Çıxışlar və müsahibələr

  • Yenilənib 02.05.2016 18:41
  • Yaradılıb 02.05.2016 18:41

Hörmətli konfrans iştirakçıları!
İlk növbədə sizi böyük məmnuniyyətlə salamlayır, "Sahibkarlar Günü" münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Sahibkarlar Günü"-nün təsis olunması sözsüz ki, ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın inkişafına cənab Prezident tərəfindən göstərilən diqqət və qayğının növbəti bariz nümunəsidir.
Hörmətli konfrans iştirakçıları!
Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır.
"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Ulu Öndərimiz digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul etmiş, onun rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülmüşdür.
2002-ci il sahibkarlığın inkişafı sahəsində Ümummilli Liderimiz Heydər Əliyevin yerli və xarici iş adamları ilə keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Bu görüşlərin nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq Dövlət Proqramı qəbul edilmiş, bir sıra mühüm Fərmanlar imzalanmış, bununla da ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin təməli qoyulmuşdur.
Yerli sahibkarlarla keçirilmiş həmin görüşün əhəmiyyətini nəzərə alaraq, cənab Prezident "Sahibkarlar Günü"-nün məhz aprel ayının 25-də qeyd edilməsini qərara almışdır.
Hörmətli konfrans iştirakçıları!
Ulu öndərimizin inkişaf strategiyasının Prezidenti İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.
Aparılan islahatlar çərçivəsində cənab Prezidentin "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir.
Səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların və sərgilərin təşkili və digər tədbirlər sayəsində ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda isə 74%-i ötmüş, iqtisadiyyatın şaxələndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi kimi strateji məsələlərdə bu sektor həlledici rola malik olmuşdur.
Belə bir faktı diqqətinizə çatdırmaq istərdim ki, son 10 ildə sahibkarlıq subyektlərinin ümumi sayı təxminən 4 dəfə artaraq 700 minə (698310) yaxınlaşmışdır.
Əlverişli biznes mühitin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsi olaraq beynəlxalq səviyyədə ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan biri olan "Doing Business 2016" hesabatında Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 63-cü pilləyə yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur.
Həmçinin "Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qorumuş, "G-20" yə üzv olan 8 ölkəni qabaqlamışdır.

Hörmətli konfrans iştirakçıları!
Regional və qlobal səviyyədə davam edən mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan cənab Prezidentin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilən qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olmuşdur.
Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 01 noyabr 2015-ci il tarixindən 2 il müddətinə dayandırılmışdır. Qanunun tətbiqindən sonra 5 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 44 yoxlama, o cümlədən 2016-ci ilin I rübü ərzində sahibkarlıq subyektlərində cəmi 34 yoxlama keçirilmişdir. Müqayisə üçün bildirirəm ki, ötən ilin I rübündə 19381 yoxlama keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.
Ölkə başçısının müvafiq Fərmanlarına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Bununla yanaşı ötən ilin noyabr ayından dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır.
Eyni zamanda cari ilin 20 aprel tarixində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən "Lisenziyalar və icazələr haqqında" Qanun qəbul edilmişdir ki, həmin Qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-ə endirilmişdir. Bundan başqa, bu Qanunda "Lisenziyalar və icazələr" portalının yaradılması, dövlət orqanları tərəfindən lisenziya və icazə məsələləri üzrə sahibkara qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, "bir pəncərə" prinsipinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir.
Qanunun qəbul olunması lisenziya və icazə tələb olunan fəaliyyət növlərinin, lisenziya və icazə şərtlərinin dəqiq müəyyən edilməsinə, lisenziya və icazələrin verilməsi sahəsində şəffaflığın daha da artırılmasına, onların alınması ilə bağlı sahibkarların sərf etdikləri xərclərin və vaxtın əhəmiyyətli dərəcədə azalmasına və ümumilikdə ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.
Hazırda "Lisenziyalar və icazələr" portalının yaradılması üçün zəruri işlər davam etdirilir. Portalın fəaliyyətə başlaması nəticəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi tamamilə elektron qaydada həyata keçiriləcək, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsi təmin ediləcəkdir.
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. Cari ilin aprel ayının 20-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası", investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və layihənin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda nəzərdə tutulmuş güzəştləri əldə etməyə əsas verir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilmişdir. Bu islahat tədbiri qeyri neft sektoruna investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla bərabər, sahibkarlığın da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına əsasən ixracın təşviqi o cümlədən geri ödəmə dəstəyinin verilməsi, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi, eləcə də yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi və ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində işlər aparılır. Məhsullarımızın yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün Aktau şəhərində logistika mərkəzi artıq sahibkarların istifadəsinə verilmişdir. Növbəti mərkəzin Yekaterinburq şəhərində inşası nəzərdə tutulur.
Bununla yanaşı, ixrac-idxal əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması ilə işlər görülür.
Bu tədbirlər qeyri-neft ixracının artmasına, xarici ticarətin coğrafiyasının genişlənməsinə, yeni bazarlara çıxmağa təkan verəcəkdir.
Aparılan islahatlar çərçivəsində şəffaf və ədalətli dövlət satınalmalarının təmin edilməsi, həmçinin "Dövlət satınalmaları haqqında" Qanununda cari ilin yanvar ayında edilmiş dəyişikliyə əsasən yerli şirkətlərə 20 faizlik güzəştin tətbiqi də sahibkarlığın inkişafına müsbət təsir edəcəkdir.
Dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi müvafiq sahələrdə sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaradır.
Hörmətli konfrans iştirakçıları!
Yekunda bir daha hamınızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, konfransın işinə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

 

← Geriyə