Çıxışlar və müsahibələr

  • Yenilənib 25.11.2014 12:57
  • Yaradılıb 25.11.2014 12:53

Güzəştli maliyyələşmə sahibkarlığın inkişafına təkan verir

 

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir, ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verir. Müsahibimiz Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevdir.

- Şirzad müəllim, rəhbərlik etdiyiniz fondun investisiya layihələri iqtisadiyyatın hansı sahələrini əhatə edir?

- Fond sahibkarlığın inkişafına güzəştli kreditlərlə maliyyə təminatı yaradaraq sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə qurulmasında və iş adamlarının güzəştli kredit almaq imkanlarının genişləndirilməsində yaxından iştirak edir. Dövlətin güzəştli kreditləri ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının və regionların investisiya cəlbediciliyinin artırılması, əsas qida məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə aqrar-sənaye kompleksi və digər sənaye sahələrində, eləcə də kiçik sahibkarlığın inkişafı istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına indiyədək 24000-dək sahibkara 1,5 milyard manat güzəştli kredit verilmiş, bu kreditlər hesabına 126 mindən çox yeni iş yerinin yaradılması mümkün olmuşdur. Güzəştli kreditlərin 67,3%-i aqrar sektorun, 32,7%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir.
Fond tərəfindən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan ümumi dəyəri 1,9 milyard manat olan 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 894,6 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrdən 253-nün icrası başa çatdırılmış, digər 79 müəssisəyə aid tikinti-quraşdırma işləri davam etdirilir. Müasir texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatı və qida sənayesi sahəsində müasir istehsal və infrastruktur kompleksləri yaradılmış, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünütəminetmə səviyyəsi yüksəlmiş, ixracın həcmi artmış və bəzi məhsulların məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.
Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, son illər fond tərəfindən 119 sənaye müəssisəsinin maliyyələşdirilməsinə 382,6 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 88-i istifadəyə verilmiş, digər 31 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.
Sahibkarların maarifləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə fond tərəfindən regionlarda və Bakı şəhərinin qəsəbələrində mütəmadi olaraq işgüzar forumlar keçirilir. Forumlar çərçivəsində respublikanın bütün şəhər və rayonları əhatə olunmaqla iqtisadi potensial təhlil olunur, prioritet istiqamətlər müəyyənləşdirilir, beynəlxalq təcrübə öyrənilir, prioritet sahələr üzrə nümunəvi investisiya layihələri hazırlanaraq sahibkarlara təqdim olunur.

- Sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi necə işləyir?

- «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları»na əsasən, güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkarlara müraciətin qeydiyyata alınmasını təsdiq edən sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları onlar üçün müəyyən edilmiş limit çərçivəsində 10 bank günündən gec olmayaraq öz biznes maraqları və fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir. Müsbət qiymətləndirilən layihələrə dair məlumatlar və sənədlər fonda təqdim olunur. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir. Fond 10 bank günü müddətində güzəştli qaydada maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekpertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin ilkin monitorinqini keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə fonda sifariş göndərilir. Fond 3 bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait həmin təşkilatın müxbir hesabına daxil olduqdan sonra 2 bank günü ərzində sahibkarlıq subyektinin hesabına köçürülür və bu barədə fonda və sahibkarlıq subyektinə məlumat verilir.
Qanunvericiliyə uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu yalnız müvəkkil kredit təşkilatlarının müsbət qiymətləndirdiyi layihələri ekspertizadan keçirə və maliyyələşdirə bilər.
Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatları arasında investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarların müraciətlərinin qeydə alınması və idarə edilməsi prosesinin avtomatlaşdırılmasına dair «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» yaradılmışdır. Sahibkarlar tələb olunan məlumatları daxil etdikdən və sənədləri sistemə yüklədikdən sonra elektron müraciət seçilmiş müvəkkil kredit təşkilatına göndərilir və sistem sahibkara bu barədə bildiriş təqdim edir. Müvəkkil kredit təşkilatında investisiya layihəsinin qiymətləndirilməsi ilə əlaqədar bütün proseslər elektron sistem vasitəsi ilə yerinə yetirilir və müsbət qiymətləndirilmiş layihələrin maliyyələşdirməsi məqsədi ilə elektron formada Sahibkarlığa Kömək Milli Fonduna göndərilir. İnvestisiya layihələri Sahibkarlığa Kömək Milli Fondunda elektron sistemdə qeydiyyata alınır, layihə ekspertiza edildikdən sonra maliyyələşdirilməsinə qərar verildiyi halda tələb olunan kredit vəsaiti müvəkkil kredit təşkilatının elektron sifarişi əsasında onun bank hesabına köçürülür. Müvəkkil kredit təşkilatı tərəfindən isə həmin vəsaitin sahibkarın hesabına köçürülməsi təmin olunur.

- Sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin tənzimlənməsi istiqamətində hansı işlər görülür?

- Sahibkarlığa Kömək Milli Fondu dövlətin güzəştli kreditlərinin sahibkarlıq subyektlərinə çatdırılması üçün 47 müvəkkil kredit təşkilatı, o cümlədən 30 bank, 2 bank olmayan kredit təşkilatı və 15 kredit ittifaqı ilə əməkdaşlıq edir.
Fond 2014-cü ilin əvvəlindən regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri sahibkar-müvəkkil kredit təşkilatı müstəvisində keçirməyə başlamışdır. Bu işgüzar forumların əsas mahiyyəti güzəştli kreditlərin verilməsi mexanizminin izah olunması, regionlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan sahələr üzrə nümunəvi layihələrin sahibkarlara təqdim edilməsi, onlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi üzrə qarşılıqlı dialoq əsasında işgüzar münasibətlərin yaradılması, eləcə də potensial sahibkarların üzə çıxarılması və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsidir.

- Ümumilikdə, sahibkarlıq subyekt¬lərinin maliyyələşməsini rəqəmlərlə necə səciyyələndirmək mümkündür?

- 2014-cü ilin 9 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 4218 sahibkarlıq subyektinə 237,3 milyon manat həcmində güzəştli dövlət kreditləri verilmiş və bu kreditlər hesabına 9427 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Güzəştli kreditlərin 83,7%-i aqrar sektorun, 16,3%-i müxtəlif sənaye və digər sahələrin inkişafı məqsədilə verilmişdir. Verilmiş kreditlərin 78%-i respublikanın regionlarının, 22%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Əsasən, əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün, əlil, gənc və qadın sahibkarların, eləcə də az¬təminatlı ailələrin kiçik həcmli kreditlərdən maksimum bəhrələnərək özlərinə biznes imkanları yaratmaları daim diqqət mərkəzində saxlanılır. 198 məcburi köçkün sahibkara 6,7 mln. manat, 498 qadın sahibkara 7,3 mln. manat və 879 gənc sahibkara 34,3 mln. manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına müvafiq olaraq 398, 994 və 1736 yeni iş yerinin açılmasına imkan yaranmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 19,6% artmışdır.
2014-cü ilin 9 ayı ərzində kiçik həcmli 4132 layihəyə 49.1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7172 yeni iş yerinin yaradılması təmin olunacaqdır. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə kiçik həcmli layihələrin sayı 19,7%, məbləği isə 17,3% artmışdır. Bu kreditlər hesabına yeni yaradılan iş yerlərinin sayı da 17,3% artmışdır.
Bu ilin 9 ayında aqrar sektorun inkişafı ilə bağlı 4067 layihəyə 198,6 milyon manat güzəştli dövlət kreditləri verilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayının 20,3%, məbləğinin isə 26% artması deməkdir.
Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi çərçivəsində 56 layihə maliyyələşdirilmişdir.
Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.
Bundan əlavə, müasir texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələrinin reallaşdırılması regionlarda məşğulluğun təmin edilməsinə, regionların investisiya cəlbediciliyinin artırılmasına, digər sahələrin inkişafının stimullaşdırılmasına, eləcə də iqtisadiyyatın strukturunun şaxələndirilməsinə şərait yaradır.

 

← Geriyə