Xəbərlər

  • Yenilənib 10.07.2021 01:36
  • Yaradılıb 08.07.2021 14:00

Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda monitorinqlər davam edir

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib.

Bu tədbirlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları müntəzəm monitorinqlərə başlayıblar. Monitorinq qrupları Bakı şəhərində və respublikanın digər regionlarında şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydaların pozulması hallarının qarşısını alır.

İyulun 6 və 7-də aparılmış monitorinqlər zamanı şənlik təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, şənlik mərasimlərində iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb. Şənlik mərasimlərinn keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib və onlar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.

Monitorinq qrupu tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub, müvafiq qaydalar şənlik mərasimindən öncə bir daha toy və tədbirin keçirildiyi məkan sahiblərinin diqqətinə çatdırılıb.

← Geriyə