Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 07:04
  • Yaradılıb 19.09.2012 07:39

Qeyri-neft sektorunun inkişafına verilən güzəştli kreditlərin həcmi artır

 

Ölkədə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən biri də sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, bu sahədə səmərəli mexanizmlərin tətbiqidir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qəzetimizə müsahibəsində 2012-ci ilin ötən dövründə bu sahədə aparılan tədbirlər barədə geniş məlumat vermişdir.

 

- Şirzad müəllim, Sahibkarlığa Kömək Milli Fondu 2012-ci ilin müvafiq dövründə sahibkarlıq subyektlərinə nə qədər güzəştli kredit ayırmışdır?

- İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2012-ci ilin ötən dövrü ərzində müvəkkil kredit təşkilatları tərəfindən 1780-dən çox sahibkara 157 mln. manata yaxın güzəştli kredit verilmişdir. Güzəştli kredit vəsaitlərinin 74%-i aqrar sahənin inkişafına (87%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 13%-i aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinə (taxıl anbarları və soyuducu anbar kompleksləri) yönəldilmişdir. Verilmiş kreditlər hesabına 6900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Fond son illər respublika iqtisadiyyatının qeyri-neft sektoru üçün xüsusilə önəmli olan 226 investisiya layihəsinin reallaşdırılması məqsədilə 439 milyon manatadək güzəştli kredit vermişdir. Bu layihələrdən 142-si (27 soyuducu anbar, 17 taxıl anbarı, 14 quşçuluq təsərrüfatı, 2 cins iribuynuzlu heyvandarlıq kompleksi, 13 istixana kompleksi, 5 üzümçülük və 9 bağçılıq təsərrüfatı, 7 meyvə-tərəvəz emalı müəssisəsi, 6 süd emalı müəssisəsi, 4 ət emalı (kəsim fabriki) müəssisəsi, 6 çörək istehsalı müəssisəsi, 8 tikinti materialları istehsalı müəssisəsi, 3 mebel fabriki, 4 turizm kompleksi, 6 digər emal və sənaye məhsulları istehsalı müəssisəsi və s.) istifadəyə verilmişdir. 2012-ci ilin sonunadək daha 84 layihənin həyata keçirilməsi gözlənilir.

2009-cu ildə dövlət başçısının meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması üçün müasir soyuducu anbar və taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün müasir anbar komplekslərinin yaradılması ilə bağlı verdiyi göstərişə uyğun olaraq, respublikanın müxtəlif regionlarında bu istiqamətdə tikinti-quraşdırma işlərinə start verilmişdir. Bunun nəticəsidir ki, dövlətin güzəştli kreditləri hesabına tutumu 126.2 min ton olan 38 müasir soyuducu anbar kompleksinin yaradılması maliyyələşdirilmişdir. Artıq tutumu 87.6 min ton olan 27 soyuducu anbar istifadəyə verilmiş, digərlərinin isə bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir.

Ümumiyyətlə, ilin sonunadək sahibkarlara 200 mln. manat güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.

 

- Fond il ərzində hansı regionlarda tədbirlər təşkil etmişdir və bu tədbirlərin iqtisadi səmərəsi barədə nə deyə bilərsiniz?

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən mütəmadi olaraq regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi məqsədilə tədbirlər keçirilir. Həmin tədbirlərdə sahibkarlara güzəştli kreditlər verilir, maarifləndirici treninqlər təşkil olunur, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilir. Sahibkarlara prioritet istiqamətlərə uyğun nümunəvi layihələr təqdim olunur, həmçinin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılır. Həmin tədbirlər kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilir ki, bu da qurumun fəaliyyətində şəffaflığın təmin edilməsində əhəmiyyətlidir.

İlin əvvəlindən regionlarda keçirilən tədbirlərin formatında da dəyişiklik edilərək, həmin tədbirlərin kənd yerlərində təşkilinə başlanılmışdır. Tədbirlərin kəndlərdə keçirilməsində məqsəd fermerlərin güzəştli kreditlərə olan ehtiyacına daha çevik münasibət göstərmək, fermerlərlə müvəkkil kredit təşkilatlarının işgüzar münasibətlərinin genişləndirilməsinə nail olmaq, hər bir kəndin mövcud potensialını yaxından öyrənmək, həmin yerin potensialına, tələbatına uyğun sahələri müəyyənləşdirməkdir. Belə layihələrin dəyəri 100% dövlətin güzəştli kreditləri hesabına maliyyələşəcəkdir. Yəni sahibkarın layihəni həyata keçirmək üçün ilkin kapitalı olmasa belə, əgər layihə iqtisadi cəhətdən tam əsaslandırılıbsa, layihə tam olaraq dövlətin güzəştli kreditləri hesabına maliyyələşəcəkdir.

