın ilk milli sərgisi keçirilmiş, ölkəmizin nailiyyətləri və potensial imkanları nümayiş etdirilmişdir. Beynəlxalq sərgilərdə - Berlində «Beynəlxalq Yaşıl Həftə 2010», Fransanın Leql şəhərində 53-cü ənənəvi yarmarkada Azərbaycan sahibkarları uğurla iştirak etmişlər. Hazırda xarici ölkələrdə ticarət evlərinin yaradılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə işlər davam etdirilir.

Beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq davam etdirilmiş və bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısında 55 ölkədən minə yaxın nümayəndə iştirak etmişdir.

2010-cu ildə 147 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,1 faiz artaraq 27,9 milyard dollar təşkil etmiş, 14,7 milyard dollar müsbət saldo yaranmışdır. Enerji daşıyıcıları və neft məhsulları istisna olmaqla ixracda 17.8 faizlik artım qeydə alınmışdır. Bu zaman 2186 adda mal ixrac edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 5,6 faiz çoxdur. Ölkəmizin ixrac bazarlarının davamlı olaraq genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması və ölkəmizin Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması ixrac potensialından daha səmərəli istifadəyə zəmin yaratmışdır.

Ölkəmizdə sosialyönümlü bazar iqtisadiyyatının formalaşması ötən il ərzində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmışdır. Ümumiyyətlə, son 7 ildə ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial sferada da davam etdirilən islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafını təmin etmişdir.

Bu kontekstdə əvvəlki illərdə olduğu kimi, Azərbaycan 2010-cu ildə də sosial sahədə mühüm nailiyyətlər qazanmışdır. Hesablamalar göstərir ki, ötən il əhalinin pul gəlirləri 13,3 faiz artdığı halda, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, beləliklə gəlirlər qiymət artımını üstələmişdir. Orta aylıq əmək haqqı 9.1 faiz artaraq 325 manata çatmış, minimum əmək haqqı və əmək pensiyalarının baza hissəsi 13 faiz artırılaraq 85 manat səviyyəsində müəyyən olunmuş, yoxsulluq səviyyəsi 9,1 faizə enmişdir. Bununla yanaşı, yaşayış minimumunun həddi 87 manata çatdırılmış, ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği isə 65 manata qaldırılmış və hazırda bu, 110 mindən çox ailəyə şamil edilir.

Ötən il ərzində 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmiş, 5 Olimpiya-İdman Mərkəzi inşa olunmuşdur. 2010-cu ildə 70 min yeni iş yeri açılmışdır ki, bunun da 53 mini daimidir. Ümumilikdə isə, 2004-cü ilin fevral ayından 2010-cu ilin sonuna qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılmasında əsas amil kimi çıxış edir.

Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir. Cəmiyyətdə xeyirxahlıq və humanistlik simvoluna çevrilmiş Heydər Əliyev Fondu 2010-cu ildə də bu sahədə mühüm fəaliyyətini böyük uğurla davam etdirmişdir.

2010-cu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin qarşısının alınması, əhaliyə böyük diqqət və qayğı göstərilməsi sosial sferanın Azərbaycan Respublikasının Prezidenti üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Dövlət başçısının birbaşa göstərişləri və nəzarəti altında çox qısa müddət ərzində, əhaliyə dəymiş böyük ziyan dövlət hesabına aradan qaldırıldı.

Bunlar bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam məhz xalqın sosial rifahının ilbəil yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.

Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların müvafiq hesabatlarında da yüksək qiymətləndirilmişdir.

Təqdimatı ötən ilin noyabrında Bakıda keçirilən BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatının təminatı ildən-ilə yaxşılaşır. Bunun nəticəsidir ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. Hesabata əsasən, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan «orta insan inkişafı» qrupunu tərk edərək, yüksək insan inkişafı ölkələri kateqoriyasına daxil edilmişdir.

Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması, mühafizəkar borclanma siyasəti beynəlxalq kredit reytinq agentliklərinin ölkəmiz barədə proqnoz və qiymətləndirmələrinin daha yüksək göstəricilərlə ifadə olunmasına səbəb olmuş, ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşıda yeni vəzifələr qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı iqtisadi inkişafın dayanıqlığını və dinamikliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən konkret prioritetlər müəyyənləşdirilmişdir. Bunlar makroiqtisadi sabitliyin qorunub saxlanılması, inflyasiyanın birrəqəmli səviyyədə olması, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin daha da yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişaf etdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, Dövlət Neft Fondundan transferlərin yalnız investisiya yönümlü layihələrə yönəldilməsi, infrastukturun inkişafı, kənd təsərrüfatının inkişafının stimullaşdırılması (heyvandarlıq və quşçuluğun inkişafı, iri taxılçılıq müəssisələrinin yaradılması, subsidiyaların davam etdirilməsi), yeni ixrac bazarlarının müəyyən edilməsi, "2011-ci ilin Turizm ili" elan olunması, "insan kapitalı"nın inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji sektorunun və informasiya-kommunikasiya texnologiyaları sahəsinin (kosmik sənaye) inkişafıdır.

Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, sosial yönümlü siyasətin davamlılığının təmin edilməsi də əsas hədəflərdəndir.

Dövlət başçısı iclasda qazanılmış uğurlarla yanaşı, qeyd etmişdir ki, biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməli, bürokratik əngəllər aradan qaldırılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti bu istiqamətdə inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, əssasız yoxlamalara son qoyulması, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılmasını aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir.

Artıq dövlət qurumları tərəfindən dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrin icrası ilə bağlı ciddi tədbirlər həyata keçirilir.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rasional, qətiyyətli, praqmatik, düşünülmüş siyasəti Azərbaycanın sosial-iqtisadi tərəqqisində əldə olunmuş nailiyyətlərin davamlılığı üçün qarşıya qoyulmuş məqsədlərə nail olmağı təmin edəcəkdir. Dövlət başçısının "əsil siyasət konkret, real iş görməkdən ibarətdir" prinsipi 2011-ci və qarşıdakı illərdə də Azərbaycanın böyük uğurlara imza atacağına tam əminlik yaradır.

 

Şahin Mustafayev
Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
 

← Geriyə