Sahibkarlığa dəstək

  • Yenilənib 19.08.2020 18:05
  • Yaradılıb 17.04.2015 11:43

Sənaye məhəllələri

 

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını genişləndirmək məqsədilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır. Bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş və onun ölkədə tətbiqi imkanları araşdırılmışdır. Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

Fərmanla müəyyən olunmuşdur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Bu istiqamətdə Azərbaycan İnvestisiya Şirkətinin başlıca vəzifələrindən biri sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturun və biznes şəraitinin yaradılması və sənaye məhəllələrinin sənayeləşmə siyasətinin əsas vasitələrindən birinə çevrilməsindən ibarətdir. Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir. Sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli qərarı ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

- “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi;

- güzəştli kreditlərin verilməsi;

- inzibati prosedurların sadələşdirilməsi;

-sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

       Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə 10 hektar torpaq sahəsində yaradılmış və 2017-ci il 24 sentyabr tarixində açılışı edilmiş Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə iştirakçı kimi qeydiyyatdan keçmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən yaradılmış Masallı Sənaye Məhəlləsinin tikinti işləri başa çatdırılmışdır. Burada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilmişdir.

Eyni zamanda, Sənaye Məhəlləsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə əlaqədar olaraq onlara dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsi, hüquqlarının müdafiəsini həyata keçirəcək  ilk regional KOB Dostu xidməti fəaliyyətə başlamışdır. 2018-ci il 18 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı olmuşdur. Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilmiş sənaye məhəlləsində 7 müəssisə iştirakçı kimi qeydiyyata alınmış, bunlardan 5 müəssisə fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri başa çatdırılıb. Hazırda 10 müəssisə iştirakçı kimi qeydiyyatdan keçmiş və bunlardan 4 müəssisə artıq fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə Sabirabad Sənaye Məhəlləsi yaradılmış və 2017-ci il 28 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təməli qoyulmuşdur. Sənaye məhəlləsində 6 müəssisə iştirakçı kimi qeydiyyatdan keçmiş, 1 müəssisə fəaliyyətə başlamışdır.

Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli 831 nömrəli Fərmanına əsasən Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Hazırda Sənaye Məhəlləsində tikinti işləri aparılır.

← Geriyə