Kiçik sahibkarlığın, o cümlədən xırda ailə təsərrüfatlarının, gənc sahibkarların, güzəştli kreditə ehtiyacı olan digər aztəminatlı şəxslərin layihələrinin maliyyələşdirilməsi Fondun əsas prioritetlərindəndir. Bu məqsədlə regionlarda və Bakıətrafı qəsəbələrdə keçirilən tədbirlər xüsusilə kiçik sahibkarlıqla məşğul olanların iqtisadi aktivliyinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərir.

Fond regionlarda və Bakı qəsəbələrində keçirilən «Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbirləri çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və qadın əməyinə daha çox ehtiyac duyulan digər sahələrdə nümunəvi investisiya layihələri hazırlayır və onlara təqdim edir. 2002-2012-ci illərdə Fond tərəfindən qadınların 1580-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 35 milyon manatdan çox güzəştli kredit verilmişdir.

Ümumiyyətlə, güzəştli kreditlərin minimal həddinin endirilməsi, müddətinin isə artırılması əhalinin yuxarıda qeyd olunan hissəsinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsini daha da sürətləndirəcəkdir. 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən «Sahibkarlığın inkişafına dövlət dəstəyi»nə dair regionlarda 16 və Bakı qəsəbələrində 7 olmaqla 23 tədbir keçirilmişdir. Bu cür tədbirlərin keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

 

- Alınmış kreditlərin mahiyyəti üzrə xərclənməsinə nəzarət necə təmin edilir?

- Fondun vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər aparır. Eyni zamanda, «Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları»na və Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqaviləyə əsasən, verilmiş güzəştli kreditlər üzrə yaranmış öhdəliklərin vaxtında yerinə yetirilməsinə gündəlik nəzarət edilir. Nəzarət-uçot proqramı vasitəsilə hesablanmış və Sahibkarlığa Kömək Milli Fonduna ödənilməli olan kredit və faiz məbləğlərinin müvəkkil kredit təşkilatları ilə dəqiqləşdirilməsi aparılır və onların vaxtında ödənilməsini təmin etmək üçün müvəkkil kredit təşkilatları ilə müntəzəm əlaqə saxlanılır.

Verilmiş güzəştli kreditlərin dövriyyəsi ilə bağlı göstəricilər və vəsaitlərin müvəkkil kredit təşkilatlarının, eləcə də sahibkarlıq subyektlərinin hesabına daxil edilməsinə nəzarət etmək məqsədilə müvəkkil kredit təşkilatlarından müvafiq sənədlər və ödənilmiş vəsaitlərin sahibkarlıq subyektləri üzrə rəsmi siyahısı Fonda təqdim edilir, təhlil olunur və məlumat bazasına daxil edilir. Başqa sözlə, güzəştli kreditlərlə bağlı məlumatların qeydiyyatının və kredit vəsaitlərinin dövriyyəsinə nəzarətin daha səmərəli təşkil edilməsi və müvafiq məlumatların daha çevik əldə olunmasına şərait yaradılması məqsədi ilə «Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin dövriyyəsinə nəzarət Proqramı» adlı yeni proqram təminatı yaradılmışdır və uğurla fəaliyyət göstərir.

 

- 2012-ci ilin müvafiq dövründə geri qaytarılan kreditlərin məbləği nə qədər olmuşdur?

- 1 sentyabr 2012-ci il tarixə verilmiş güzəştli kreditlər üzrə 84.6 mln. manat vəsait geri qaytarılmışdır ki, bunun da 81.7 mln. manatı vaxtı çatmış əsas kredit borcları üzrə olan vəsaitlərdir. Fondun vəsaitləri hesabına 2008-2012-ci illərdə verilmiş güzəştli kreditlər üzrə qaytarılan vəsaitlər hesabına 2008-ci ildə 15 milyon manat, 2009-cu ildə 56 milyon manat, 2010-cu ildə 71 milyon manat, 2011-ci ildə 104 milyon manat sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ildə bu göstəricinin 110 milyon manat olacağı proqnozlaşdırılır.

http://vergiler.az/art-view/708/

 

← Geriyə