Xəbərlər

  • Yenilənib 06.09.2021 09:58
  • Yaradılıb 02.09.2021 17:25

Sahibkarlar Yevlax Pilot Aqroparkında fəaliyyət göstərməyə dəvət olunur

 

İqtisadiyyat Nazirliyi kənd təsərrüfatı istehsalı və emalı ilə məşğul olmaq istəyən sahibkarları “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" pilot layihəsi çərçivəsində Yevlaxda yaradılması nəzərdə tutulan aqroparkda fəaliyyət göstərməyə dəvət edir.

Müasir infrastrukturla təmin olunacaq aqroparkda sahibkarlar öz biznesini qura və ya fəaliyyətini genişləndirə bilərlər.

Aqroparkın ərazisində emal sahələrinin, bina və qurğuların, texnika parkının, müxtəlif təyinatlı anbarların və s. inşası nəzərdə tutulur. Aqroparkın ərazisində torpaq sahələri 20 hektaradək hissələrə bölünməklə müasir suvarma sistemi ilə təmin ediləcək və sahibkarların istifadəsinə veriləcəkdir. Aqropark ərazisində bitkiçilik məhsullarının (bağçılıq, toxumçuluq üçün dənli bitkilər, tingçilik, istixana şəraitində tərəvəz bitkiləri və s.) əkini üçün sahələr yaradılacaq. Aqroparkın sənaye zonasında emal müəssisələri yaratmaq niyyətində olan sahibkarlara üstünlük veriləcək.

Əlavə məlumatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə elektron poçt ünvanı (office@scip.az) və (+994 12) 488 80 65 (daxili 166 və 169) telefonlarla almaq olar.

← Geriyə